Tarix : 2016 Oct 05
Kod 50406

Məhərrəm ayının birinci ongünlüyünün hadisələri-ALTI GÜN QALIR AŞURAYA

YEDDİ GÜN QALIR AŞURAYA
Arannews- Məhərrəm ayının birinci ongünlüyünün hadisələri :
61-ci hicri qəməri ilində Məhərrəm ayının 2-dən 10-a kimi tarixdə misli görünməyən hadisələr baş vermişdir. Məhərrəm başlayan gündən şiələrin və İmam Hüseyn (ə) dostlarının əhvalı dəyişir, hüzn libası geynirlər və “Hüseyn vay” fəryadı ucalır. Adət-ənənəyə görə Məhərrəm ayının birinci ongünlüyünün hər günü bir adla zinətlənir. Məddahlar və rövzəxanlar Aşuranın böyük qəhrəmanlığını həmişə diri saxlamaq üçün hər gün Neynəvanın qəhrəmanlarından birinin adına rövzələr oxuyurlar. Bunu tərtiblə qeyd edirik:
Birinci gün: Müslim ibn Əqil (ə).
İkinci gün: Karvanın Kərbəlaya daxil olması.
Üçüncü gün: Həzrət Rüqəyyə (s.ə).
Dördüncü gün: Hürr , səhabələr və həzrət Zeynəbin (s.ə) övladları (ə). 
Beşinci gün: Səhabələr və Əba Əbdillah Hüseyn (ə).
Altıncı gün: Həzrət Qasim ibn Həsən (ə).
Yeddinci gün: Teşnəlik rövzəsi, həzrət Əli Əsğər (ə).
Səkkizinci gün: Həzrət Əli Əkbər (ə).
Doqquzuncu gün: Tasua günü, həzrət Əbəlfəz (ə).
Onuncü gün: Aşura günü, həzrət Əba Əbdillah Hüseyn (ə), həzrət Zeynəb (s.ə) və Şami-qəriban 
On birinci gün: Karvanın Kərbəladan köçü.
On ikinci gün: Karvanın Kufəyə daxil olması.
On üçüncü gün: Həzrət İmam Səccadın (ə) müsibətləri, Zeynəbi Kubra Kufədə və Şam yolu.

Məhərrəmin ikinci günü :
- H.q. 61-ci il Məhərrəmul-həram ayının 2-də cümə axşamı günü İmam Hüseyn (ə) Kərbəlaya daxil olur.
- Həmin gün Hürr ibn Yəzid Riyahi, Übeydullah ibn Ziyada məktub yazaraq İmam Hüseynin (ə) Kərbəlaya daxil olmasını xəbər verir. 
- Həmin gün İmam Hüseyn (ə) Kufə əhlinə məktub yazır və Kufədə güvəndiyi böyük şəxsiyyətlərə özünün Kərbəlada olmasını xəbər verir. Həzrət (ə) məktubu Qeys ibn Musəhhərin vasitisilə Kufəyə göndərir.

Məhərrəmin uçuncu günü :
İmam Hüseynin (ə) Kərbəlaya daxil olmasından bir gün sonra, yəni Məhərrəmin 3-cü günü Ömər ibn Səd Kufə əhalisindən təşkil olunmuş 4 min qoşunla Kərbəlaya daxil olur.
- İmam Hüseyn (ə) Kərbəla torpağında qəbrinin olacağı yeri Neynəva və Qaziriyyə əhalisindən 60 min dirhəmə satın alır və onlarla şərt kəsir ki, ziyarətə gələn insanlara bələdçilik etsinlər və onun zəvvarlarını 3 gün qonaq saxlasınlar.
- Belə bir gündə Ömər ibn Səd sözünü İmam Hüseynə (ə) çatdırmaq üçün Kəsir ibn Abdullah adlı hayasız birisini o həzrətin (ə) yanına gödərir. Kəsir ibn Abdullah, Ömər ibn Sədə dedi ki, istəyirsənsə bu görüşdə Hüseyni (ə) öldürüm. Amma Ömər razı olmadı və dedi: Hələlik, belə bir fikrim yoxdur.
O, xeymələrə yaxınlaşan zaman Əbu Səmamə Seydavi, İmam Hüseynin (ə) yanında idi. Onu görən kimi üzünü İmama (ə) tutur və deyir: “Bu gələn dünyanın ən pis adamıdır”. Ona görə qarşıya gedib, ona deyir: “Qılıncını çıxart və sonra İmamın (ə) yanına get”. Deyir: “Heç vaxt belə etmərəm”. Əbu Səmamə deyir: “Onda sən sözünü deyənə qədər mənim əlim qılıncının üzərində olacaqdır”. Deyir: “Heç vaxt”. Əbu Səmamə deyir: “Sözünü mənə de ki, mən İmama (ə) deyim. Sən pis əməl sahibisən. Mən icazə vermərəm ki, İmamın (ə) yanına gedəsən”.
O, qəbul etmədi. Qayıdıb, məsələni ibn Sədə deyir. Nəhayət, ibn Səd başqa birini göndərir. O, İmamdan (ə) soruşur: “Bura nə üçün gəlmisən? Həzrət (ə) cavabında buyurur: “Kufə əhli məni çağırıbdır, peyman bağlamışam və Kufəyə tərəf gedirəm. Əgər istəmirsinizsə, geri qayıdım?”

Məhərrəmin dördüncü günü :
- Məhərrəmin 4-cü günü  Übeydullah ibn Ziyad Kufə əhlini məscidə toplayır və xütbə oxuyur. Xütbəsində camaatı İmam Hüseynə (ə) qarşı vuruşmağa həvəsləndirir.

Məhərrəmin beşinci günü :
 - Übeydullah ibn Ziyad, Şəbəs ibni Rəbiyə adlı bir nəfəri min nəfər qoşunla Kərbəlaya göndərir.
-  Übeydullah ibni Ziyad bu günü əmr edir ki, Zəcr ibni Qeys Kərbəla yolunun üstündə dayansın və hər kim İmamın (ə) qoşununa qoşulmaq istəsə, onu öldürsün. 
- Bu günü bütün məhdudiyyətlərə baxmayaraq, Amir ibni Əbi Səlamə adlı bir nəfər özünü İmama (ə) çatdırır. O, Aşura günü şəhid olur.

Məhərrəmin altıncı günü :
-  Bu günü Übeydullah ibn Ziyad, Ömər ibn Sədə məktub göndərir və xəbər verir ki, mən səni süvari və piyada qüvvələrlə təchiz etdim. Diqqətli ol, çünki hər gün və hər axşam sənin gördüyün işlərin məlumatını mənə göndərirlər.
- Bu günü Həbib ibn Məzahir İmama (ə) deyir: “Ey Peyğəmbərin oğlu! Bu yaxınlıqda Bəni-Əsəd tayfası yaşayır. Əgər icazə versəniz, mən onların yanına gedim və onları sizə tərəf dəvət edim.
İmam (ə) icazə verir və Həbib ibn Məzahir gecə vaxtı onların yanına gedərək deyir: “Sizlər üçün ən yaxşı ərməğan gətirmişəm. Sizi Rəsulullahın (s) övladına yardım etmək üçün dəvət edirəm. Onun elə tərəfdaşları vardır ki, onların hər biri min igidə dəyər və onu düşmənə təslim etməzlər və heç bir zaman tək qoymazlar. Ömər ibn Səd onu böyük bir ordu ilə mühasirəyə almışdır. Siz mənim qəbiləm olduğunuz üçün sizi bu işə dəvət edirəm”.
Bu zaman Übeydullah ibn Bəşir adlı biri ayağa qalxaraq deyir: “Mən bu dəvəti qəbul edən ilk şəxsəm”. Sonra qəbilənin 90 nəfər kişisi ayağa qalxır və İmama (ə) yardım etmək üçün hərəkət edir. Bu zaman bir nəfər gizli şəkildə Öməri bu işdən xəbərdar edir. O, Əzrəq adlı bir nəfəri 400 nəfərlik atlı ilə onların ardınca göndərir. Onlar yolda bir-biri ilə vuruşurlar. Bəni-Əsəd bu orduya qarşı çıxa bilməyəcəklərini görəndən sonra dağılışırlar. Öz qəbilələrinə qayıdıb, oradan köçüb gedirlər ki, Ömər ibn Səd onlara hücum etməsin. Həbib, İmamın (ə) yanına gəlir və hadisəni İmama (ə) danışır. İmam (ə) buyurur: “La hovla və la quvvətə illa billah”.


Məhərrəmin yedinci günü :
- Məhərrəm ayının 7-ci günü Übeydullah ibn Ziyad, Ömər ibn Sədə məktub yazaraq, ondan istəyir ki, ordusu ilə Fərat çayının yolunu bağlasın. Ömər də bu əmrdən sonra Əmr ibn Həcacı 500 nəfərlik ordu ilə Fərata göndərərək  İmamın (ə) suya yolunu bağladı.
-  Bu günü Bəcilə qəbiləsindən olan Abdullah ibn Həsin Əzdi adlı bir nəfər qışqıraraq deyir: “Ey Hüseyn! Bu su bir daha səma rəngində olmayacaqdır. Allaha and olsun ki, onun bir damcısını içməyəcəksən və susuz can verəcəksən!”
İmam Hüseyn (ə) buyurur: “Allahım! Onu susuz öldür və öz rəhmətini ona şamil etmə”.
Həmid ibn Muslim deyir: “Allaha and olsun ki, bu danışıqdan sonra onun yanına getdim və gördüm ki, xəstədir. O qədər su içirdi ki, qarnı şişirdi, yenə fəryad çəkirdi ki, susuzam. Bu cür də can verdi”.

Məhərrəmin səkkizinci günü :
 Məhərrəm ayının 8-ci günündə İmam Hüseyn (ə) və səhabələri çox susuzlamışdılar. İmam (ə) külüngünü götürür və xeymənin arxasında qibləyə tərəf 19 addım aralıda torpağı qazır. Oradan su çıxır. Hamısı o suddan içir və məşkləri doldururlar. Sonra o su gözdən itir və bir daha da görünmür. Bu xəbər ibn Ziyada çatan kimi Ömər ibn Sədin yanına adam göndərib deyir: “Mənə xəbər çatmışdır Hüseyn quyu qazır və su çıxardır. Bu məktub sənə çatan kimi daha da diqqətini artır və onların əlinin suya çatmasına imkan vermə, işi onlara daha da çətinləşdir”. Ömər də onun əmrini yerinə yetirir.
- Bu günü Yəzid ibn Həsin Həmədani, İmam Hüseyndən (ə) icazə alır ki, Ömər ibn Sədlə danışıq aparsın. Həzrət (ə) icazə verir. O, salam vermədən Ömərin yanına daxil olur. Ömər deyir: “Ey Həmədanlı kişi! Səni mənə salam verməməyə nə vadar etdi? Mən müsəlman deyiləm?” Deyir: “Əgər sən özünü müsəlman hesab edirsənsə, niyə Peyğəmbər (s) itrətinə qarşı çıxmısan? Onları öldürmək istəyirsən, heyvanların içdiyi Fərat çayını onlara qıymırsan?” Ömər başını aşağı salıb deyir: “Ey Həmədani! Mən bilirəm ki, bu nəslə əziyyət vermək haramdır. Mən həssas bir vaxtdayam. Bilmirəm ki, nə edim? Rey hökumətini buraxım, yoxsa, əlim Hüseynin qanına batsın. Bilirəm ki, bu işin cəzası cəhənnəmdir. Ey Həmədani! Rey hökuməti gözümün nuru kimidir. Mən ondan keçə bilmərəm”.
Yəzid ibn Həsin Həmədani geri qayıdır və bu söhbəti İmama (ə) danışaraq deyir: “Ömər sizi Rey hökuməti qarşılığında qətlə yetirməyə hazırdır”.
- İmam Hüseyn (ə) səhabələrindən olan Əmr ibn Qərzətə adlı bir nəfəri Ömərin yanına göndərir və ondan istəyir ki, gecə düşən zaman iki ordunun arasındakı yerdə görüşsünlər. İmam (ə) gecə vaxtı 20 nəfərlə və Ömər də 20 nəfərlə həmin yerdə görüşürlər. İmam (ə) yanındakılara əmr edir ki, geri qayıtsınlar. Qardaşı Abbası (ə) və oğlu Əli Əkbəri (ə) yanında saxlayır. Ömər də yanında oğlu Həfəsi və qulamını saxlayıb, digərlərini geri qaytarır. Bu görüşdə İmam (ə) Ömərə höccət tamam edir. Ömər. İmamın (ə)  hər dəfə “Mənimlə müharibə etmək istəyirsən?” sualının qarşısında bir üzür gətirir. Bir dəfə deyir: “Qorxuram ki, evimi dağıdalar”. İmam (ə) buyurur: “Mən evini düzəldərəm”. Ömər deyir: “Qorxuram ki, əmlakımı əlimdən alsınlar”. İmam (ə) buyurur: “Mən Hicazda olan malımdan ondan yaxşısını sənə verərəm”. Ömər deyir: “Mən qorxuram ki, ibn Ziyad Kufədə olan ailəmə qəzəblənsin və onları qılıncdan keçirsin”. İmam (ə) görür ki, Ömər öz qərarından daşınmayacaqdır. Yerindən qalxır və buyurur: “Sənə nə olacaq? Allah sənin canını yatağında alsın və səni Qiyamət günü bağışlamasın. Allaha and olsun ki, mən bilirəm, sən İraqın buğdasından yeməyəcəksən!”
İbn Səd istehza ilə deyir: “Arpası da bəsdir”.
- Bu hadisədən sonra Ömər ibn Səd Übeydullaha məktub yazır və təklif edir ki, İmam Hüseyndən (ə) əl çəksin. Çünki özü deyir ki, ya Hicaza qayıdacaqdır, ya da başqa bir məmləkətə gedəcək. Übeydullah bu məktubu öz adamlarının arasında oxuyur. Lakin Şimr onu ibn Sədin bu təklifi ilə razılaşmağa qoymur.

Tasua günü :
- Məhərrəm ayının 9-cu günü Şimr ibn Zilcövşən, Übeydullah ibn Ziyaddan məktub alaraq Kufə qoşununun yerləşdiyi düşərgə olan Nüxeylədən çıxır və Məhərrəm ayının 9-cu günü cümə axşamı günortadan qabaq Kərbəlaya çatır. Übeydullahın məktubunu Ömər ibn Sədə oxuyur. Ömər Şimrə deyir: “Vay olsun sənə! Allah evini xarab etsin. Mənim üçün nə qədər çirkin və ar bir xəbər gətirmisən. Allaha and olsun ki, sən Übeydullaha mənim təklifimi qəbul etməyə mane olmusan və işi korlamısan”.
-   Döyüş məqsədilə Kərbəlaya gəlmiş Şimr, Übeydullah ibn Ziyaddan öz bacısı oğlanları və həzrət Abbas (ə) üçün amannamə gətirmişdi. Həmin günü bu amannaməni Abbasa (ə) təqdim edir, ancaq Abbas (ə) qəbul etmir. Şimr, İmam Hüseynin (ə) xeyməsinin yanına gəlir və (İmam Əlinin (ə) Ümmül-Bənindən olan oğlanları) Abbas (ə), Abdullah (ə), Cəfər (ə) və Osmanı (ə) çağırır. Onlar bayıra çıxır. Şimr deyir: “Übeydullahdan sizin üçün amannamə gətirmişəm.” Onların hamısı deyir: “Allah sənə və sənin amannamənə lənət etsin. Bizim amanımız olsun, ancaq Peyğəmbərimizin (s) qızının oğulunun amanı olmasın?!”.
- Bu günü döyüş elan edilir. Həzrət Abbas (ə) İmamı (ə) xəbərdar edir. İmam Hüseyn (ə) buyurur: “Ey Abbas! Canım sənə fəda olsun! Atına min və onlardan soruş ki, məqsədləri nədir?” Həzrət Abbas (ə) gedir və xəbər gətirir ki, onlar deyir: “Ya əmirin hökünü qəbul etsin, ya da döyüşə hazırlaşsın”. İmam Hüseyn (ə) həzrət Abbasa (ə) deyir: “Əgər bacarsan, döyüşü sabaha qədər təxirə sal. Bu gecə möhlət versinlər ki, biz Allahımızla raz-niyaz edək və namaz qılaq. Allah Taala bilir ki, mən Ona xatir namazı və Quranı tilavət etməyi sevirəm”. Abbas zalım qoşununun yanına gedir və möhlət istəyir. 
Ömər ibn Səd möhlət verib-verməmək üçün bir qərara  gələ bilmir. Nəhayət, bu barədə öz qoşunu ilə məsləhətləşir. Əmr ibn Həccac deyir: “Subhanəllah! Əgər Deyləm və kafirlər səndən belə bir xahiş etsəydilər onlarla razılaşmaq yaxşı olardı”. Sonda Ömər ibn Sədin elçisi həzrət Abbasın (ə) yanına gəlir və deyir: “Biz səhərə kimi sizə möhlət veririk. Təslim olsanız, sizi Übeydullaha tapşırarıq. Əks halda sizdən əl çəkməyəcəyik”.

Aşura günü :
Bu gün şiələr üçün ən böyük müsibət üz vermiş bir gündür. Tarixdə belə bir müsibətin misli görünməyib. Cənnət cavanlarının sərvəri şəhadətə yetişdi. Ali-Taha ailəsi əsir olundu. Şəhadət, qan, nizə, susuzluq, uşaqlar, qamçı və kəsilmiş başlar səhnələri. Ah əsirlik və Şam, ah xərabə.

  • Yazılıb
  • da (də) 2016 Oct 05
  • Göndərən مدير سايت Aran News