Nardaranın məzlum şəhidlərinin birinci ildönümü mərasimi Təbriz şəhərinin vilayətçi əhalisi və bir sıra dövlət xadimlərinin iştirakı ilə İmam Sadiq (ə) məscidində keçirildi.
AranNews - Nardaran şəhidlərinin birinci ildönümü mərasimi Təbriz şəhərinin İmam Sadiq (ə) məscidində keçirildi. Təbriz əhalisinin və dövlət xadimlərinin iştirak etdiyi bu mənəvi mərasim Qurani-kərimdən bir neçə ayənin tilavəti ilə başlandı. Mərasimin davamında höccətül-islam vəl-müslimin Nəzəri nitq söylədi. Xətib dünya imperializminin və uşaq qatili sionist rejimin İslam və müsəlmanlara qarşı məkirli planlarından və Azərbaycan Respublikasında baş verən hadisələr və onun mahiyyətindən danışdı.
Öz çıxışının mövzusunu “bizim vəzifəmiz” adlandıran cənab Nəzəri İslam, Quran və Əhli-beyti (ə) müdafiə yolunun çətinlik və zəhmətlərindən söz açdı, bu yolda bəsirətli və səbirli olmağı çətinliyə dözməyin ən bariz xüsusiyyətləri sırasında qeyd etdi.
Xətib çıxışının davamında bir sıra mövzulara da toxundu. O cümlədən:
Qərb ölkələri deyir ki, Sovetlər Birliyi əjdaha idi və onun parçalanmasından sonra indi zəhərli ilanla, yəni İranla mübarizə aparırıq. Qərb “şiə ayparası” layihəsini ortaya atmaqla şiə və sünnü arasındakı bağlılıqları qırmaq, onlar arasında ixtilaf yaratmaq fikrindədir. Qərb mədəniyyəti də İslam və şiələrə qarşı yönəlmişdir. Belə bir zamanda İslam ölkələrinin vəzifəsi nədir?
Müsəlmanlara hücum olunduğu dövr olan indiki zamanda İslam ölkələrinin vəzifəsi bir-birinə yaxınlaşma siyasəti olmalıdır. Əhalisinin 85 faizi şiə olmaqla Azərbaycan Respublikası İrandan sonra ikinci şiə ölkəsidir. Cəmiyyətinin 85 faizi şiə olan bir ölkənin kimliyi “Ya Hüseyn” və “Ya Mehdi”dir. Bu kimliyi dəyişdirmək mümkün deyil. Azərbaycan Respublikasının elitası və dövlət rəsmiləri bu məsələyə diqqət etməlidir. Xalqın kimliyini dəyişkən kimliyə döndərmək olmaz. Azərbaycana Mehdisiz və Hüseynsiz baxmaq mümkün deyil. Namaz qılmalarının qarşısını almaq, divarlardan imamların (ə) adını məhv etmək mümkün olsa da Azərbaycan xalqından şiə kimliyini almaq mümkün deyil.
Kaş ki, Azərbaycanın rəsmiləri bu ölkə xalqının Ərbəin mərasimində iştirakını və əzadarların İmam Hüseyn (ə) bayrağını dalğalandırması səhnəsini görürdülər. Nə üçün onların öz ölkəsində bu iş üçün icazələri olmasın? Azərbaycan xalqının ziyarət karvanlarının Samirədə iştirakı onların Əhli-Beyt (ə) məktəbinə sevgisinin yüksək həddə olmasını nümayiş etdirir. Siz elə düşünürsünüz ki, “Ya Hüseyn” yazılmış bayraqları öz ölkənizdə onların əlindən alsanız, onlar sakit dayanacaqlar və heç nə deməyəcəklər? Azərbaycanlı kişilərlə birgə qadınların da Ərbəin yürüşündə iştirakı bu xalqın ürəyində Hüseyn (ə) sevgisinin dərinliyini göstərir. Nə üçün bəziləri Azərbaycan və azərbaycanlılar üçün saxta kimlik yaratmaq ardıncadırlar? Bir kəsin zatını ondan almaq mümkündürmü? Bu hərəkətlər bəzi dövlətlərin səhv hesablamalarından qaynaqlanır. Əgər öz ölkənizin həqiqətlərinə diqqət etsəniz, Əhli-Beytə (ə) aşiq dindar kişi və qadınları görsəniz, Azərbaycanda olan şəhidlərin sayına baxsasnız, artıq bu hadisələrin arxasında İranın dayandığını iddia etməyəcəksiniz. Şiəlik Azərbaycan xalqının qanına qarışmışdır. Bunu nə hansısa bir ölkə yarada bilər, nə də hansısa bir güc oradan çıxara bilər. Nə üçün həqiqəti gizlədirsiniz və Azərbaycan xalqının dininin həqiqətlərini digər ölkədən alınma adlandırırsınız? Tanınmış bir müctehid sizin ölkənizə səfər edir və bir gənc onun əlini öpür; bu pis bir işdirmi? Şərab içibdirmi? Adam öldürübmü? Hansı hərəkətinə görə onu vətən xaini adlandırırsınız? Bu gənc bir alimin əlini öpmüşdür. Ancaq siz özünüz kimin əlini öpürsünüz? Necə olur ki, İmam Hüseynin (ə) matəm bayrağını götürmək cinayət hesab edilir, ancaq Eurovision kimi pozğun bir müsabiqə savab adlanır? Hansı qeyrətli insan homoseksualların paradına haqq qazandıra və onu insan təbiətinə uyğun hesab edə bilər? Heç vaxt bir düşüncəni camiədən almaq mümkün deyil. Heç vaxt xalqın zatını puç proqramlarla dəyişdirmək mümkün deyil. Nə üçün Qarabağın azad olunması üçün amil ola biləcək şiə mədəniyyətinin genişlənməsini və şiə birliyinin yaradılmasının yerinə şiə təfəkkürü və anlamları ilə mübarizə edir, onu məhv etməyə çalışırsınız?
Azərbaycan Respublikasının dövlət rəsmilərinə tövsiyə edirəm ki, Ali-Xəlifənin Bəhreyndə etdiyi səhvi və Əhli-Beyt (ə) ardıcıllarının qarşısında dayanmasını təkrar etməsinlər. Çünki bu viranedici bir seldir.
Mərasmin davamında məddah Mehdi Xadim Azəriyan İmam Hüseynin (ə) müsibətlərindən zikr etdi, İslam şəhidləri, xüsusilə də Nardaranın məzlum şəhidlərinin uca məqamları haqqında şer oxudu.
Qeyd edək ki, mərasimdə Nardaran və Nardaranın məzlum şəhidlərinə aid video-çarx da nümayiş etdirildi.