ABŞ rəsmisinin İranın Yəmənə silah və raket göndərməsi ilə bağlı iddiası həqiqətə uyğun deyil.
"AranNews"-un verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
“Bu kimi iddialar elə bir vaxtda səslənir ki, İran, dünya ictimaiyyəti, vicdanlı insanlar, beynəlxalq təşkilatlar və QHT-lər silah istehsalçısı olan ölkələrin, müharibə alovlandıranların Səudiyyə Ərəbistanına silah satışını tənqid edirlər”, - deyə o vurğulayıb.
B. Qasımi həmçinin “Taliban” sözçüsünün İranın bu qruplaşmanı dəstəkləməsi ilə bağlı iddiasını təkzib edib: “İran İslam Respublikası region ölkələri arasında terror qruplaşmaları ilə mübarizədə həmişə ilk sırada olub və bu qruplaşmalarla mübarizədə indiyədək həm maddi, həm mənəvi baxımdan çoxlu itki verib”.
O qeyd edib ki, bu kimi iddialar öncədən hazırlanmış planın tərkib hissəsidir və bu, terror qruplaşmasını dəstəkləyənlərin birbaşa göstərişi ilə baş verir: “Bu kimi iddialarla dünya ictimaiyyətində İrana qarşı pis imic formalaşdırmaq məqsədi ilə ortaya atılır. İranın bu terror qruplaşmasını dəstəkləməsi iddiası açıq aşkar yalandır”. /apa/