Yaxın Şərq dördlüyü cümə günü verdiyi bəyanatda sionist rejimin şəhərsalma işlərinə davam etməsinə qarşı olduqlarını və bunun davam etməsinin fələstinlilərlə iki dövlət qurmaq şansını təhlükəyə atdığını açıqlayıb.
“AranNews”-un verdiyi xəbərə görə, Amerikanın vasitəçiliyi ilə Fələstin və sionist rejim arasında aparılan müqavilə müzakirələri 9 ay davam etdi, ancaq heç bir nəticəyə gəlinmədi.
Fələstindəki təşkilatlar və sionist rejim arasındakı gərgin münaqişə havası da sülh sahəsində hər cür razılaşmanı imkansızlaşdırıb.
İsrail Baş naziri Binyamin Netanyahu və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas BMT-nin Baş Assambleyasındakı çıxışlarında sülh və münaqişələrin azalması məsələsində istəkli olduqları siqnalı vermədilər.
Yaxın Şərq dördlüyü Nyu-Yorkdakı BMT Baş Assambleyasından sonra yaydığı bəyanatda "Dördtərəfli komissiya sülhün həyata keçirilməsinə mane olan şəhərsalma işlərinin davam etdirilməsinə qarşıdır, bu məsələdə dərin narahatlıq keçirir və şəhərsalma işlərinin davam etməsi hər iki dövlətin razılaşma şansının azalmasına səbəb olacaq", - deyə qeyd olunub.
Amerika, Rusiya, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatından ibarət olan bu dördtərəfli komissiya 2 avqustda da bəyanat verərək, İsraildən işğal olunmuş ərazilərdə şəhərsalma işlərini dayandırmasını istəmişdi. Bu komitə, həmçinin zorakılığın artmasını pisləyərək, iki tərəfdən qarşıdurmaların azalması üçün səy göstərmələrini istəyib. /Tasnim/