Rusiya Azərbaycana yeni müasir hərbi texnika satışını həyata keçirəcək.
Arannews- Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənir. Burada narahatlıq duyulan əsas məqam odur ki, sözügedən səfərdən sonra Rusiya Azərbaycana yeni müasir hərbi texnika satışını həyata keçirəcək.
Xatırladaq ki, rəsmi olaraq Roqozinin səfəri Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası ilə bağlıdır. Hələ səfərdən əvvəl "Kommersant" qəzeti belə bir məlumat yaymışdı ki, Bakıda Roqozin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini, Rusiyanın Ermənistana "İsgəndər" operativ-taktiki raket komplekslərini verməsini də müzakirə edəcək: "Rusiyanın hərbi sənayesini kurasiya edən Roqozin Bakıya həm də ona görə gəlib ki, Azərbaycan rəhbərliyi ilə danışıqlar aparıb "İsgəndər"lərin Ermənistana verilməsini əsaslandırsın. Azərbaycanlı tərəfdaşlar Dağlıq Qarabağ münaqişəsi kontekstində hadisələrin bu cür inkişaf etməsinə olduqca neqativ reaksiya veriblər. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında silah alqı-satqısına dair yeni sövdələşmələrin müzakirə olunması da gözləniləndir". "Kommersant" onu da yazır ki, Rusiyanın verdiyi bir divizion "İsgəndər" kompleksi bu ilin payızında İrəvanda keçirilən paradda nümayiş olunub. Rusiya bunu regionda qüvvələr balansını saxlamaq səyləri ilə əsaslandırıb.
Xatırladılır ki, Rusiya 2011-2014-cü illərdə bağlanmış müqavilələr əsasında Azərbaycana 100-ə qədər döyüş vertolyotu, 100 T-90S tankı, çoxsaylı BMP-3 döyüş maşınları və digər texnika verib.
Onu da xatırladaq ki, Rusiyanın "İsgəndər" raketlərini Ermənistana verməsindən sonra İrəvan danışıqlar prosesində iştirakını faktiki donduraraq daha çox qeyri-konstruktiv platformaya keçib və münaqişənin dinc yolla nizamlanması perspektivlərini heçə endirib. Ermənistanda hesab edirlər ki, Rusiyanın verdiyi yeni silahlar və bu ölkə ilə birgə qoşun qruplaşması yaratmaq hesabına Azərbaycanla qüvvələr balansını bərpa edə biliblər. amma Roqozinin səfərindən sonra Bakının Rusiyadan da yeni növ silahların alışını həyata keçirməsi gözlənir. Rusiyanın Strategiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makienkonun fikrincə, Rusiya Azərbaycana hərbi əməkdaşlıq istiqamətində yeni təkliflər də vermək niyyətindədir: "Azərbaycan Hindistan, Əlcəzair, Çin, Vyetnam kimi nəhənglərin fonunda Rusiya üçün hərbi-texniki əməkdaşlıq üzrə kifayət qədər əhəmiyyətli tərəfdaşdır. Bununla yanaşı, Bakı siyasi münasibətlərdə də tez-tez Rusiyaya kömək edir. Bu baxımdan, Rusiyaya həm ticari, həm də siyasi münasibətlərə görə Azərbaycanla münasibətləri saxlamaq vacibdir. Roqozinin səfəri çoxdan planlaşdırılmışdı".
Ekspert istisna etmir ki, "İsgəndər"lərin Ermənistana verilməsi məsələsi Bakıda müzakirə olunub: "Rusiya bunu "kompensasiya" etmək üçün Bakıya yeni təkliflər verə bilər. Eyni zamanda, Ermənistana "İsgəndər"lərin verilməsi simvolik xarakter daşıyırdı. Məqsəd Ermənistanı sakitləşdirmək idi. Rusiya, Azərbaycanın istəklərini nəzərə alaraq, silahlanma üzrə beynəlxalq qanunvericiliyin icazə verdiyi istənilən silah növünü ona çatdırmağa hazırdır. Bura Su-30SM qırıcı-bombardmançıları və vertolyotlar, tank əleyhinə sistemlər və Hava Hücumundan Müdafiə sistemləri, həmçinin raket-artilleriya sistemləri daxil ola bilər". Hərbi ekspert Aleksey Leonkov da bildirir ki, Bakıda Ermənistana verilən "İsgəndər"lərin müzakirəsi aparılıb: "Bu ehtimal güclüdür. Lakin bu raket komplekslərinin Ermənistana verilməsi ilə bağlı heç bir müqavilə yoxdur. Bu raketlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistana daxil olub və Gümrüdəki Rusiya hərbi bazasında saxlanır. Həmçinin "İsgəndər"lər Dağlıq Qarabağ münaqişəsi zonasında istifadə edilə bilməz. Rusiyanın özü bunda maraqlı deyil". Azərbaycanın Rusiyadan yeni silahlar alması Ermənistan qarşısında ölkənin mövqelərinin daha güclü hala gəlməsi deməkdir.