QAT sədri: "Məmurlar öz funksiyalarını yerinə yetirmirlər, insanları haqsız yerə incidirlər, vətəndaşların əlləri hər yerdən üzüləndə bizim kimi ictimai təşkilatlara müraciət edirlər".
AranNews - Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Sumqayıt İcra Hakimiyyətinin işçilərindən qanunsuz hərəkətləri ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
müraciətdə deyilir:
"Məmurların özbaşınalığından əziyyət çəkən vətəndaşlarla bağlı Sizə müraciət etmək məcburiyyətində qalırıq. Məmurlar öz funksiyalarını yerinə yetirmirlər, insanları haqsız yerə incidirlər, vətəndaşların əlləri hər yerdən üzüləndə bizim kimi ictimai təşkilatlara müraciət edirlər. Biz cəmiyyətdə mənfi əhval-ruhiyyənin yaranmaması üçün onların haqlı şikayətlərini Sizə çatdırmağı özümüzə borc bilirik. Məmurların bir qismi qanunları, fərmanları, sərəncamları yerinə yetirmirlər, nəticədə vətəndaşlar narazı qalırlar. Konkret olaraq Sizə bildiririk ki, Sumqayıt şəhər sakini Məmmədov Fərhad Nəhmət oğlu ona işlədiyi zavod tərəfindən bağçılıq təsərrüfatı üçün ayrılmış ərazidə ev tikmək istəyir, inşaat işlərinə başlayıb, lakin Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq şöbəsinin əməkdaşları tikintinin aparılmasına imkan vermir, tikinti üçün bütün sənədlərin olmasına baxmayaraq, gəlir, nə tikilibsə uçururlar. Ətrafda hamı tikir, onlara heç nə demirlər,çünki lazımi yerlərə “hörmət” eləyiblər. Fərhad Məmmədova da deyirlər ki, “hörmətini elə”, sonra tik, eyham da vururlar ki, “hörmət” Sumqayıt icra hakimiyyətinin başçısına çatacaqdır.
Xahiş edirik ki, bu neqativ halların aradan qaldırılması, günahkar məmurların cəzalandırılması üçün göstərişlərinizi verəsiniz."