Tarix : 2016 Oct 19
Kod 50478

166 siyasi məhbusdan 120-si dindardır

oktyabrın 18-də siyasi məhbuslarla bağlı yeni siyahı təqdim edilib. Bu siyahıda 166 məhbus yer alıb.
Arannews- Azərbaycandakı siyasi məhbusların sayı açıqlanıb .
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov oktyabrın 18-də siyasi məhbuslarla bağlı yeni siyahı təqdim edib. Bu siyahıda 166 məhbus yer alıb.
müəlliflər deyiblər ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci il oktyabrın 3-də qəbul etdiyi 1900 saylı qətnamədə siyasi məhbuslarla bağlı qeyd edilmiş meyarlara əsasən hazırlanıb.
"Hazırda Azərbaycanda ümumilikdə 166 nəfər vicdan məhbusu və siyasi məhbus var. Sözsüz ki, bu rəqəm həbsxanalarda olan bütün siyasi məhbusların real sayını əks etdirmir, onların sayı daha çoxdur və tez- tez dəyişir. Azərbaycan hakimiyyəti yerli və beynəlxalq ictimaiyyətin təkidi ilə bir qrupu buraxır, digərlərini həbs edir", - «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev bildirib.
 
7 JURNALİST, BLOQQER...
 
Siyasi məhbus hesab edilən şəxslər bir neçə təsnifata bölünüb.
Siyahıda siyasi məhbus sayılan jurnalist və bloqqerlər – Əbdül Əbilov, Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Fikrət Fərəməzoğlu, Cavid Şirəliyevdir.
Yazarlar, şairlər isə Tofiq Həsənli, Saday Şəkərlidir.
Hüquq müdafiəçiləri bölümünə vəkil Əliabbas Rüstəmovun adı salınıb.
Gənc fəallar – İlkin Rüstəmzadə, Elvin Abdullayev, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman da siyasi məhbuslar siyahısına daxil edilib.
Adları siyahıya salınan siyasətçilər İlqar Məmmədov, Zeynalabdin Bağırzadə, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Fuad Əhmədli və Faiq Əmirlidir.
 
120 DİNDAR SİYASİ MƏHBUS SAYILIR...
Siyahıda ən böyük qrupu dindarlar təşkil edir. Onların sayı 120 nəfərdir.
İslam Partiyasının lideri Mövsüm Səmədovun işi üzrə həbs olunanlar 41 nəfərdir. Siyahıya «hicab dustaqları» (Təhsil Nazirliyinin qarşısında etiraz aksiyasında tutulanlar); «Eurovision» və Masallıda folklor festivalına etiraza görə həbs olunanlar, teoloq Elşən Mustafaoğlu və ilahiyyatçı Abgül Süleymanov da daxil edilib.
Siyahıda «Nardaran işi» üzrə həbs olunanlar da yer alıb. Onların arasında Taleh Bağırov da var.
 
«SİYASİ GİROV» MƏHBUSLAR
«Siyasi girovlar» qrupunda beş nəfər var – AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov, Beynəlxalq Universitetin keçmiş rektorunun qohumu Mübariz Abdullayev, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov, jurnalist Qənimət Zahidovun qohumları Rüfət və Rövşən Zahidovlar.
«Keçmiş hakimiyyət nümayəndələri» bölümündə keçmiş səhiyyə naziri Əli İnsanov, xüsusi dövlət mühafizə xidmətinin əməkdaşı Asif Lətifov və Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun adları var.
Siyahıya İsmayıllı hadisələri ilə bağlı mühakimə olunanlardan Vasif İbrahimovun da adı daxil edilib.
Digər 15 nəfər ömürlük həbsə məhkum olunanlar, keçmiş XTPD zabitləri, Qarabağda döyüşmüş «Qaranquş» dəstəsinin üzvləri, keçmiş baş nazir Surət Hüseynovun işi üzrə mühakimə olunanlardır.
 
Oktyabrın 17-də 94 nəfərin adı daxil edilən daha bir siyasi məhbus siyahısı İşçi Qrup adından açıqlanmışdı. Həmin siyahı hüquq müdafiəçiləri Rəsul Cəfərov, İntiqam Əliyevin rəhbərliyi ilə hazırlanmışdı.
94 siyasi məhbusla bağlı hər iki qrupun mövqeyi üst-üstə düşür.
Fərq ondadır ki, İşçi Qrup dindarların bir hissəsinin işi üzrə sənədlərlə hələ tanış olmadığına görə onları «potensial siyasi məhbus» kateqoriyasına aid edib.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Hakimiyyət mənsublarının fikrincə, siyasi məhbus sayılan şəxslər törətdikləri cinayət əməlinə görə məsuliyyətə cəlb ediliblər.

  • Yazılıb
  • da (də) 2016 Oct 19
  • Göndərən مدير سايت Aran News