Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, Yəməndə vəba xəstəliyi şübhəsi olan xəstələrin sayı 1400 nəfərə qədər artıb. Xəstəlik ötən həftə ölkənin paytaxtında Sənada yayılmağa başlayıb.
"AranNews"-un verdiyi məlumata görə, artıq 75 nəfərin bu xəstəliyə yoluxduğu təsdiqlənib. Hazırda təxminən 1400 nəfər şübhəli kimi nəzarətdə saxlanılır.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Ömər Saleh vurğulayıb ki, xəstəlik hələ yayılmayıb və epidemiya şəklini almayıb. Bununla belə Yəməndə 55 faiz xəstəxanaların və müalicə mərkəzlərinin işləmədiyini nəzərə alaraq ÜST nümayəndəsi vəbanın daha çox yayıla biləcəyindən narahatlığını ifadə edib.
Xəstəliyə ilk yoluxma halları oktyabr ayının əvvəllərində ölkənin paytaxtı Sənanın ətrafında, məcburi köçkün düşərgələrində qeydə alınmışdır. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, 3 milyondan çox yəmənli təmiz içməli su əldə edə bilmir ki, bu da xəstəliyin yayılmasına gətirib çıxarır.
DST-nin mətbuat katibi Tariq Yazareviç bildirmişdir ki, vəbaya yoluxma hallarının sayı artır. Oktyabrın 27-nə olan məlumata görə, həkimlər ölkənin 23 əyalətinin 10-da 1410 nəfərin vəbaya yoluxmasından şübhələnirlər.
BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatına görə, Yəməndə 7,5 milyon uşaq tibbi yardıma ehtiyac duyur, 370 min uşaq isə aclıq həddindədir. UNİCEF-in rəsmi nümayəndəsi Kristof Bulierak bildirmişdir ki, beş ildən az müddət ərzində təxminən 10 min uşaq pis tibbi yardım üzündən vəfat etmişdir. O əlavə etmişdir ki, səhiyyə sistemi dağılmışdır: 600 səhiyyə müəssisəsi işini dayandırmış, peyvəndləmə mərkəzlərinin 20 faizi bağlanmışdır./Maide.Az/