Arannews- Vəkil Akif Əliyevin verdiyi məlumata əsasən, ilahiyyatçı seyid Elman Ağayevin səhhətində bir sıra problemlər yaranıb: "Seyid Elman bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı zaman başından aldığı zərbələrə görə başında kəskin ağrılar olur. Müəyyən həddə şişlər də mövcuddur. Bununla bağlı prokurorluq qarşısında vəsatət qaldırdıq. Təmin olundu ki, penitensiar xidmətindən kənarda, 1 saylı Şəhər Klinik Xəstəxanasında müayinədən keçsin. Qərar verilsə də, hələ ki, icra olunmayıb.
Elman Ağazadənin müayinə olunması gecikdirilir. İkinci məsələ böyrək ya da prostat vəzilərindəki kəskin problemlər yaranıb. Bununla bağlı müraciət etmişəm penitensiar xidmətin baş idarəsinə. Hazırda bu işlə məşğuldurlar ".
Ruhani Elman Ağayevin işi ilə bağlı isə vəkil bunları deyib: "İstintaq əməliyyatları aparılmır, avqust ayında maddələrdə bir balaca dəyişik oldu. Elə həmin zaman bir dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldı. Saxlanıldığı gündən bu yana hər hansı bir istintaq işi aparılmır. Belə ümumi işdə heç bir dəyişiklik yoxdur".
Xatırladaq ki, ötən ilin noyabr ayının 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Əməliyyat zamanı ilahiyyatçı Taleh Bağırov və çox sayda dindar və ilahiyatçi saxlanılıb. Eyni ərəfədə də Bakı, Lənkəran və Gəncə şəhərlərində də əməliyyatlar keçirilərək çox sayda dindar və ruhani saxlanılıb
Lənkəranda təşkil olunan əməliyyat zamanı ilahiyyatçı seyid Elman Ağayev, Bakıda keçirilən əməliyyat zamanı ilahiyyatçı, Quran elmləri üzrə mütəxəssis Zülfüqar Mikayılzadə saxlanılıb. Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir.