İŞİD tərkibində döyüşmüş azərbaycanlı Z. Abdullazadə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Arannews- Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terrorçu təşkilatı tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Zərbəli Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
hakim Samir Əliyevin prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmədə də sübuta yetirildiyini deyib. Prokuror Z. Abdullazadənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə kollegiyası müşavirəyə gedib. Sonra hökm elan olunub. Hökmə əsasən, Z. Abdullazadə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Z. Abdullazadə 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraqa gedib. O, həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən İŞİD terrorçu təşkilatın tərkibində hərbi təlimlər keçirib. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində İŞİD terrorçu təşkilatın tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib.