İranın Azərbaycan Respublikasında sabiq səfiri deyib: “Bakının Netanyahunun Azərbaycana səfəri ilə razılaşmasını gözləmirdim. Çünki Azərbaycan İslam ölkəsidir və İslam ölkələrinin sionist rejimlə münasibət qurması və onu təcriddən çıxarması qadağandır”.
AranNews – İran İslam Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri Möhsin Pakayin sionist rejimin baş naziri B. Netanyahunun Azərbaycan Respublikasına səfəri və bu səfərin məqsədləri barədə “Təsnim”ə verdiyi müsahibəsində deyib: “Sionist rejimin baş nazirinin Azərbaycan və Qazaxıstana səfərinin ilk məqsədi İsraili təcriddən çıxarmaqdır. Bu rejim Fələstini işğal etdiyi və oranın əhalisinə qarşı davamlı şəkildə cinayət törətdiyinə, müharibə cinayətlərinə və soyqırıma mürtəkib olduğuna görə dünya ölkələri, xüsusilə də müsəlman ölkələri tərəfindən təcrid edilmişdir. Ona görə də İslam ölkələrinə səfər etməklə təcriddən çıxmağa və cinayətlərinin üstünü örtməyə təlaş edir”.
Sabiq səfir deyib: “Netanyahunun belə səfərlərə ehtiyacı vardır. Ona görə də qeyri-adi bir hərəkətlə Respublika günü münasibətilə Azərbaycana təbrik məktubu göndərdi və cari ildə Bakıya səfər edəcəyini bildirdi. Həqiqətdə bu səfəri Azərbaycan dövlətinə məcburi qəbul etdirdi. Sionistlərə bağlı KİV də iki ay öncədən bu səfər barədə davamlı olaraq xəbərlər yayır və təcriddən çıxmaq haqqında layihəni izləyirlər”.
M. Pakayin, Netanyahunun bu səfərində ikinci məqsədin İran İslam Respublikası və Azərbaycan Respublikası arasında olan münasibətlərə xələl gətirmək olduğunu bildirərək əlavə edib: “Son illər ərzində Tehran-Bakı münasibətləri görünməmiş səviyyədə yüksəldi və bu sionist rejimin gözünə tikan kimi batdı. Bu üzdən Netanyahu təlaş edir ki, bu səfəri həyata keçirməklə Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirsin”.
Sabiq səfir Bakı dövlətinin bu səfərlə razılaşmasının səbəbinə də toxunaraq deyib: “Biz də Azərbaycan Respublikasının bu səfərə razı olacağını gözləmirdik. Çünki birincisi, bu ölkə İslam camiəsinin bir üzvüdür və İslam ölkələrinin anlaşmasına görə sionist rejimlə münasibət qurmaq və onu təcriddən çıxaracaq hər bir hərəkət qadağan olmuşdur. İkincisi, Azərbaycan Respublikasının müsəlman cəmiyyəti sionist rejiminə nifrət edir. Sözsüz ki, öz dövlətlərinin bu hərəkətindən narazılıq edəcəklər və ölkə rəsmilərini bu məsələyə görə qınayacaqlar. Üçüncüsü, özü işğaldan yaralı olan bir ölkənin işğalçı və cinayətkar rejimə evsahibliyi etməsi təəccüb doğurur”.
Müxbirin “Bakı-Təl-Əviv əlaqələri strateji bir münasibətə çevrilə bilərmi?” sualını cavablandıran M. Pakayin buna inanmadığını bildirib və qeyd edib ki, heç bir müsəlman ölkəsi sionist rejimlə strateji münasibət qura bilməz. Çünki bu rejim İslam dünyasının təhlükəsizliyi üçün ən böyük təhdiddir, müsəlmanların ilk qibləsini işğal edib və hər gün müsəlmanlara qarşı yeni cinayətə mürtəkib olur. Ona görə də Bakı-Təl-Əviv münasibətləri strateji olmayacaqdır. Üstəlik, strateji münasibət işğala qanunilik bağışlamaq sayılır və Azərbaycan ölkəsi özü də İslam torpaqlarının işğalı ilə müxalif olduğundan sionist rejimin strateji dostu ola bilməz.
“Netanyahu bu səfərdə məqsədinə çata biləcəkmi?” sualının cavabında Pakayin deyib: “Netanyahunun səfəri məğlubiyyətə məhkumdur. Bu səfər təcriddən çıxış layihəsinin gerçəkləşməsi üçün yalnız bir müddət medianı qidalandıracaq. Sionist rejim dünyada və müsəlmanlar arasında o qədər mənfurdur ki, İslam ölkələrinə bir-iki səfər etməklə təcrddən çıxa bilməz və özünə abır-heysiyyət qazana bilməz”.
Tehranın Bakıdakı sabiq səfiri vurğulayıb: “Tehran-Bakı münasibətlərini korlamaq planı da bu səfərdə nakam qalacaqdır. İran və Azərbaycan ölkələrinin məsulları dirayət və müdrikliklə bu münasibətlərə xələl gəlməsinə icazə verməyəcəklər. Mən bilirəm ki, Azərbaycan dövləti öncələr sionist rejimin sədaqətsizliyini dadmışdır və onların sədaqətsizliyənə vaqifdir. Ümidvaram, bu səfərdə Təl-Əvivə Bakı ilə münasibətlərindən suistifadə etməyə icazə verməyəcək”.