Arannews- "1400 il öncə bir qrup tanınan və hörmət olunan şəxslər İmam Hüseynə (ə) dedilər ki, Hüseyn, Kərbəlaya getmə. İmam Hüseyn (ə) onlara cavabında “Allah məni Kərbəlada görmək istəyir”,- dedi. Onlar isə “Özün gedirsən get, xanımları, balaca qızları aparma. Yezid (l) sənin əhli-əyalına hörmət qoymaz”,- dedilər. Vəhy mələklərinin gediş-gəliş etdiyi evdə dünyaya gələn İmam Hüseyn (ə) dedi: “Allah mənim əhli-əyalımı da mənimlə birlikdə Kərbəlada görmək istəyir”. İmam Hüseynə (ə) bu sözləri deyənlər, Yezidi tanıdıqları üçün dediklərində həqiqət var idi, düz deyirdilər. Çünki onlar bu işin nəticəsini görürdülər. Ancaq onlar nəticəni məhz o gün üçün görürdülər və gələcəyi görməkdə aciz idilər.Necə ki, bir zaman Allah Təala insanı xəlq edəndə mələklər “Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”,- söylədilər. (Allah onlara: ) “Mən bildiyim şeyi siz bilmirsiniz!”,- buyurdu. Onlar cinayətləri görürdü, itaəti isə görmürdülər. Mücərrəd olmalarına baxmayaraq mələklər məxluq olduqları üçün elmləri məhduddur. Onlar Qabili görür, Habili isə görmürdülər. Qabil Habilə “Mən səni öldürəcəm”,- dediyi halda, Habil Qabilə “Mən Allahdan qorxuram, istəmirəm adım tarixdə cinayətkar kimi qalsın”,- demişdi.
Hər elmli insan uzaqgörən demək deyil. İmam Hüseyn (ə) Aşuradan sonra insanların təbriyə olunacaqlarını, "Ərbəin" yürüşü edəcəklərini və İmam Zamana (ə.f) əsgər yetişdiriləcəyini görürdü. Ancaq İmama ağıl öyrədənlər bu günləri görmürdülər. "Ərbəin" ziyarəti Əhli-beyt tərəfdarlarının əlamətidir. "Ərbəin" Aşuranın davamıdır. "Ərbəin" Aşura məktəbinin yetişdirdiyi ən böyük oyanışdır. İmam Həsən Əsgəri (ə) buyurub: “Möminin 5 əlaməti var. Biri "Ərbəin" ziyarətinə getməsidir.” O vaxt Abbasilər "Ərbəin" ziyarətinə qadağa gətirdikləri zaman, ziyarətə getmək istəyənlərdən pul istəyirdi. Bəzi vaxtlarda zəvvarların əlini kəsmələrini də istəyiblər. "Ərbəin" aşiqləri “əl-ayaq nədir bütün varlığımızı verərik”,- dedilər və aşiq olduqlarını isbatladılar. İmam Hüseyn (ə) bizləri cəhalətdən çıxarmaq üçün öz başından keçdi. Biz də, onun adını yaşatmaq üçün canımızdan keçməyə hazır olmalıyıq.
Allah Təala bütün peyğəmbərlərə (ə) Kərbəla ziyarətini etməyi əmr etməsə də, hamısına Kərbəlanı ziyarət etdirib. Bizi neçə km Kərbəlaya aparan "Ərbəin" adlı dini eşqdir. Diqqət edin; Əgər dini eşq varsa, onu qoruyan dini qeyrətimiz də olmalıdır. Əhli-Beyti seviriksə, onların qeyrətini üstümüzə çəkməliyik. Quran, Əhli-beyt - İslam dini bizim qeyrətimizdir. Həmçinin "Ərbəin" ziyarəti Əhli-beyt tərəfdarlarının qeyrətidir. Peyğəmbər (s) : “Mən sizin aranızda iki əmanət - Quran və Əhli-beyti qoyuram”,- buyurmuşdu. Dinin sütunu namaz olduğu kimi, Əhli-beytin sütunlarından biri də "Ərbəin" ziyarətidir.
Salam olsun, Hüseynə (ə)
Salam olsun, Hüseynin (ə) övladlarına və səhabələrinə!
Salam olsun, Hüseynin (ə) zəvvarlarına.
Salam olsun əlləri bağlı onu uzaqdan ziyarət edən həqiqi məzlumlara!
İlahi, Yer üzündə tezliklə, Quran və Əhli-beyt hakimiyyətini bərqərar et!
İlahi, Yer üzünün bütün zalımlarını məhv et!”
İlahi, İmam Zamanın (ə.f) zühurunu tezləşdir!
Əs-Səlamu əleykum əla ibadillahis-salihin!"
Hacı Abgül Süleymanovun çıxışlarından götürülüb...