Tarix : 2016 Dec 12
Kod 50932

Azərbayacan ictimaiyyəti netanyahunun səfərinə sərt reaksiya verib

Benyamin Netanyahunun Azərbaycana səfəri , əhalisinin 90%-dən çoxu müsəlman olan Azərbaycan xalqı tərəfindən böyük etirazla qarşılanıb.
Arannews- Netanyahunun Azərbayacana gəlişi ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılandı.

Sözügedən səfərlə bağlı tanınmış siyasi xadimlər münasibət bildiriblər.

Xəbər verdiyimiz kimi cinayətkar sionist rejiminin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri planlaşdırılır. Artıq sözügedən səfər, əhalisinin 90%-dən çoxu müsəlman olan Azərbaycan xalqı tərəfindən böyük etirazla qarşılanıb. Belə bir səfərin xüsusilə əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) mövlud günləri ərəfəsində başa tutmasına, böyük əhali kütləsi ciddi şəkildə etiraz edib.
 
 İlqar İbrahimoğlu: “sionist rejiminin baş nazirinin Azərbaycana səfərini mənfi dəyərləndiririk” 
İlahiyyatçı, DEVAMM sədri İlqar İbrahimoğlu açıqlaması zamanı bildirdi ki, Netanyahunun Azərbaycana gəlişi, uşaq qatilinin səfəri kimi dəyərləndirilməlidir.  Dünya səthində Benyamin Netanyahunun terror rejiminin başçısı kimi tanındığını söyləyən DEVAMM sədri, hər bir müsəlman tərəfindən sözügedən şəxsin lənətlənməli və pislənməli olduğunu dilə gətirib: “Birmənalı olaraq sionist rejiminin baş nazirinin Azərbaycana səfərini mənfi dəyərləndiririk. Azərbaycan insanı və dövləti üçün sionist rejimi tərəfdən hər hansı bir xeyirin gəlməsi mümkünsüzdür. sionist rejimi islam ümməti üçün yaradılmış bir bəla və müsibətdir. Qondarma Qarabağ rejiminin rəhbərliyi hər hansı bir yerə səfər edərkən necə narahatlıq keçiririksə, qeyri-legitim sionist rejiminin Azərbaycana gəlişindən də eyni formada təsirlənirik. Digər narahatedici bir məqam isə budur ki, səfər əziz islam peyğəmbərinin(s) mövluduna yaxın günlərdə baş tutur. Ümid edirik ki, yaxın gələcəkdə xalqımızın bəsirətliyi və ayıqlığı nəticəsində onlar bu cür mövzularda özlərində cəsarət tapmayacaqlar.”
 
Rövşən Əhmədli: “Ərazisinin 20%-dən çoxu işğal altında olan bir ölkəyə, 60 ildir fələstinlilərin doğma torpaqlarını əsarətdə saxlayan və onlara olmazın zülmlər edən rejimin baş nazirinin səfəri yolverilməzdir”
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli isə açıqlaması zamanı qeyd etdi ki, terrorçu sionist rejimin baş nazirinin Azərbaycana gəlməsi maraqlarımıza ziddir. Rövşən Əhmədli onu da əlavə etdi ki, ərazisinin 20%-dən çoxu işğal altında olan bir ölkəyə, 60 ildir fələstinlilərin doğma torpaqlarını əsarətdə saxlayan və onlara olmazın zülmlər edən rejimin baş nazirinin səfəri yolverilməzdir, zərərlidir: “Bu cür səfər Azərbaycanın islam dünyasındakı mövqeyinə ziddir. Səfərin məqsədindən asılı olmayaraq bəşəriyyətə düşmən kəsilən cinayətkar bir rejimin rəhbərinin Azərbaycana səfəri arzu edilən deyil. Digər bir məsələ budur ki, Netanyahu deyilən şəxs təkcə müsəlmanlar arasında yox, eyni zamanda Avropa və Amerika insanları arasında da cinayətkar kimi tanınır və əleyhinə imzalar toplanır. Yəni qeyri-müsəlman xristian ölkələri də Netanyahunu insan qatili adlandırırlar. Bu baxımdan belə bir şəxsin Azərbaycana gəlişi təəssüf doğurur.”
 
Eldəniz Quliyev: “Bizə günahsız insanların qanına göz yummaq hesabına başa gələn siyasi divident lazım deyil”
Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə açıqlamasında vurğuladı ki, sionist rejim tərəfdən fələstində qətl edilən, öldürülən körpə, cavan və qocaların nalələrini unutmaq mümkün deyil. Azərbaycan əhalisinin də müsəlman ümmətindən hesab edildiyini söyləyən Eldəniz Quliyev, yazılmayan qanunlara əsasən digər müsəlmanlarla bizlərin də arasında qardaşlıq bağalarının olduğunu bildirdi: “Əgər qardaşımı qətlə yetirən rejimin rəhbəri Azərbaycana gəlirsə, əlbəttə ki, hər bir müsəlmanın bu səfərə münasibəti mənfi olmalıdır. Heç bir halda hər hansı bir siyasi uduş və ya divident minlərlə günahsız insanın qanından üstün ola bilməz. Bizə günahsız insanların qanına göz yummaq hesabına başa gələn siyasi divident lazım deyil.”
 
Qurban Məmmədov: “Düşünürəm ki, bu görüşdə də ölkə başçısı xalqın mövqeyini sionist rejiminin baş nazirinə çatdıracaq”
Tanınmış hüquq müdafiəçisi Qurban Məmmədov isə açıqlaması zamanı bildirdi ki, sionist rejiminin islam dünayasına qarşı, xüsusilə Fələstində və Qəzzada müsəlmanlara qarşı etdiklərinə görə daima etiraz səsimizi ucaltmalıyıq: “Düşünürəm ki, bu görüşdə də ölkə başçısı xalqın mövqeyini sionist rejiminin baş nazirinə çatdıracaq. Hesab edirəm ki, hazırda sionist rejimilə əlaqələrimiz qarşılıqlı maraqlara xidmət edir. Eyni zamanda Azərbaycan hökumətinin bu görüşdən sonra qonşu ölkələr arasında etimadı itəcək”.
 
Əli Nur: “Müsəlman və ya qeyri- müsəlman mənsubiyyərindən asılı olmayaraq, bütün ədalətsevər cəmiyyətlər tərəfindən qınanan işğalçı rejimdən ölkəmiz nə xeyir əldə edilə bilər”?
İlahiyyatçı alim, AİP-in siyasi məsələlər üzrə sədr müavini Əli Nur isə məsələyə münasibət bildirərək bunları dedi: “Hər zaman özünü dünyanın ağası hesab edən işğalçı sionist rejimin hansısa bir ölkəyə səfəri həmin ölkə üçün yaxşı heç nə vəd etmir. Bu, həmişə belə olub. Müsəlman və ya qeyri- müsəlman mənsubiyyərindən asılı olmayaraq, bütün ədalətsevər cəmiyyətlər tərəfindən qınanan işğalçı rejimdən ölkəmiz nə xeyir əldə edilə bilər? Bu məsələyə bir də  Yaxın Şərq, eləcə də regional Rusiya-Türkiyə münasibətləri, Suriya düyünü fonunda baxdıqda mövzu daha da aydınlaşır”.


  • Yazılıb
  • da (də) 2016 Dec 12
  • Göndərən مدير سايت Aran News