Arannews- AİP liderinə qarşı yönələn təzyiqlər ölkə ziyalıları və inanclı kəsimi tərəfindən etirazla qarşılanıb.
Namizəd Səfərov: “Əvvəldən də Mövsüm Səmədova qarşı hakimiyyət tərəfindən təzyiqlər var idi. Bu hal indi də təkrarlanır”.
Tanınmış hüquq müdafiəçisi Namizəd Səfərov da, AİP liderinin karsa salınmasına münasibət bildirərkən sərt mövqe sərgiləyib: “ Hesab edirəm ki, bu çox haqsız addımdır. Əvvəldən də Mövsüm Səmədova qarşı hakimiyyət tərəfindən təzyiqlər var idi. Bu hal indi də təkrarlanır. Hacı Mövsüm Səmədov beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır. Baxmayaraq ki, AİP liderinin həbsdə keçirdiyi müddət onun azadlığa buraxılmasına imkan verir, lakin hökumət bu addımı atmır. Mövsüm Səmədov 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü qısa zamanda heç bir daxili qanun pozuntusuna yol verə bilməz. Ümumiyyətlə o, çox təmiz, vicdanlı və dinin tələblərini yerinə yetirərək ömür sürən bir insandır. Doktor Səmədova qarşı edilən təzyiqlər, hökumətin mənfur niyyətindən əl çəkmək istəmədiyini göstərir”.
Eldəniz Quliyev: “Hacı Mövsüm Səmədova qarşı yönələn təzyiqləri qətiyyətlə pisləyirik”
Məsələ ilə bağlı danışan Azərbaycan Ziyalılar Birliyi”nin sədri, “İnanclı İnsanların Hüquqlarının Müdafiəsi komitəsi” nin rəhbrəri Eldəniz Quliyev hökuməti qisasçı mövqe tutmaqda günahlandırıb: “Biz hər zaman hacı Mövsüm Səmədovun taleyindən nigaran olduğumuzu bəyan etmişik. Eyni zamanda saxlanıldığı həbsxanalarda ona qarşı edilən təzyiqlərə etirazımızı bildirmişik. Hesab edirik ki, bu təkcə doktor Səmədova qarşı yox, bütovlükdə inanclı insanlara qarşı yönələn təzyiqlərdir”.
Eldəniz Quliyev qeyd edib ki, Mövsüm Səmədovun 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən dərhal sonra karsa salınması heç bir çərçivəyə sığmır: “ Biz hökumətin bu addımına kəskin bəyanatla etirazımızı bildirmişik. Bəyanatımız mediada da öz əksini tapıb. Hacı Mövsüm Səmədova qarşı yönələn təzyiqləri qətiyyətlə pisləyirik”.
Rövşən Əhmədli: “Mövsüm Səmədova qarşı edilən haqsızlıqlar, onun konstitusiya və insan azadlıqları hüquqlarını kobud şəkildə pozur”
“Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı” nın rəhbəri Rövşən Əhmədli də, hacı Mövsüm Səmədovun karsa salınmasına münasibət bildirib. O, qeyd edib ki, Doktor Səmədovun həbsxana həyatında məruz qaldığı işgəncələr , onun saxta ittihamlarla tutularkən üzləşdiyi təzyiqlərin davamıdır: “ Mövsüm Səmədovun qanunlara hörmət edən dürüst bir insan olduğunu hər kəs bilir. Belə bir insanı guya daxili qayda-qanunları pozduğu üçün dərhal karsa salmaq, ona qarşı edilən təzyiqlərin bitmədiyini sübuta yetirir. Bununla əlaqədar biz etiraz bəyanatı hazırlamışıq. İnanclı insanlara və qanunsuz həbs edilən bütün şəxslərə qarşı yönələn təzyiqlərin dərhal dayandırılmasını tələb etmişik. Düşünürük ki, Mövsüm Səmədova qarşı edilən haqsızlıqlar, onun konstitusiya və insan azadlıqları hüquqlarını kobud şəkildə pozur”.