“Möminlərin qəlbində imam Hüseynin (ə) qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz”.
Arannews- Kərbəla hadisəsinin möcüzələrindən biri də onun həmişə diri qalmasıdır. Zaman keçdikcə bu hadisə daha da təzələnir və şəffaflaşır, insanların ürəyini özünə cəzb edir. Peyğəmbər (s) buyurur: “Möminlərin qəlbində imam Hüseynin (ə) qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz”. Bəni-Üməyyə Kərbəla hadisəsinin planını çəkməklə belə düşünürdülər ki, Rəsuli-əkrəmin (ə) övladını öldürməklə Peyğəmbərin (s) pak nəslinin kökünü kəsəcəklər. Ona görə də bu hadisədə heç bir cinayətdən çəkinmədilər, hətta südəmər uşağı şəhid etdilər, şəhidlərin cənazələri üzərində at çapdılar. Hətta bu hadisədən sonra da onlardan əl götürmədilər; məzlum məsumların qəbirlərini dağıtdılar, olmazın hörmətsizliklər etdilər. Amma Kərbəla hadisəsindən 14 əsr ötməsinə baxmayaraq bu hadisə hələ də həmin təravət və əzəmətində qalmaqdadır. Demək olar ki, bu əzəmət hər gün artmaqdadır.
İndi görürük ki, İmam Hüseyn (ə) və onun səhabələri şiələrin yanında hörmət və izzətlə qarşılanmaqdan əlavə bütün bəşəriyyətin qəlbində özünə xüsusi yer tutmuşdur. İslam dinindən başqa dinlərin ardıcılları o həzrəti əzəmətlə xatırlayır, hətta çoxları öz müşküllərinin həll olunması üçün İmam Hüseynə (ə) təvəssül edir.