Tarix : 2016 Dec 18
Kod 50961

Azərbaycanda dindarlara qarşı təzyiqlər davam edilir

Hacı Taleh və Abbas Hüseynov karsa salınıb.

Arannews- Nardaran hadisələrinə görə həbsdə olan şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və bu qurumun üzvü Abbas Hüseynovun yaxınları onların Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında yenə cərimə kamerasına ("kars"a) salındıqlarını deyirlər. Taleh Bağırovun yaxınları deyiblər ki, onların hər ikisi dekabrın 14-dən "kars"dadırlar.

Məlumata əsasən, dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşananlar Taleh Bağırov və Abbas Hüseynovun cəzalandırılmasına səbəb olub. Həmin məhkəmə iclasında Taleh Bağırov məhkəmə salonunda özünü jurnalist kimi təqdim edib əyləşmiş şəxsin, əslində, polis olduğunu, xüsusi tapşırıqla bura göndərildiyini bildirib və onun çıxarılmasını tələb edib. Bu üzdən, Taleh Bağırovla arasında mübahisə doğduğundan, həmin şəxs məhkəmə salonunda hakimlərin yararlandığı qapıdan çıxarılıb.

İnsidentdən sonra hakim Taleh Bağırovun özünün də məhkəmədən uzaqlaşdırılmasına qərar verib. Abbas Hüseynov və digər təqsirləndirilən şəxslər buna etiraz ediblər.

Yaxınlarının dediyinə görə, ilahiyyatçı Taleh Bağırov və Abbas Hüseynov daha əvvəllər də istintaq təcridxanasına salınıblar. Onların hər ikisi məhkəmə çıxışlarında, dövlət başçısı da daxil, hökuməti sərt tənqidə tutublar.

Taleh Bağırov və Abbas Hüseynov ötən il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs olunublar.



  • Yazılıb
  • da (də) 2016 Dec 18
  • Göndərən مدير سايت Aran News