Tarix : 2016 Oct 01
Kod 50383

" XİN Rəsmisi: " Qarabağ münaqişənin həllinə xələl gətirməyə çalışan tərəf məhz Ermənistandır

Hikmət Hacıyev: "Müxtəlif bəhanələr və təxribatlarla münaqişənin həllinə xələl gətirməyə çalışan tərəf məhz Ermənistandır".
Arannews- "Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan dövlət kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf məhz Azərbaycan Respublikasıdır".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Vyana və Sank-Peterburq görüşlərinin ruhuna sadiq qalaraq Azərbaycan münaqişənin substantiv danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
H.Hacıyev bildirib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları çoxdan məlumdur: "Bunu da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı təşkil edir.
Onu da qeyd edək ki, Helsinki Yekun Aktında xalqların öz müqəddaratını təyin etmə prinsipinin məhz dövlətlərin ərazi bütövlüyü prinsipinə xələl gətirməyəcək formada ifadə olunması təsbit olunmuşdur. Müxtəlif bəhanələr və təxribatlarla münaqişənin həllinə xələl gətirməyə çalışan tərəf məhz Ermənistandır".
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda mümkün deyil. O hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb: "Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər".
 


  • Yazılıb
  • da (də) 2016 Oct 01
  • Göndərən مدير سايت Aran News