Tarix : 2016 Sep 27
Kod 50348

Referendumun pərdə arxası-Anar Məmmədlidən açıqlama

Təəssüflə qeyd edə bilərik ki, Azərbaycan xalqının əsl iradəsinin ifadə edilməsi üçün referendumun keçirildiyi dövrdə – Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı açıq ictimai-siyasi müzakirələrin keçirilməsi və seçicilərin ətraflı məlumatlandırılması baş verməyib.
Arannews- Anar Məmmədli: Referendum beynəlxalq öhdəliklərə uyğun keçirilməyib.
 
“26 sentyabr 2016-cı ildə keçirilən referendumla bağlı qiymətləndirmə aparılarkən bütün mərhələlər, o cümlədən referenduma çıxarılan məsələlər barədə seçicilərin geniş məlumatlandırılması şəraiti, referendum qabağı siyasi mühit, seçki qanununun vəziyyəti, səsvermənin təşkili və seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəliklərə istinad olunmalıdır.
 
Təəssüflə qeyd edə bilərik ki, Azərbaycan xalqının əsl iradəsinin ifadə edilməsi üçün referendumun keçirildiyi dövrdə – Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı açıq ictimai-siyasi müzakirələrin keçirilməsi və seçicilərin ətraflı məlumatlandırılması baş verməyib. Buna rəvac verən əsas səbəb ölkədə ifadə azadlığı, birləşmək və sərbəst toplaşmaq hüquqlarının son illər daha da məhdulaşdırılması, həmçinin referendum qabağı təşviqat müddətinin çox az olması (22 gün) və müxalifyönlü təşviqat qruplarının qeydiyyata alınmaması olub”. Bu barədə Seçki Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədlinin referendumun nəticələri ilə bağlı açıqlamasında deyilir.
 
A.Məmmədli qeyd edib ki, QHT qanunvericliyinə son illər edilən mürtəce dəyişikliklər nəticəsində müstəqil vətəndaş cəmiyyəti nümayəndələri sərbəst fəaliyyət imkanlarından məhrum olub. Bununla yanaşı bəzi yerli və xarici QHT-lər üzərində cinayət təqibi və yüksək vergi cərimlərinin saxlanması, habelə xarici fondlardan maliyyələşmənin məhdudlaşması, QHT-lərin referendum dövründə seçicilərin maarifləndirlməsi və seçki müşahidəçiliyinin təşkili ilə bağlı fəaliyyətini əngəlləyib. Referendum elan edildikdən sonrakı dönəmdə siyasi motivli təqiblər günclənib, bununla da ölkədə siyasi məhbusların sayı artıb.
 
“Səsvermə prosesi üzrə seçicilərin və müşahidəçilərin yaydığı məlumatlara əsaslansaq seçki məntəqələrində ənənəvi seçki qanunu pozuntularının baş verdiyini qeyd edə bilərik”, Məmmədli bildirib.
 
“Bu cür qanun pozuntularına bir şəxsin bir-neçə dəfə səs verməsi, seçicilərin qrup halında məntəqəyə məcburi gətirilməsi, adı seçici siyahısında olmayan insanların səsvermədə iştirakı və saxta seçki bülletenlərinin qutulara atılması daxildir”.
 
Referendum günü seçici fəallığına dair məlumatlara gəldikdə əksər seçki məntəqələrində fəallığın süni olaraq artırıldığı, bir şəxsin bir neçə dəfə səsverməsi və saxta bülletenlərin seçki qutusuna atılması halları nəzərə alındıqda seçici fəallığının rəsmi rəqəmlə uyğun gəlmədiyini iddia edə bilərik.
 
Ümumiyyətlə, referendum günü də daxil olmaqla referendum öncəsi siyasi mühitinin demokratikliyi ilə bağlı çatışmazlıqlar və siyasi azadlıqlara məhdudiyyətlər referendumun milli seçki qanunvericliyi və beynəlxalq öhdəliklərə uyğun keçirlməsinə imkan verməyib.
 
A.Məmmədli hesab edir ki, hakimiyyət dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın yaradılmasına siyasi iradə nümayiş etdirməli, bütün siyasi opponentlərinə rəqabətli şərait yaratmalı və siyasi məhbusların azad olunmasını təmin etməlidir.
 
“Eyni zamanda 26 sentyabrda keçirilmiş referendum ölkədə hakimiyyət bölgüsü və insan hüquqlarının müdafiəsi ilə bağlı konstitusion islahatlara olan ehtiyacı aradan qaldırmadığından, bu sahədə təşəbbüslər öyrənilməli və Avropa Şurası Venesiya Komissiyası ilə əməkdaşlıq şəraitində ölkədə hüquqi islahatlar həyata keçirilməlidir”, o qeyd edib.
 
Yerli və beynəlxalq müşahidəçilərin fəlaiyyətinə gəldikdə A.Məmmədli bildirib ki, Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi mötəbər beynəlxalq təşkilatı referendumu müşahidə etmək üçün dəvət etməsə də, Avropa Şurası Parlament Assambleyası, Avropa Xalq Partiyası, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası və Avstriya Parlamentini təmsil edən kiçik müşahidə qruplarını referendum günü prosesi izləməyə çağırıb.
 
“Ancaq beynəlxalq müşahidəçilər ölkədə bütün maraqlı tərəflərlə görüşlər keçirməmiş, referendum öncəsi siyasi azadlıqların vəziyyəti üzrə dəyərləndirmə aparmayıb. Bəzi müşahidəçilər, xüsusən də AŞPA müşahidə qrupuna daxil olan avropalı deputatlar referendum günü səsvermə başa çatmamış prosesi müsbət qiymətləndirilməsi barədə rəylərini açıqlayıb. Bununla da Beynəlxalq seçki müşahidəçiliyi üzrə Universal Prinsiplərə dair Kodeksə əməl etmədiklərini nümayiş etdiriblər”.
 
Onun dediyinə görə, MSK yalnız hökumətyönlü QHT-lərin “exit-poll” keçirməsinə şərait yaradıb. Ancaq bu qrupların maliyyə mənbələri və sorğu metodologiyası barədə cəmiyyətə təfsilatlı məlumat verilməyib.
 

  • Yazılıb
  • da (də) 2016 Sep 27
  • Göndərən مدير سايت Aran News