Haşdi Şabi Təşkilatınin Suriya qanadının ilk bəyanatı isə PYD və PKK-ya qarşı vuracaqlarınıelan etməsi olub.
“AranNews” xəbər verir ki, ilk baxışdan Türkiyə tərəfindən verilən bəyanata bənzəyən bu təhdid dolu açıqlama təməlləri İraqda atılan Haşdi-Şabi tərəfindən səsləndirilib.
Haşdi Şabi Suriyada da təşkilatlanmaq barədə qərar verib. Təşkilatın Suriya qanadının ilk bəyanatı isə PYD və PKK-ya qarşı vuracaqlarınıelan etməsi olub.
Mətbuat açıqlamasında Haşdi Şabi kürd separatçılarına qarşı döyüşmək niyyətlərinin səbəbinə də aydınlıq gətirib. Açıqlamaya görə, PYD ərəb və assuri xalqına qarşı böyük təzyiqlərə və qalıcı demoqratik dəyişikliklərə əl atır. PYD-nin federal muxtariyyət elan etməsinə qarşı olduqlarını bildirən Haşdi-Şabi kürd separatçı təşkilatlarını dəstəkləyənlərin də hədəfə alınacağı bildirib.
Təşkilat bu mövqeyinin məntiqi davam olaraq PYD-yə yaxınlıq göstərən ərəblərə kürd separatçılarının yanından ayrılmalarıyla bağlı xəbərdarlıq göndərib, vətəndaşlardan və xalqdan PYD-yə aid qərargah və hərbi bazalardan uzaq durmalarını istəyib.
Haşdi-Şabinin bu bəyanatı təsadüfi deyil. Son zamanlar kürd separatizminin İran qolu olan PEJAK-ın fəallaşması barədə xəbərlər yayılır. Hətta İran rəsmilərinin bir müddət öncə İraqın şimalında səfərdə olduğu və regional rəhbərliyi PEJAK-a bağlı qüvvələri dəstəkləməmələrini istədiyi bildirilir. İranın bu təpkisindən sonra Ərbilin PEJAK-a bağlı qüvvələri sıxışdıraraq, ölkədən çıxartdığı da gələn xəbərlər arasındadır.
Ekspertlərin fikrincə, Haşdi Şabinin Suriyanın şimalında təşkilatlanma qərarının başlıca səbəbi “Kürdüstan” xəyalının reallaşacağı təqdirdə separatizm dalğasının bu ölkəyə sıçraması ehtimalı ilə bağlıdır.
Qeyd edək ki, İranın xüsusilə şimal-qərb hissəsində 2 milyondan artıq kürd yaşadığı güman olunur. Müstəqillik arzusunda olan PEJAK öz tərəfdarlarını bu sosial bazadan təmin etməyə çalışır. İranın əksər vətəndaşlarından fərqli olaraq sünni məzhəbinə inanan kürd əhalisi başlarına gətirilənlərdə məzhəb ayrıseçkiliyin də mühüm rol oynadığına inanırlar və bu düşüncə onları separatizm tərəfdarına yaxınlaşdırır.
Haşdi-Şabinin məlum bəyanatı kürd separatizmini dəstəkləyən ABŞ-ın bu siyasətinin regional qüvvələri getdikcə eyni hədəfdə birləşdirdiyi ehtimalını gücləndirir.
Ümumiyyətlə, ekspertlər müxtəlif siyasi maraqlarına görə müxtəlif güc mərkəzlərinin təsiri altında qalan kürd aşirət liderlərinin bir hədəfdə birləşə bilməcəklərini, hakimiyyət uğrunda apardıqları mübarizə nəticəsində parçalanacaqlarını güman edirlər.
Buna görə də müstəqillik tələblərinin reallaşacağına inanmırlar. Üstəlik, regional güclərin təşviqi nəticəsində müxtəlif aşirətlərin siyasi mübarizəsinin vətəndaş müharibəsinə çevriləcəyini təxmin edənlər də az deyil. Qeyd edək ki, xüsusilə İraqın şimalındakı müxtəlif kürd aşirətlərinin uzun illər bir-birinə qarşı döyüşdükləri də tarixən məlumdur. Tarixi əsaslara söykənən bu ehtimalın maraqlı qüvvələrin təşviqiylə istənilən vaxt reallaşdırılması çətin görünmür. Xüsusilə də o zaman ki, regionun bütün qüvvələrinin iradəsi zorla onlara qəbul etdirilməyə çalışılan “reseptə” qarşı birləşiblər.
Türkiyənin Yaxın Şərq siyasətinə qarşı olduğunu gizlətməyən Haşdi Şabinin Ankarayla eyni mövqeyi dəstəkləyən son bəyanatı da separatizm təhlükəsinin regional qüvvələri yaxınlaşdıracağı ehtimalına haqq qazandırır. /Strateq.az/