Üzümüzə gələn 5 ayda (İran təqvimilə il Novruz bayramında təhvil olur) Suriyada kimin qalib olacağı və Suriyanın gələcək müqəddəratı həll ediləcək.
“AranNews”-un verdiyi məlumata görə, Son bir neçə ayda Suriyada döyüşlərin intensivləşməsi və bu gün kürdlərin Suriyada İŞİD-in paytaxtı olan Rəqqa şəhərinə hücum edəcəyini bildirməsi də bunu göstərir. Eləcə də İraqda İŞİD-in mərkəzi şəhəri Mosula və Neynəva vilayətinə İraq höküməti qüvvələri, peşmərgələr və könüllü xalq dəstələrinin əməliyyata başlaması da bunu deməyə əsas verir.
Mosulun azad edilməsi əməliyyatını yəni İraqda İŞİD-ə qarşı mübarizəni Suriya müharibəsindən ayırmağın düzgün olmadığını bütün təhlilçilər bildirirlər. Ona görə Mosulun azad edilmə əməliyyatı birbaşa Suriya müharibəsinin də taleyini həll edəcək. Çünki İraqdan qaçan İŞİD Suriyaya yerləşməyi düşünür. İŞİD-ə qarşı döyüşən könüllü xalq dəstələri isə terrorçuları İraqda sonra Suriya hökümətinin verəcəyi razılıqla Suriya ərazisində də təqib etməyi düşünürlər.
Müharibələrin intensivləşdiyi zaman Suriya və İraq müharibələrində iştirakçıların müharibədən sonra nə əldə edəcəkləri barədə yazmaq qərarına gəldim.
İraq
İraq dövləti ölkəsində olan İŞİD terrorçu qruplaşması ilə mübarizə aparır. Ölkədə de-fakto mövcud olan Kürdistanla İraq dövlətinin əlaqələri var və İŞİD-lə mübarizədə ortaq məxrəcə gəliblər. Amma İŞİD ölkədən qovulduqdan sonra təmizlənmiş ərazilərdə İraq hökümətinin nəzarəti necə bərpa ediləcək və Kürdistanın münaqişə başlamazdan əvvəl hansı statusa malik idi onu qəbul edəcəyi sual atındadır. Çünki İraq Kürdistanı İŞİD-lə müstəqil mübarizə aparmaqdadır və peşmərgələrin azad etdiyi əraziləri İraq hökümətinə təhvil vermək istəmir. Bu isə müharibə bitdikdən sonra yeni münaqişənin yaşanmaslna səbəb ola bilər. Həmçinin son vaxtlar baş nazir Nəçirvan Bərzani bir neçə dəfə müstəqil olma barədə referendum keçirilməsi fikirlərini səsləndirib. İraq dövləti isə qətiyyən bununla razı deyil. Ölkəni terrorçulardan təmizləmək İraq dövlətini sevindirməklə yanaşı kürdlərlə bağlı problemlər yaradacaq…
Suriya
Suriya dövləti ölkədə həm İŞİD-ə həm də Azad Suriya Ordusu adı altında fəaliyyət göstərən onlarla xırda və böyük terror qruplaşmaları ilə mübarizə aparır. Suriyada müxtəlif ərazilərdə nəzarəti əllərində saxlayan kürdlər öz növbəsində Suriya hökümətinə fərqli münasibətdədirlər. Bəzi ərazilərdə yaşayan kürdlər Suriya hökümətini qəbul etsələr də, digər ərazilərdəki kürdlər artıq tam müstəqil olmalarını istəyirlər. ABŞ-dan dəstək alan bu kürdlər həm Türkiyə ilə sərhəddə möhkəmlənmək həm də Suriyada İŞİD-in mərkəzi olan Rəqqa şəhərini ələ keçirmək istəyirlər. Bununla onlar böyük bir əraziyə sahib olmaq istəyirlər. Hal-hazırda gücünü İŞİD və başlarında Nüsrə Cəbhəsi duran digər terrorçu dəstələrə səfərbər edən Suriya dövləti isə buna ancaq tamaşaçı olaraq qalmaqdadır. Suriya dövlətinin bütün gücü Hələbi terrorçulardan təmizləmək və digər cəbhələrdə mövqelərini əldən verməyib, imkan daxilində irəliləməkdir. Kürdlər bağlı isə ölkəni terrordan təmizlədikdən sonra qərar qəbul etməyi düşünür.
ABŞ
Hər iki ölkədə kürdlərə ABŞ dövləti hərbi dəstək verməkdədir. Bir fərqlə ki İraqda ABŞ kürdlərlə yanaşı İraq hökümətinə yardım edirsə, Suriyada bu yardımı yalnız kürdlərə edir. Suriya hökümətinə isə yardım edilmir. Əksinə Suriya müharibəsinin digər oyunçuları olan Azad Suriya Ordusu adlı terrorçular ABŞ tərəfindən himayə olunur. Bu terrorçular isə həm kürdlərə, həm İŞİD-ə həm də Suriya hökümətinə qarşı mübarizə aparmaqdadırlar. ABŞ-ın başlıca məqsədi Bəşər Əsəd hökümətini istənilən yolla devirməkdir. 6 ilə yaxındır davam edən Suriya münaqişəsində ABŞ hələki buna nail olmayıb. ABŞ həmçinin Suriya və İraq üç ölkə yaratmağı düşünür. Sünni, şiə və kürd dövlətləri. Bu rəsmi mövqe olmasa da ara-sıra amerikalı məsullar bunun qaçılmaz olduğunu bildirərək buna eyham vururlar.
Türkiyə
Bütün bu proseslərdə Türkiyəni unutmamaq lazımdır. İraq hökümətini və kürdlərin de-fakto mövcud olan Bərzani hökümətini qəbul edən Türkiyə, Suriyada nə Suriya hökümətini nə də kürdlərin yaratdığı kantonu qəbul etmir. Suriyada onlar Azad Suriya Ordusu adı altında fəaliyyət göstərən terrorçuları dəstəkləyirlər. Türkiyə dövləti hər bir vəchlə Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir və yöndə ASO-a yardım edir. Türkiyə həmçinin ASO-nu dəstəkləyərək bir müddət öncə sərhədlərində qərarlaşmış İŞİD-i bir neçə kilometr geri qovmağa müvəffəq olublar. İŞİD-dən təmizlənmiş ərazilərdə isə ASO ilə bərabər Türkiyə hərbi qüvvələri yerləşiblər. Türkiyə dövləti sərhəd boyunca kürdlərin əllərində olan ərazilərin də onlar tərəfindən geri alınmasını və İŞİD və kürdlərin bir az daha Suriya ərazisinə çəkilməsini istəyir və bu yöndə planlar çəkir fəaliyyət göstərir. Çünki İraq və Suriya ərazisində de-fakto mövcud olan Kürdistan, İraq və Suriya ilə sərhəddə yaşayan və sayı 25 milyona yaxın olan Türkiyə kürdlərində də hökümət qurmaq fikri yarada bilər. Onsuz da neçə illərdir radikal və terrora əl atan Türkiyə kürdləri bu yöndə fəaliyyət göstərməkdədirlər. Qonşu iki dövlətdə kürdlərin müstəqilliyə qovuşması isə Türkiyə kürdlərini də ilhamlandıra bilər. Odur ki, Türkiyə dövləti maksimum çalışır ki, qonşu ölkələrdəki kürdləri öz sərhədlərindən uzaq tutsun. Bu məsələdə Türkiyənin mövqeyi həm İraq həm Suriya həm də İran hökümətinin mövqeyilə üst-üstə düşür. Lakin bununla yanaşı adı çəkilən dövlətlər Suriya və İraqda Türkiyənin özünün və yaxud ona bağlı qüvvələrinin mövqelərinin olmasını istəmirlər. Çünki düşünürlər ki, Türkiyə İraq və Suriya ərazilərini zəvt edərək orada yerləşməyi düşünür. Türkiyə ASO-a yardım və İŞİD-i sərhəddən qovmaq üçün Suriya ərazisinə daxil olduğunu bildirsə də təhlilçilər Türkiyənin məqsədinin elə bu olduğu bildirilir. Həmçinin son günlər İraqla sərhədə ordu yığan Türkiyənin bu məqsədlə İraqa da ordu yeridəcəyi bildirilir
İran
Suriya və İraq müharibəsində ən böyük iştirakçılardan biri də İrandır. Suriyada münaqişə başlayandan Suriya hökümətini dəstəkləyən və bu işdə heç bir yardımı əsirgəməyən İran, həmçinin İraqda da İŞİD-lə mübarizədə İraq dövlətini tam dəstəkləməkdədir. Suriya və İraqda gedən müharibələrin tezliklə sona çatmasını istəyən İran, sülhün münaqişələr başlamazdan əvvəl İraq və Suriya sərhədləri necə idisə, elə o sərhədlərdə qalaraq bitməsini istəyir. Digər ölkələrin dildə dedikləri "biz Suriyanın və İraqın ərazi bütövlüyünü dəstəkləyirik və yeni dövlətlərin yaranmasını istəmirik" sözlərini yalnız İran həm sözdə və həm də əməldə dəstəkləyir. Çünki böyük plana görə həm İraq həm də Suriya ərazisində sünni, şiə və kürd dövlətləri qurulmalıdır. Bu isə İranı qane etmir. Çünki yaranacaq şiə dövlətlərilə İran isti münasibət yarada biləcəyi halda sünni dövlətlərilə bu isti münasibətləri qura bilməyəcək. Haşiyə olaraq İran-Suriya münasibətlərinin tarixinə çox qısa ekskurs edək ki, İranın Suriyanı nədən müdafiə etdiyini anlayaq.
İran İslam İnqilabından sonra İranı ilk tanıyan Suriya höküməti İran-İraq müharibəsində digər ərəb ölkələrindən fərqli olaraq İranın yanında yer almışdır. Silahla İranı təmin edən Hafiz Əsəd, həmçinin İraq ordusuna qarşı İran hərbçilərinə təlim keçmək üçün hərbi instruktorlarını da İrana göndərmişdir. Müharibə zamanı İraqın Suriya ərazisindən keçən neft nəqlinin dayandırılması göstərişini verən Hafiz Əsəd Səddam rejiminə iqtisadi zərbələr vuraraq yardım etmişdir. Bu səbəbdən 1982-ci ildə radikal sünniləri Suriya hökümətinə qarşı qaldıraraq ölkə ərazisində ona qarşı qiyam qaldırılmışdı. Həmçinin Suriyada münaqişə başlamazdan öncə həm körfəz ölkələri həm də Qərb Bəşər Əsəddən yalnız İranı və Hizbullahı dəstəkləməməyin əvəzində körfəz ölkələrində rəhbərlik edən krallar kimi firavan rəhbərlik edə biləcəyini bildirmişdilər. O isə bütün bunlardan imtina etmişdir. Odur ki, İran Suriya müharibəsini öz müharibəsi bilir və Bəşər Əsədin Suriyanın başında durması üçün əlindən gələni əsirgəmir.
Bundan başqa yaranacaq kürd dövlətləri eynilə Türkiyə kürdlərini necə müstəqilliyə ilhamlandıracaqsa, İran kürdlərində bu arzunu yaratmış ola bilər. İran üçün bu yalnız kürdlərin müstəqil olmaq istəyilə bitməyəcək. Xuzistan, Əhvaz, Sistan və Bəlucistan və həmçinin azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilər də müstəqil olmasını istəyə bilərlər. Bu isə İranın sonu deməkdir.
İraq höküməti və Bərzani hökümətilə isti münasibətdə olan İran, onların İŞİD-ə qarşı mübarizəsində onları dəstəkləyir və istədikləri yardımı əsirgəmir. Suriyada isə İran yalnız Suriya hökümətini dəstəkləyir. Çünki münaqişədən sonra əmələ gəlmiş kürd kantonu yeni bir şeydir və ABŞ tərəfindən dəstəklənməkdədir. İranın məqsədi həm Bəşər Əsəd hökümətini Suriyanın başında saxlamaq həm də Suriyanın sərhədlərini münaqişə vaşlamazdan öncə olduğu kimi qorumaqdır.
Rusiya
Münaqişəyə ən son qoşulan tərəf olan Rusiya həm İraq həm də Suriya hökümətini dəstəkləyir. Rusiya üçün İraq və Suriyanın bölünəcəyi yaxud bölünməyəcəyi önəmli deyil. Əlbəttə bölünməyərək əvvəlki sərhədlərdə qalması Rusiya üçün daha sərfəlidir. Çünki yeni yaradılacaq dövlətlər qonşu ölkələrə və oradan da federativ olab Rusiyaya da sıçraya bilər. Amma Rusiya üçün əsas olan İraq və Suriyada yeni yaradılacaq və yaxud əvvəlki sərhədlərdə qalacaq hökümət rəhbərlərinin onun mənafelərinin təmin etməsidir. Baxmayaraq ki, elə indiki halda da onun mənafeləri təmin edilir. Rusiya üçün əsas məsələ Qətər qazının Suriya ərazisindən Türkiyəyə, oradan isə Avropaya nəqli layihəsinin qarşısını hər bir imkanla almaqdır. Çünki Avropanı qazdan asılı saxlayan Rusiya üçün Qətər qazının Avropaya nəqli iqtisadi və siyasi fəlakətlə nəticələnəcək.
Livan
Livanı Suriya münaqişəsində Hizbullah təmsil edir. Mübaqişə başlayan zaman yalnız bir neçə nəfər döyüşçüsünü yalnız şiələrin müqəddəs ziyarətgahlarını qorumaq üçün göndərən Hizbullah, 2013-cü ildən Suriya müharibəsinə tam qoşulub. Bu illər ərzində 1000 nəfərdən artıq qurban verən Hizbullah, Suriyadan sonra növbənin Livana çatacağını anlayaraq düşməni yaranmış münaqişə ocaqlarında saxlamaq və əzmək üçün Suriya müharibəsinə qoşulub. Bundan başqa Hizbullahın bu gün əldə etdiyi güc məhz Suriya hökümətinin yardımları sayəsində mümkün olmuşdur. Livanla sərhədi olmayan İran, Hizbullahın güclənməsi üçün atdığı addımların əksəriyyətini Suriya höküməti vasitəsilə edib. Odur ki, Hizbullah bu müharibəni həm borcu həm də müqavimətin bir hissəsi bilir. Və Hizbullah da İran kimi Suriyada Bəşər Əsəd hökümətinin qalmasını istəyir.
Qətər
ABŞ və Qərblə isti münasibətdə olan Qətər əmiri, Qərbi Rusiya qazından asılılıqdan azad etmək üçün Suriya ərazisindən Türkiyəyə, oradan isə Avropaya Qətər qazını çatdırmaq və bunun müqabilində milyardlarla pul qazanmağı düşünür. Bəşər Əsəd hökümətinin bu plana razılıq verməməsi səbəb olub ki, Qətər, Səudiyyə Ərəbistanı və Qərb birləşərək Suriya hökümətini devirmək planını cızıb və həyata keçirmək istəyirlər. Bu yolda milyardlarla pul xərcləyən Qətərin əsas məqsədi istənilən hakimiyyətin Suriyada olmasından asılı olmayaraq qazını Avropaya nəql etməkdir.
Səudiyyə Ərəbistanı
1979-cü il İran İslam İnqilabından sonra ABŞ-ın Yaxın Şərqdə ən böyük müttəfiqi olan İran, ABŞ əsarətindən çıxır. Bir vaxtlar İran şahının əlini öpmək üçün növbəyə duran körfəz ölkələrinin rəhbərləri, bu inqilabdan sonra ABŞ-ın Yaxın Şərqdə ən böyük müttəfiqlərinə çevrilirlər.
İranın İslam dinin ikinci ən böyük qolu olan şiə dövlətini qurması, Qərbi bununla mübarizə üçün ən effektiv yol axtarmasına sövq edir. Və bu əlbəttə ki İslamın digər qolu olan sünnilikdən başqa bir şey ola bilməzdi. Radikal təfəkkürlü vahabi-təkfirçi ideyası isə bunun üçün ən gözəl variant idi. Milyonlarla dollar müqabilində bütün dünyada vahabibi deologiyasının təbliğinə yaşıl işıq yandıran Qərb, milyonlarla dollar müqabilində körfəz ölkələrinə müasir silahlar satırlar ki, həmin silahlar bu gün Suriya və İraqda döyüşən terrorçulara asanlıqla çatmaqdadır. Səudiyyə Ərəbistanın vahabi ideologiyasının şiəliyi düşmən hesab etməs, bu gün Qərbin və Amerikanın İrana, Suriyaya, İraqa və Hizbullaha qarşı ən böyük silahıdır. Minlərlə ruhi xəstələr məhz bu ideologiyanın sahibi olduğu üçün digər ölkələrdən Suriya və İraqa gələrək İŞİD-ə və yaxud Nüsrə Cəbhəsi kimi terrorçu qruplaşmalara qoşulublar və qoşulmaqdadırlar. Səudiyyə Ərəbistanı bu müharibəyə iqtisadi və siyasi nöqteyi-nəzərdən yanaşmaqla yanaşı həmçinin əqidəvi mübarizə kimi də yanaşmaqdadır. Düzdür, Bəşər Əsəd vaxtında onların dediyini qəbul edib İranla müttəfiqliyi kənara qoysa idi, bu gün onun qatil və ələvi olduğu şişirdilməzdi. Bəlkə də elə ondi də bunu etsə qəbul edərlər. Öz zombiləşmiş tərəfdarlarını alimləri tərəfindən fətvalar göndərərək Əsədin tövbə etdiyini və sairə ilə aldadarlar.
İsrail
İsrail birbaşa heç bir müharibədə iştirak etməsə də, hər iki ölkədə baş verənlər İsrail dövlətinə sərf edir. Bir zamanlar Fələstin və Hizbullaha tam dəstək verən Suriya bu gün İsrailin müdafiə naziri demişkən omlet halın dönüb. İraqda da İran meylli hökümətin müharibədə zəifləməsi İsrailə sərf etməkdədir. Hər iki ölkədə yaranacaq Kürdistan isə İsrailin çoxdankı arzusudur ki, bu işdə çox böyük işlər görürlər. /realnienovosti.com/