“AranNews”-un verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Safa Sarayında keçirilən İƏT xarici işlər nazirlərinin növbədənkənar iclasında bu vəzifəyə doktor Yusuf əl-Useymin gətirilib.
Toplantıda İƏT-in baş katibi postundan səhhətində yaranmış problemlərlə əlaqədar istefa vermiş İyad əl-Mədəniyə təşəkkür edilib.
Yusuf əl-Useymin dərhal vəzifəsinin icrasına başlayıb. O, bu vəzifəyə gətirilənədək İƏT baş katibinin baş müşaviri və aparatının rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, Yusuf əl-Useymin Səudiyyə Ərəbistanının Uneyza şəhərində doğulub və Kral Səud Universitetindən sosioloji və sosial xidmətlər ixtisası üzrə məzun olub. Eyni zamanda, Ohayo Universitetində magistr təhsili alıb. O, müxtəlif illərdə Səudiyyə Ərəbistanı Sosial İşlər Nazirliyində müşavir, nazir müavini, nazir məsləhətçisi və nazir vəzifəsində çalışıb. Kral Abdullah Vəqfinin baş katibi, Səudiyyə Ərəbistanı Mədəniyyət Sənət Dərnəyinin sədri işləyib. Yusuf əl-Useymin 1969-cu ildə yaradılmış İƏT-ə sədrlik edən ikinci səudiyyə ərəbistanlıdır. /Anadolu/