Tarix : 2016 Dec 03
Kod 50836

Daha iki jurnalist həbs edilib

bu jurnalistlər İkram Rafiqoğlu və Əfqan Sadıqovdur.
Arannews- "Son günlər 2 jurnalist həbs olunub. Bunlar İkram Rafiqoğlu və Əfqan Sadıqovdur. Daha bir jurnalist- Kanal 13 internet televiziyasının əməkdaşı Teymur Kərimov haqqında isə Bərdə rayon polis şöbəsində cinayət işi açıldığı bildirilir". Bunu öz facebook səhifəsində hüqqu müdafiəçisi Oktay Güalıyev yazıb.
 
"Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə realliq.info internet informasiya portalının baş redaktoru İkram Rafiq oğlu Rəhimov CM-nin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalistin vəkili Elçin Sadıqov bildirir ki, İkram Rafiqoğlunun həbsinə səbəb olan realliq.info-da dərc edilən yazının qısa mahiyyəti "Ən Ucuz" ticarət mərkəzlərinin vergidən yayınması (Vergilər Nazirliyinin müvafiq məktubları ilə vergidən yayınma öz təsdiqini tapıb) və bu ticarət mərkəzlərinin Zakir Fərəcov tərəfindən bağlanması, mərkəz rəhbərinin Zakir Fərəcova rüşvət verməsindən sonra fəaliyyətini bərpa etməsi ilə bağlıdır.
Xüsusi ittihamçı "Ən Ucuz" ticarət mərkəzlərinin rəhbəri Vüqar Qələndərovdur.
Vəkil bildirib ki, 25 noyabr 2016-cı il tarixdə məhkəmə zalında həbs edilməsinə baxmayaraq, onu təcridxanaya yox, Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar. "Onu 3 gün qeyri-qanuni olaraq Sumqayıt Şəhər Polis İdarəsində saxlayıblar.
Əməliyyat işləri üzrə müavini Hikmət Qasımovun otağında ona işgəncə veriblər. Video kamera ilə canlı olaraq Zakir Fərəcovdan üzr istəməsini tələb ediblər.
Bunu etmədikdə onun başına ağır qoxulu sellofan torba keçirib, nəfəsi kəsilənə qədər tutublar. Sonra yenə üzr istəməyi tələb ediblər. Bildirir ki, bütün bu proseslər canlı videoçatla həyata keçirilib.
Yəni Zakir Fərəcov kameranın o bir tərəfindən onu görüb. Sonra üç nəfəri polis idarəsinə gətiriblər və onları məcbur ediblər ki, onun üzünə dursunlar. Dəfələrlə başına sellofan torba keçirdikdən sonra o, bu işgəncələrə dözməyib və başını stulun başına vurmaqla sol gicgah nahiyyəsinə xəsarət yetirib. Bundan sonra işgəncələr dayanıb.
Kamera söndükdən sonra polislər deyib ki, o, düz deyir, amma onların naziri Zakir Fərəcovdur, məcburdurlar Z.Fərəcovun dediklərini etməyə. Xəsarətinin tam sağalması üçün onu Sumqayıt Şəhər Polis İdarəsində saxlayıblar və yarası tam sağalandan sonra təcridxanaya göndəriblər". 
Görürsünüzmü, artıq icra başçıları özlərini kiçik padişahlar kimi aparırlar. Sifariş verib adam həbs etdirirlər, özü də jurnalisti. Və onun başına torba, solafan keçirib işgəncə verdirirlər.
 Həbs olunan başqa bir jurnalsit isə Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqovdur. Ona qarşı CM-in 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. Onunla bağlı məhkəmə prosesi Cəlilabad rayon məhkəməsində keçirilir. 
Əfqan Sadıqovun da vəkili Elçin Sadıqovdur. O müdafiə etdiyi şəxslə görüşüb. Həbsdə olan jurnalist ki, peşə fəaliyyətinə görə, xüsusən rayondakı qanunsuzluq faktlarını ictimailəşdirdiyinə görə həbs olunub və özünü təqsirli bilmir.
Mətbuat cəmiyyətin aynasıdır. Həmin aynada özünü çirkin və eybəcər görən məmurlar özlərini abıra salmaq əvəzinə aynanı sındırırlar. Yəni onların eybini göstərən jurnalistləri həbs edirlər. Bu məmurlar başa düşmürlər ki, aynanı sındırıb- jurnalistləri həbs etməklə öz eyblərini düzəltmirlər, əksinə özlərini daha da ifşa və biabr edirlər".

  • Yazılıb
  • da (də) 2016 Dec 03
  • Göndərən مدير سايت Aran News