Şair Ramaldanov: "biz torpaqlarımızı 10-14 günə azad etməli, ərazi bütövlüyümüzü bərpa etməliyik".
Arannews- “İşğal olunmuş əraziləri azad etmək üçün Azərbaycan Ordusuna cəmi bir neçə km-lik əməliyyat keçirmək lazımdır. Onu da qısa zaman ərzində mövcud iradə, silah-sursatla etmək mümkündür”.
Bunu hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan tanınmış polkovnik Şair Ramaldanov deyib.
Ekspert qeyd edib ki, Azərbaycan Ermənistanla dövlət sərhədinə qədər dərinliyi çox da böyük olmayan əməliyyatlar keçirməklə işğal olunmuş əraziləri qısa müddətə tam azad edə bilər: “Azərbaycan Ordusu 1994-cü ilin yanvarında Horadiz əməliyyatı zamanı 2 gün ərzində 25 km irəliləyərək 25 kəndi azad etmişdi. O zaman ermənilər artıq 3 ay idi ki, mövqelərini tutub, müdafiədə oturmuşdular.
Amma Azərbaycan Ordusu hələ o çətin vaxtda Füzuli istiqamətində uğurlu əməliyyat apararaq cəmi 2 günə 25 km-ə qədər irəliləyə bildi. İndi Ermənistan sərhədinədək olan məsafəni həmin 25 km-lərə böləndə görün cəmi neçə günə torpaqları azad etmək olar? Ona görə də deyirəm ki, burada yüzlərlə km-lik əməliyyatlar aparmağa ehtiyac qalmayacaq və genişmiqyaslı döyüşlər başlasa, bu, uzun müddət davam etməyəcək. Mən dəfələlərlə demişəm ki, biz torpaqlarımızı 10-14 günə azad etməli, ərazi bütövlüyümüzü bərpa etməliyik. Mən əminəm ki, Ordumuz buna nail olacaq”.
Onun fikrincə, aprel döyüşləri göstərdi ki, artıq cəmiyyətimiz də buna hazırdır: “Həmin günlərdə iqtidarlı-müxalifətli, uşaqlı-böyüklü hamı “Qarabağ!” uğrunda birləşmişdi. Aprel döyüşlərinin ən böyük əhəmiyyətlərindən biri də məhz bu idi. Artıq həm cəmiyyət, həm də Silahlı Qüvvələr hazır olandan sonra yalnız bir məsələ qalır - Azərbaycan hərbi əməliyyatlar keçirərək torpaqlarını azad eləsin və gələcək nəslə artıq tam azad olmuş Azərbaycanı miras qoysun. Bu, hazırda əli silah tutan hər bir azərbaycanlının borcudur”.