AİP funksioneri Akif Heydərli bildirib ki, hakimiyyətin, bu siyasi sistemin tərkib hisəsi olan İslamı sıxışdırması siyasəti özünü vəhabizmə qarşı zəif mübarizədə və nurçuluğa ümumiyyətlə toxunulmazlıqda göstərir:
ARANNEWS- "Yevda Abramov dövlətdən istəyir ki, Azərbaycanda şiəliyin qarşısı alınsın"
Bu sözləri Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin toplantısında AİP-in sədr əvəzi Hacı İlham Əliyev bildirib.
Baş Məclisin gündəliyində müxtəlif məsələlər səsləndirilib. Partiyanın gündəliyində sonuncu Baş Məclisdən ötən müddət ərzində AİP-in fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, ölkədə və beynəlxalq aləmdəki ictimai-siyasi vəziyyət, həbsdə olan siyasi məhbusların problemləri və digər məsələlər olub.
Tədbir ilk öncə Allah kəlamının oxunuşu və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıldı.
Partiyanın Baş Məclisində ilk öncə çıxış üçün söz AİP-in sədr əvəzi Hacı İlham Əliyevə verildi. Sədr əvəzi öncə partiyanın baş məclisinə toplaşan hər kəsi salamladı və təşrif buyuran AİP funksionerlərinə, komitə sədrlərinə təşəkkürünü bildirdi.
Həbsdə olan AİP lideri Mövsüm Səmədovla bu yaxınlarda əlaqə saxladıqlarını qeyd edən Hacı İlham Əliyev, doktor Səmədovun hər kəsə salam söylədiyini bildirdi. Hacı İlham Əliyev sonra İmam Hüseyn(ə)-ın matəm günləri ilə əlaqədər hər kəsə başsağlığı verdi.
Çıxışının davamında İmam Hüseyn(ə)-ma əza saxlamağın mahiyyəti və fəlsəfəsi haqqında danışan ruhani alim, maraqlı və diqqət çəkən məqamlara toxundu: “Əksər hallarda sual edilir ki, niyə görə hər il milyonlarla insan İmam Hüseyn(ə)-ma əza saxlayırlar. Və ya niyə İmam Hüseynin(ə) bayrağı hər il ucalmalıdır? Bəziləri səthi və dayaz düşünənlər İmam Hüseynin (ə) qiyamını cılız halda təqdim edərək, bilərəkdən və ya bilməyərəkdən məqsədli şəkildə İmam Hüseyn (ə)-ın məktəbinə kölgə salmaq istəyirlər. Amma diqqət yetirdikdə İmam Hüseyn(ə) qiyamının arxasında böyük məntiqin böyük fəlsəfənin dayandığını görə bilərik. İman əhli İmam Hüseyn(ə)-ma ağlayıb, göz yaşı töküb əzadarlıq edirsə, sadə və adi emosional hisslərə qapılmanın nəticəsi kimi dəyərləndirilə bilməz. Şüursuzluğun və məntiqsizliyin nəticəsində deyil ki, bunlar hər il bu cür İmam Hüseynə (ə) əzadarlıq edirlər, əksinə İmam Hüseyn(ə) qiyamı gözəlliklə doludur və mənəvi gözəlliklərlə, dəyərlərlə zəngin bir qiyamdır. O qiyamda gözəlliklə pislik, ədalətlə zülm üz-üzə dayanıb. İnsanın xöşbəxtliyinə və səadətinə lazım olacaq dəyərli nə varsa hamısı İmam Hüseyn(ə) simasında təcəlli edib. Əks tərəfdə isə bəşəriyyətin kamilləşməsinin qabağını alan və bütün pisliklərin, əxlaqsızlıqların cilvələndiyi Yezid və tərəfdarları cəmləşmişdi.”
Ruhani alimin sözlərinə görə, İmam Hüseyn(ə) kəlamlarında özlərinin hansı yüksək əxlaqi dəyərlərə malik olduqlarını aşkar formada söylənilir:
“Elə ki, Mədinə valisi İmam Hüseyn(ə)-mı beyətə dəvət etdi, o Həzrət(ə) cavabında bunları söylədi: “Biz Əhli-Beyt, Nübuvvet xanədanına mənsub olan şəxslərik. Biz risalət və mələklərin get-gəl etdiyi evə mənsubuq.” Özünü ilk növbədə vəsf edir. Necə bir ülvi bir məqama sahib olduqlarını valiyə bildirir. Yezid haqqında isə bildirir ki, o, fasiq bir insandır. İçki içəndir. Qanı haram olan insanların qanını tökən, heç nədən çəkinməyən, göz qabağında günah edən fəsad edən bir şəxsdir. Yezid hoqqabaz, meymunbaz bir şəxsdir. O, Həzrət(ə) öz şəxsiyyəti ilə Yezidin şəxsiyyətini müqayisə edir. Daha sonra ümumi bir cümləni bəyan edərək bildirir ki, mənim kimi ilahi və mənəvi dəyərlərə malik biri, Yezid kimisinə beyət etməz! Yəni yol və xətt bundan ibarətdir ki, hər kim gözəllik dalınca düşübsə, haqsevərdirsə, düzgünlük əhlidirsə məndən sonra da Yezid kimisinə beyət etməz! Buradan da aydın olur ki, söhbət iki ərəbin və əmioğlunun arasında olan davadan getmir. Söhbət dəyərlər və fəzilətlər arasında gedən müharibələrdən ibarətdir. “
İmam Hüseyn(ə)-ın insanları təqvaya dəvət etdiyini söyləyən AİP-in sədr əvəzi, ” İmam Hüseyn(ə) buyurur ki, çalışın dünyadan uzaq olasınız. Dünya sizi şikar etməsin. Əgər bu dünya əbədi olsaydı və dünyada bir nəfər qalmalı olsaydı, həmin şəxslər peyğəmbərlər olardı. Əgər peyğəmbərlər bu dünyadan köçüb gediblərsə dünya ilə vidalaşıblarsa yerdə qalanın da hökmü məlumdur”, - deyə bildirdi:
“Allah-təala bu dünyanı insanları imtahana çəkmək üçün xəlq edib. Mütləqdir ki, insan o uca zirvəyə qalxmaq üçün imtahanlardan keçməlidir. Bu dünya bütün təzələr köhnəlməyə və hər şey dəyişməyə məcburdur. Dünyanın sevinci qəm qüssə ilə qarışıb. Mütləqdir ki, insan özü istəmədən bu dünyadan köçməlidir. Əgər dünyanın mahiyyəti budursa onda özünüz üçün yol azuqəsi hazırlayın. Ən gözəl azuqə isə təqva sahibi olmaqdır. Əgər xoşbəxt olmaq və səadətə çatmaq istəyiriksə təqvaya riayət etməliyik.”
AİP rəhbəri parlamentdə təmsil edilən qubalı deputat Yevda Abramovun müsahibəsi zamanı dini dəyərlərə və inanclı kəsimin ünvanına qarşı səsləndirdiyi fikirlərə də münasibət bildirdi. O, qeyd etdi ki, Yevda Abramov öz müsahibəsində böyük iddialar səsləndirib və çox böyük “cəsarət”lə Azərbaycan xalqının milli mənəvi dəyərlərinə toxunub:
“O dövlətdən istəyir ki, Azərbaycanda şiəliyin qarşısı alınsın. Necə ki, nurçuluqla rəftar edilir, şiəliklə də elə rəftar olunsun. O bunu bir vəzifə kimi dövlət məmurlarının boynuna qoyur. Bu isə onların üzlülüyünün həddinin aşmasını və özlərini ev yiyəsi kimi aparmaqlarını göstərir. Allah Qurani-Kərimdə zillət möhürünün sionistlərin alnına vurulduğunu söyləyir. Allah-Təala o tayfanı bütün bəşəriyyət aləmi üçün zillət kimi göndərib. Onların bu çıxışı da həmin zillətin nəticəsidir. Özlərini ağa kimi aparmaq istəsələr də Allahın onlara vədi var ki, onlar zəlil tayfadırlar. Azərbaycan xalqı 70 il kommunist əsarəti altında yaşadı, amma bu 70 illər ərzində xalq dinindən, əqidəsindən, mənəviyyatından əl çəkmədi. Çünki bu inanc bu xalqın zatındadı. İmam Hüseyn(ə) eşqini Allah iman əhlinin qəlbində yerləşdirib. O eşq o işıq zəifləyə bilər amma heç vaxt sönməz. Allah Qurani-Kərimdə buyurub ki, elə güman etməyin sionistlərin dediklərinə əməl etsəniz onlar sizdən razı qalacaqlar. Mümkün deyil! Nə qədər siz onların istədiklərini edəcəksiniz, o qədər də onların tələbləri artacaq. Nə qədər ki, onların dinini qəbul etməmisiz onların istəkləri bitməyəcək.”
Sonra çıxış edən AİP funksioneri Akif Heydərli ölkədə baş verən son hadisələrə münasibt bildirdi.
Dünyada baş verən hadisələr və ictimai siyasi proseslərin İmam Hüseynin(ə) qurtuluş savaşından nümunə götürməyə zəruri etdiyini söyləyən Akif Heydərli, bildirdi ki, lakin bu amildən Azərbaycanda məhdud şəkildə istifadə edilir:
“Buna bariz sübut isə son ildə ölkəmizdə dini etiqad və azadlıqlar haqqında qəbul edilən mürtece qanunlardır. Bu gün Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovda başda olmaqla həbsdə olan islamçıları daha çox əzməklə bunu həyata keçirirlər. Ona və bütün həbsdə olan islamçılara qarşı mümkün variantlardan istifadə olunur ki, onlar əzilsinlər və sıxılsınlar.
Bu minvalla hakimiyyət bütün fürsətlərdən istifadə edir ki, islamçıları daha çox sıxışdırsın.”
Akif Heydərli onu da bildirdi ki, hakimiyyətin, bu siyasi sistemin tərkib hisəsi olan İslamı sıxışdırması siyasəti özünü vəhabizmə qarşı zəif mübarizədə və nurçuluğa ümumiyyətlə toxunulmazlıqda göstərir:
“Bildiyiniz kimi, bu gün Azərbaycan xalqına ən böyük bəla vəhabizmdən və nurçuluqdan gəlir. Bunlar öz təsdiqini tapmış məsələlərdir. Bunlar peşmançılıq çəkmək əvəzinə islamçıların məhbus həyatını daha da qüvvətləndirirlər. Bunu görünür dünya belə istəyir.”
Sonra çıxış üçün söz AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovaya verildi. Növrəstə xanım çıxışı zamanı bildirdi ki, İmam Hüseyn(ə) əza günlərində əzalı olmaqla ruhumuz, mənəviyyatımızı və mənliyimizin Allah tərəfindən müalicə edilir:
“Biz bu günkü səhvlərimiz üçün o günki Kufəyə və Kərbələya baxmalıyıq. Bu gün də İmam Hüseynlər, Abbaslar var və eyni zamanda Ziyadlar, Yezidlər var. Həbsdə olan dəyərli ruhanilərimiz və qardaşlarımız öz adlarına yaraşmayan ləkələrlərlə həbsdədirlər. Onlar Hani kimi adamlardır ki, onların dilindən bir dənə də olsun naxələf söz çıxmadı. “
Tədbir AİP komitə sədrlərinin çıxışları ilə davam etdi və sonda İmam Hüseyn(ə)-ma əzadarlıq keçirildi.