Şəki şəhərində dünyanın ən unikal memarlıq abidələrindən sayılan Xan sarayı məhv olmaq təhlükəsi ilə qarşılaşa bilər
Azerbaijan Servisi/Aran Agentliyi
Mütəxəssislərin fikrincə, təhlükəsizlik tədbirləri görülməsə ətrafdakı nəhəng çinarlar güclü küləyin təsirindən aşaraq sarayın üzərinə düşə bilər.
Şəki şəhərində dünyanın ən unikal memarlıq abidələrindən sayılan Xan sarayı məhv olmaq təhlükəsi ilə qarşılaşa bilər. Yerli mütəxəssislər bir neçə gün əvvəl Şəki ərazisində dağıntılarla nəticələnmiş güclü qasırğadan sonra bu qənaətə gəlib. Belə ki, Xan sarayının qarşısında XV əsrə aid iki nəhəng çinar ağacı var. Baş vermiş qasırğa zamanı Şəkidə 100-ə dək ağac kökündən çıxıb evlərin, avtomobillərin üzərinə düşsə də, xoşbəxtlikdən fəlakət bu çinarlardan yan keçib. Elə XVIII əsr Azərbaycan memarlığının klassik nümunəsi olan Xan sarayından da təsadüf nəticəsində təhlükə ötüşüb. Əks təqdirdə, yəni çinar ağaclarının küləyin təsirindən aşması, qiymətli tarixi abidənin birdəfəlik məhvi ilə nəticələnə bilərdi.
“Xoşbəxtlikdən həmin qasırğa nəticəsində bizim tarixi abidələrə, eyni zamanda Şəki Xan sarayına heç bir ziyan dəyməyib. Qoruq ərazisində ağaclardan yıxılması hadisələri də olmayıb” – deyə Şəki Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Nemət Hacıyev bildirib.
Amma mütəxəssislər belə bir təbiət hadisəsinin yenə də baş verəcəyini və nəhəng çinarların da güclü küləyin təsirindən aşaraq Xan sarayının üzərinə düşəcəyini istisna etmir. Hər halda, belə ehtimalların mövcud olduğu bir şəraitdə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac duyulur. Şəki ekologiya və təbii sərvətlər şöbəsinin baş məsləhətçisi Namiq Yusifovun sözlərinə görə, Xan sarayının qarşısında olan çinarlar Qırmızı kitaba salındığından onları kəsmək qadağandır. Eyni zamanda, ağacların bina üçün hələlik təhlükəsi yoxdur.
Qeyd edək ki, Şəki Xan sarayında Almaniya şirkəti tərəfindən 2002-2004 cü illərdə əsaslı təmir və bərpa işləri aparılıb. Sarayın qarşısındakı Şərq çinarları isə 1530-cu ildə əkilib və gövdəsinin eni 7, hündürlüyü 34 metrdir.