Arannews- Taleh Bağırovun müavininin ibtidai istintaqı yekunlaşıb.
“Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Bu barədə E.Qasımovun vəkili Elnur Nəbiyev məlumat verib.
Vəkilin sözlərinə görə, hazırda cinayət işinin materialları ilə tanış olma mərhələsi başlayıb.
Qeyd edək ki, E.Qasımov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra Nəsimi rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə cinayət işi başlanılıb. Daha sonra E.Qasımov barəsində başlanılan cinayət işinə daha 11 maddə əlavə olunub. O, Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 214.2.3-cü (terroçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 281.2-ci (silahlı qiyam, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham edilir.