son vaxtlar Azərbaycanda qadın zorakılığı hallarının sayı durmadan artır.
Arannews- Son illər qadınlara qarşı ailədaxili zorakılıq faktlarının sayı durmadan artmaqda davam edir. Əfsuslar olsun ki, bu gün fiziki zorakılıqla yanaşı qadınlar həm də mənəvi, psixoloji, iqtisadi və cinsi zorakılığa da məruz qalırlar. Təəssüflə qeyd edək ki, dünya statistikasındakı bu artım Azərbaycandan da yan keçmir. Belə ki, son vaxtlar Azərbaycanda qadın zorakılığı hallarının sayı durmadan artır. Əsasən ailədaxili münaqişələr fonunda yaranan problemlər sonradan ən yaxşı halda fiziki və psixoloji təzyiqlə, ən pis halda isə qətllə sona yetir. Qəbələdə 3 uşaq anası olan hamilə qadının həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülərək öldürülməsi, Azərbaycandaki qadın zorakılıqlarının mövcudluğunun bariz nümunəsidir.Bəs görəsən qadına qarşı zorakılığı və qətlləri yaradan səbəblər hansılardır və bu problemdə günahkar kimdir?Problemin qarşısını almaq üçün hansı kompleks tədbirlərin görülməsi vacibdir?
sualları tanınmış sosioloq Cavid İmamoğlu cavablandırıb. Sosioloq bildirib ki, bu gün nə Azərbaycan cəmiyyəti, nə də mövcud şərait qadını qorumağa hazır deyil: “ Bu gün gözümüzün önündə qadın ailədaxili münaqişənin qurbanına çevrilərək, qətlə yetirilir. Niyə cəmiyyət bundan narahat olmur?. İcra orqanlarında bir mexanizm mövcud deyil ki, insanları zorakılıqdan müdafiə etsin. Təəssüfləndirici haldır ki, məişət zorakılığı istər cəmiyyətin, istərsə də bəzi icra orqanlarının nəzərində sadəcə ailədaxili problem kimi qalıb”.
Sosioloqun sözlərinə görə, bu gün məişət zorakılığına məruz qalan qadınlar hara və necə müraciət edəcəklərini bilmirlər: “ Bunun bir səbəbi odur ki, Azərbaycanda kifayət qədər sığınacaqlar, regional mərkəzlər yoxdur. Barmaqla sayılacaq bu cür mərkəzlər isə təlabatı ödəmir. Digər tərəfdən isə maarifləndirmə işinin zəif təşkil olunması nəticəsində, zorakılığa məruz qalan qadınlar mövcud sığınacaqların dəqiq ünvanını bilmirlər. Üçüncü məsələ ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti əksər vaxtlarda qadına qarşı zorakılıqda məhz qadının özünü günahlandırır. Bu gün məişət zorakılığına münasibət bütün səviyyələrdə düzgün tənzimlənmir. İctimai qınağın zəif olması da zorakılıq hallarının artmasında müstəsna rol oynayır. Hüquq mühafizə orqanlarında məişət zorakılığı halları ilə iş aparmaq üçün sosial işçilərin və psixoloqların olmaması da, problemin həllinin uzanmasına təsir edir”.
Cavid İmamoğlu qeyd edib ki, hər bir halda qadına qarşı zorakılıq yolverilməzdir və bütün problemlər qanunla, eləcə də haqq çərçivəsində həllini tapmalıdır: “Bunun üçün isə biz qanunun aliliyini təmin etməliyik. Bu gün açıqlanan rəsmi statistikaya görə, Azərbaycanda hər 8 qadından 1-i fiziki zorakılığa məruz qalır. Qeyri-rəsmi statistika isə bundan dəfələrlə çoxdur. Heç bir halda gender əsaslı zorakılıq hallarına yol verilməməlidir. Çünki zorakılıq olan cəmiyyət inkişaf etmir”.