Tarix : 2016 Nov 06
Kod 50671

Azərbaycanda Konstitusiyaya dəyişikliklər hüquqları məhdudlaşdırır

“Qəbul edilən dəyişikliklər vətəndaşların hüquqlarını məhdudlaşdıra və məhkəmə hakimiyyətinin müstəqilliyini təhlükə altına ala bilir, prezidentin səlahiyyətlərini artırır, onun siyasi məsuliyyətini azaldır, parlamentin hüququnu məhdudlaşdırır”
Arannews- BMT İnsan Hüquqları Komitəsi Azərbaycanda mülki və siyasi hüquqların vəziyyət haqda yekun hesabatını açıqlayıb. 
Bu məsələnin müzakirəsi oktyabrın 20-21-də Cenevrədə Azərbaycandan olan nümayəndələrin iştirakı ilə keçirilmişdi.

Konstitusiyaya dəyişikliklər hüquqları məhdudlaşdırır:
Komitə sentyabrın 26-dakeçirilmiş referendumdan, Konstitusiyaya dəyişikliklərin“parlamentin iştirakı və açıq müzakirələr olmadan” həyata keçirilməsi ilə bağlı narahatlığını bildirib.
  “Qəbul edilən dəyişikliklər vətəndaşların hüquqlarını məhdudlaşdıra və məhkəmə hakimiyyətinin müstəqilliyini təhlükə altına ala bilir, prezidentin səlahiyyətlərini artırır, onun siyasi məsuliyyətini azaldır, parlamentin hüququnu məhdudlaşdırır”, sənəddə deyilir.
Komitə əlillərə və imkanları məhdud insanlara qarşı diskriminasiya faktlarından narahatdır. Qurum qadınlara qarşı zorakılıq faktlarının mövcudluğunu vurğulayır.

Polisdə, cəzaçəkmə yerlərində zorakılıq, işgəncə, korrupsiya:
 “Komitə işgəncə və amansız davranış, o cümlədən islamçılara, jurnalistlərə, hüquq müdafiəçiləri və gənc fəallara qarşı işgəncə və amansız davranış haqda məlumatlardan narahatdır. Bu, bəzi hallarda onların ölümü ilə nəticələnir. Cəzaçəkmə yerlərində zorakılıq və işgəncə faktları, penitensiar xidmətdə və polis təcridxanalarında korrupsiya faktları var. Məhbuslar vəkillərlə görüşmək imkanlarından məhrumdur”.
 
İcra hakimiyyətindən asılı məhkəmələr:
Komitə məhkəmə sisteminin icra hakimiyyəti və prokurorluq orqanlarından asılılığından da narahatlığını ifadə edib.
 “Məhkəmə-Hüquq Şurası İcra Hakimiyyətinin təsiri altındadır, məhkəmə sistemi korrupsiyaya uğrayıb. Hakimiyyətin siyasətini və dövlət məmurlarını tənqid edən hüquqşünaslara qarşı siyasi motivli ittihamlar və fiziki hücumlar barədə məlumatlar var. Hüquq müdafiəçilərini, islamçılaraı, fəalları və jurnalistləri müdafiə edən vəkillərə təzyiqlər davam edir. Hakimiyyət bu halları aradan qaldırmalı və onların təkrarlanmasına yol verməməlidir”, hesabatda vurğulanır.
 
Ölkədən çıxışa qadağalar:
Komitə bəzi jurnalistlərin, müxalifətçi siyasətçilərin, hüquq müdafiəçilərinin və insan hüquqları üzrə vəkillərin ölkədən çıxışına qoyulan qadağa faktlarını pisləyir və onların dərhal aradan qaldırılmasına çağırır.
Sənəddə qeyd edilir ki, dini etiqad azadlığı məsələsində dindarların hüquqları məhdudlaşdırılır, müsəlman icmalarının Qafqaz Müsəlmanları İdarəsi-ndən icazə alması vacibdir, dini ədəbiyyata senzura var. 
Komitə əvvəlkitək ifadə azadlığının məhdudlaşdırılmasından, hüquq müdafiəçilərinin, gənc fəalların, siyasi opponentlərin, müstəqil jurnalistlərin və blogerlərin qorxudulmasından, siyasi motivli və narkotik maddə, xuliqanlıq kimi uydurma itthamlarla həbsindən narahatdır.
 
“Azərbaycan öz qanunlarına və vətəndaşların toplaşma azadlığından istifadə hüququnun təminatı təcrübəsinə yenidən baxmalı, bütün zorakılıq, hüquq-mühafizə orqanlarının güc tətbiq etməsi hallarını, özbaşına həbsləri və dinc nümayişçilərin saxlanması hallarını cəld və effektiv araşdırmalı, günahkarları məsuliyyətə cəlb etməlidir”, Komitə bildirir.
 
Qurum toplaşma və birləşmə azadlığına qanunverici məhdudiyyətlərin tətbiqi, müstəqil QHT-lərin qeydiyyatından imtina, onların fəaliyyətinə və xarici maliyyələşdirməyə qadağanın qoyulması, həmin müddəaların pozulmasına görə sərt cəzaları qeyd edir.
 
Naxçıvanda yaşayan şəxslərin mütləq hakim partiyaya üzv olması ilə bağlı tələblər barədə məlumatlar da hesabatda ifadəsini tapıb.
 
Komitə 2020-ci il noyabrın 4-dək növbəti dövri hesabatı təqdim etməyi və hazırki hesabatda əksini tapan tövsiyələrin yerinə yetirilməsinə dair informasiyanı sənədə daxil etməyi Azərbaycandan xahiş edib.
 
Hesabat 18 beynəlxalq müstəqil ekspertin iştirakı ilə tərtib edilib. Onlar mülki və siyasi hüquqlar haqda Beynəlxalq paktın tətbiqinin monitorinqini keçirirlər.
 
Bu çoxsəhifəli sənəd BMT insan hüquqları üzrə ali komissarın ofisi tərəfindən açıqlanıb, ölkədə real vəziyyət və qanunvericiliyin vəziyyətinin qiymətləndirilməsini əhatə edir.


  • Yazılıb
  • da (də) 2016 Nov 06
  • Göndərən مدير سايت Aran News