Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verib. Hərbi parad İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilir.
Məlumatda bildirilir ki, paradın keçirilməsindən məqsəd İranın hərbi sahədə gücünün nümayiş etdirilməsdir. Parad paytaxt Tehranla yanaşı həmçinin İranın bütün şəhərlərində təşkil olunur.
Qeyd olunur ki, parad Tehranda İslam İnqilabının banizi ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunur. Paradı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, yüksək hərbi və mülki rəsmiləri və Tehranda olan xarici nümayəndəliklərin hərbi ateşeləri izləyir.
Paradda İranın hərbi sahədə əldə etdiyi son texnologiyalar nümayiş olunur.
Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.
İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədənəvvəlki vəziyyətdə qalıb.