İraqın Könüllü Xalq Qüvvələrinin rəsmisi Yusif əl-Kəlabi Mosul əməliyyatının dayanması barədə iddiaları rədd edib.
“AranNews”-un verdiyi xəbərə görə, "İraqdan Suriyaya və Suriyadan İraqa İŞİD-ə yardım göndərən kanalları məhv etməyə çalışırıq", deyə Yusif əl-Kəlabi bildirib. Yusif əl-Kəlabi vurğulayıb ki, Türkiyə öz daxilindəki problemləri xarici ölkələrə də daşımağa çalışır:
"Əgər İraq hökuməti Türkiyə Silahlı Qüvvələri ilə mübarizəni lazım bilərsə biz buna hazırıq. Biz meydanda olacağıq. Biz ən çətin döyüşlərdən olan Təlafər əməliyyatının məsuliyyətini öz üzərimizə götürdüyümüz üçün fəxr edirik".
Qeyd edək ki, ötən günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Mosulu tarixi Türkiyə torpaqları adlandırması İraqda etirazlara səbəb olub. İraq parlamentindəki çıxışlarda vurğulanıb ki, Mosul Osmanlı İmperiyasının tərkibindəki bölgə olub və Türkiyə ilə heç bir əlaqəsi olmayıb. /Eastnews.org/