Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton öz yazışmalarında Qətərin və Səudiyyə Ərəbistanının İŞİD terror təşkilatını maliyyələşdirdiyini etiraf edir.
“AranNews”-un verdiyi xəbərə görə, “Wikileaks”in banisi Culian Assanj belə iddia ilə çıxış edib.
O, 2014-cü ilin əvvəllərində Klintonun elektron məktublarında bu haqda yazıldığını bildirib.
Assanj vurğulayıb ki, Klintonun məktublarında İŞİD-i ayrı-ayrı şəxslərin deyil, məhz Səudiyyə Ərəbistanı ilə Qətərin maliyyələşdirdiyi göstərilib.
“Onu da xatırladım ki, Hillari Klinton dövlət katibi olarkən ABŞ-la Səudiyyə Ərəbistanı arasında silah satışı üzrə 80 milyard dollarlıq ən böyük saziş bağlanıb” –deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Hillari Klinton barəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib.
Bunu FTB-nin direktoru Ceyms Komi bəyan edib. O artıq bununla bağlı Konqresi məlumatlandırdığını da bildirib.
C.Kominin sözlərinə görə, digər iş üzrə araşdırma aparılan zaman FTB həmin işin Klintonun xidməti və fərdi yazışmaları ilə əlaqəli olduğu qənaətinə gəlib.
İddiaya əsasən, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar aparıb. O, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaratmaqda ittiham olunur. /Modern.az/