Amerika Federal Təhqiqat Bürosunun illik hesabatında deyilir ki, ötən il nifrət cinayətlərinin ümumi sayı 7%, müsəlmanları hədəfə alan nifrət cinayətlərinin sayı 67% artıb.
“AranNews”-un verdiyi məlumata görə, ötən illərdə Amerika cameəsində yaşayan müsəlmanların islamofobiya və müsəlmanlara qarşı nifrətdən doğan cinayətlərlə bağlı etdiyi şikayətlərin də sayı bu hesabatın doğruluğunu təsdiq edir.
FTB-nin verdiyi hesabat göstərir ki, keçən il müsəlmanlar əleyhinə nifrətdən doğan cinayətlərin sayı 11 sentyabr hadisəsindən dərhal sonra baş verən İslamofob cinayətlərdən də çox olub.
FTB-nin hesabatına görə, ötən il bütün ölkədə baş vermiş 5 min 850 nifrət cinayətinin 1244-ü dini zəmində olub.
Amerika - İslam Əlaqələri Şurası bəyanat yayaraq elan edib ki, Müsəlmanlar əleyhinə durmadan və gözlənilmədən artan irqi, dini və milli ayrıseçkilik və təəssübkeşlik Amerikanın dövlət başçıları, xüsusilə də Donald Trampın tərəfindən ən şiddətli şəkildə məhkum edilməlidir.
Qeyd edək ki, Donald Tramp keçən ilin prezidentlik seçkilərinə rəqabət kampaniyası zamanı müsəlmanlar əleyhinə çıxışlar etmişdi və buna görə də ABŞ-da müsəlmanlara qarşı cinayətlərin artmasında birbaşa Donald Trampın çıxışlarının təsiri olduğu bildirilir. /azadliq.org/