İstəyirlər ki, Azərbaycana təzyiq göstərib onları və erməniləri qane edən müddəalarla razılaşmağa vadar etsinlər.
Arannews- Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək hüququnu bəyan etməsi hər dəfə beynəlxalq güclərin etirazı ilə qarşılaşır və onlar münaqişənin həlli naminə öz səylərini bir az da artırmaq imitasiyası nümayiş etdirir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: "Bu problem bütövlükdə regionun iqtisadi, siyasi tərəfdaşlıq mühitinə, sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən başlıca amildir".
Onun sözlərinə görə, iyirmi ildən çoxdur ATƏT çərçivəsində müxtəlif formatlı danışıqlar aparılmasına baxmayaraq, hazırda Ermənistanın qeyri-konstruktiv, qəsbkar mövqeyinə görə münaqişənin həlli uzanır və hələ ki, real nəticə yoxdur: "Azərbaycan beynəlxalq hüququn əsas prinsiplərini əsas tutaraq öz milli haqlarını reallaşdırmaq məqsədilə Dağlıq Qarabağda yaşayan ermənilərə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər hansı muxtariyyət statusunun verilə biləcəyini bəyan edir".
Maraqlıdır, Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək hüququnu bəyan etməsinin hər dəfə beynəlxalq güclərin etirazı ilə qarşılanmasının səbəbi nə ilə bağlıdır?
Konfliktoloq Aqşin Əliyevin sözlərinə görə, Əli Həsənov vəziyyəti çox dolğun olaraq təsbit edib: "Doğrudan da münaqişənin həlli ilə məşğul olan dövlətlər və bu məsələyə təsir gücü olanlar bir qədər passiv davranış ortaya qoyur. Bir müddət əvvəl satus-kvo-nun dəyişdirilməsinin zəruriliyi ortaya atıldı. Hətta həmsədr ölkələrin hər biri bununla bağlı ayrı-ayrılıqda bəyanat verdi. Nəticə göz qabağındadır. Heç bir irəliləyiş olmadı. Əksinə, bəzi həmsədr ölkələr günahı bizim üstümüzə yıxmaq istədi. Təbiidir ki, onlardan bir hərəkət olmayanda, biz öz haq səsimizi qaldırmalıyıq və torpaqların azad olunması üçün hansı addımları ata biləcəyimizi bəyan etməliyik. Azərbaycanın güclü ordusunun olması həm erməniləri, həm də onların havadarlarını ciddi narahat edir. Belə olmasaydı, narahatlıqlarını açıq ifadə etməzdilər. Məsələnin kökündə bir faktor durur. İstəyirlər ki, Azərbaycana təzyiq göstərib onları və erməniləri qane edən müddəalarla razılaşmağa vadar etsinlər. Bu istiqamətdə bizə təzyiqlərin olduğunu Prezidentin özü də bəyan etdi. Bilirlər ki, bizim alternativ yolumuz silahdır. Bu da onlara qətiyyən sərf etmir".