Aşuranın ürəkyandırıcı və ibrətli xatirələri insana ən böyük fədakarlıqları öyrədir.
Aşura qiyamının təlim, hədəf və mesajları-birinci hissə
İmam Hüseynin (ə) şəxsiyyəti və əzəməti bütün dünyaya bəllidir. Bütün ayıq insanlar o həzrətin din və haqq-ədalətin bərpası yolunda fədakarlığından, cavanmərdliyindən, batil və zülmün kökünü kəsməsindən söz açır. Hər kəs bir dil ilə o böyük şəxsiyyət və hər bir əsrdə qalib insanı böyüklüklə xatırlayır.
Aşuranın ürəkyandırıcı və ibrətli xatirələri insana ən böyük fədakarlıqları öyrədir. İmam Hüseynin (ə) qiyamı haqq-ədaləti bərpa etmək üçün ilham bəxş edən sərçeşmə idi. İmamın (ə) himməti o qədər uca idi ki, haqq sözün yüksəlməsi üçün özünün hər bir şeyindən keçdi. İslam dinini Bəni-Üməyyə və tərəfdarlarının tufanından qurtarmaq üçün dünyaya səsləndi: “Bilin ki, (ibn Ziyad) məni iki şeyin arasında saxlayıb: ya zəlilcəsinə beyət edim, ya da qılıncla doğranım. Heyhat-heyhat, zillət bizdən çox-çox uzaqdır! Nə Allah zilləti bizim üçün bəyənmir, nə Onun Peyğəmbəri (ə), nə dünyanın imanlı insanları, nə məni böyüdən iffətli insanlar. Nə də mənim ruhumun izzəti buna icazə vermir. Mən şəfərli ölümü alçaq adamlara itaət etməkdən üstün tuturam”.
Aşura qiyamının hədəfləri
İmam Hüseynin (ə) qiyamının hədəfləri haqqında müxtəlif görüş və etiqadlar mövcuddur. Nəzəriyyəçilər fəqrli baxışlarla İmam Hüseynin (ə) qiyamını izah edirlər. Bəziləri o həzrətin hərəkətini Allah tərəfindən planlaşdırılmış mənəvi bir proqram adlandırır və həzrətin addım-addım hərəkətinin Allah tərəfindən göstəriş verildiyini düşünür, bəziləri İmamın (ə) qiyamının hədəfini camiədə yaxşılığı dəvət və pislikdən çəkindirməyin həyata keçirilməsi hesab edir. Digər bir dəstə də bu qiyamın hökumətin bərpası məqsədilə baş verdiyinə inanır.
Şəri vəzifə, ilahi təklif və məsuliyyət hissi
Bu mövzu İmam Hüseynin (ə) özünün, atasının və babası Rəsulullahın (ə) çıxışlarında, hətta Qurani-kərimin ayələrində aydın görünməkdədir. Necə ki, Quran buyurur: “Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin”. (“Maidə” surəsi, ayə 2)
Heç kimə sir seyil ki, İmam Hüseynin (ə) Yezid hökumətinə beyət etməsi günaha ən böyük kömək göstərmək idi. Əmir əl-möminin (ə) öz övladlarına və bütün şiələrə, xüsusilə də İmam Hüseynə (ə) məşhur vəsiyyətində buyurur: “Zalıma düşmən, məzluma yardımçı olun”.
İmam Hüseynin (ə) öz kəlamlarında da qiyamının hədəfi şəri vəzifəsinə və ilahi təklifə əməl etmək olduğu çox aydın şəkildə görünür. İmam (ə) Bəsrənin böyüklərinə yazdığı məktubda qiyam və dəvətinin səbəblərinə toxunaraq buyurur: “Mən sizi Qurana, Peyğəmbərin (s) sünnəsinə dəvət edirəm. Doğrudan da sünnə ölmüş və bidət dirilmişdir”.
Aşura qiyamında yaxşılığa dəvət və pislikdən çəkindirmənin əhəmiyyəti
İmam Hüseynin (ə) qardaşı Məhəmməd Hənəfiyyə Mədinədə o həzrətə bu səfərə çıxmamağı təklif etdi. İmam (ə) qəbul etmədi və bir vəsiyyətnamə yazdı: “Qoy bütün dünya bilsin ki, mən nə şöhrət üçün, nə fəsad törətmək üçün və nə də istibdada görə qiyam etmədim. Mən islahat üçün ayağa qalxdım. Mən qiyam etdim ki, yaxşılığa əmr edib, pislikdən çəkindirəm. İstəyirəm cəddimin və atamın sünnəsini dirçəldim”.
İmam Hüseyn (ə) görürdü ki, Müaviyyə, ondan sonra Yezid, hətta onlardan qabaq cəmiyyətdə elə bir əməllər tərvic edilmiş və yayılmışdır ki, bu Peyğəmbərin (s) sünnəsindən qıraqdır, Əli (ə) sünnəsinə uyğun deyil və İslam bunu qəbul etmir. Ona görə də islahatları zəruri bildi və bu islahatı yaxşılığa dəvət və pislikdən çəkindirmək prinsipi çərçivəsində gerçəkləşdirməyə çalışdı.
İmam Hüseyn (ə) zülmlə mübarizənin örnəyi
Tarixdə baş verən hadisələr arasında Aşura və Kərbəla şəhidlərinin hadisələri xüsusi özəlliyə malikdir. Bu cavidan qəhrəmanlıq hadisəsinin hər bir səhifəsi, onun qəhrəmanlarının hər biri haqsevər və zülmlə mübarizə aparan insanların örnəyi olmuş və olacaq. Əhli-beyt (ə) həyat və ölümümüzdə, əxlaq və cihadımızda, insani kamallarımızda bizə nümunədir. Ona görə də bizim istəyimiz odur ki, həyat və ölümümüz Muhəmməd və Ali-Muhəmmədin həyat və ölümü kimi olsun. İslam tarixində zülm əleyhinə Aşura qiyamından qaynaqlanan bir çox hərəkat və inqilablar baş vermişdir. Hətta Hindistanda azadlıq uğrunda mübarizəyə başçılıq edən Mahamata Qandinin öz mübarizəsində İmam Hüseynin (ə) qiyamından dərs aldığını vurğulayır. O deyir: “Mən İmam Hüseynin – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən örnək alıb onun yolu ilə getsin”.
Pakistanın böyük inqilabçısı Məhəmməd Əli Cinah deyir: “Dünyada İmam Hüseynin (ə) fədakarlıq və coşğunluğundan üstün şücaət nümunəsi tapmaq olmaz. Mənim fikrimcə, bütün müsəlmanlar özünü İraq torpağında fəda etmiş bu şəhiddən örnək almalı və onun yolunu getməlidir”.