İran Prezidenti Həsən Ruhani ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın nüvə razılaşmasına zərər verməsinə icazə verməyəcəklərini bildirib.
“AranNews”-un verdiyi məlumata görə, Paytaxtdakı Tehran Universitetində çıxış edən Ruhani Trampın seçilməsindən sonra İranın P5+1 ölkələri ilə keçən il bağladığı nüvə müqaviləsinin təhlükəyə girmə ehtimalı məsələsində cəmiyyətdə yaranan narahatlıqları aradan qaldırmağa çalışıb.
Ruhani "ABŞ-da bir adam seçilib. Planı nə olursa olsun, bu daha sonra ortaya çıxacaq. Bəli, o bir çox şeyi istəyə bilər. Nüvə razılaşmasına zərər verməyi istəyə bilər. Müqaviləni pozmaq istəyə bilər. Sizcə, biz və millətimiz buna imkan verə bilərikmi?", - deyə qeyd edib. Ruhani bu istəklərin İranın iradəsinə təsir etməyəcəyini diqqətə çatdırıb.
Respublikaçı Tramp prezidentliyə namizədliyi zamanı keçirdiyi kampaniyada müqaviləni fəlakət kimi qiymətləndirmiş və yenidən müzakirə etmə vədini vermişdi. Ötən il İran ilə ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin, Almaniya və Aİ arasında bağlanan müqavilədə İranın nüvə fəaliyyətlərini məhdudlaşdırması qarşılığında bu ölkəyə tətbiq edilən iqtisadi sanksiyaların böyük miqdarda yüngülləşdirilməsi razılaşdırılmışdı. /RealnieNovosti/