İranın BMT-dəki daimi nümayəndəsi Qulami Xoşru Birləşmiş Millətlər Təşkilatının iclasında Suriyanın Hələb şəhərindəki mövcud vəziyyəti şərh edib.
“AranNews”-un verdiyi xəbərə görə, "Son illər Hələb şəhəri və Suriyanın bəzi bölgələri son dərəcə narahatedici vəziyyətdədir. Nəzarətsiz sərhəd nöqtələrindən Suriyaya daxil olan terrorçular bəzi ölkələr tərəfindən dəstəklənir. Bu ölkələr bu gün insanlıq cinayəti törədənlərlə əlbirdirlər", deyə Qulami Xoşru bildirib. İranın Suriyanın tək tərəfli olaraq elan etdiyi və Rusiyanın da təsdiqlədiyi atəşkəsin doğru və məntiqi bir cəhd olduğuna inandığını vurğulayan Xoşru, terrorçuların bölgədə olduğunu və hər an yenidən döyüşlərin başlayacağını diqqətə çatdırıb.
"İran olaraq Hələbdəki humanitar problemlərin həll olunması üçün BMT-nin addımlar atmasının tərəfdarıyıq", deyə Qulami Xoşru qeyd edib. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi De Misturaya xitab edən Qulami Xoşru bunları deyib: ""Nusra Cəbhəsi" terrorçu qruplaşmasına bəzi ölkələrin dəstək olmasına baxmayaraq onların bölgəni tərk etməsinə necə zəmanət verirsiniz?! Atəşkəsi qəbul edən "Nusra Cəbhəsi"ndən əlavə digər terrorçu təşkilatların hücuma keçməyəcəyini haradan bilək?" /Mehrnews/