Tarix : 2016 Dec 25
Kod 50989

Taleh Bağırzadə məhkəməyə buraxılmayıb

Taleh Bağırzadə və digər təqsirləndirilən şəxslər bu gün də öz məhkəmələrinə buraxılmayıb.
Arannews- Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər heyəti bu gün Nardaran işi üzrə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edib. Dekabrın 26-da prokurorlar Nəsir Bayramov və Elgün Qafarov çıxış edib təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Taleh Bağırzadə və digər təqsirləndirilən şəxslər bu gün də öz məhkəmələrinə buraxılmayıb. Vəkil Yalçın İmanov məhkəmədə bu haqda vəsatət qaldırsa da, təmin olunmayıb.
Müdafiəçi eyni zamanda, təqsirləndirilən şəxslərə məhkəmədə iştiraka icazə verilmədiyi halda, hər dəfə məhkəmə keçirilən gün Kürdəxanı təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib, axşam saat 18.00 radələrinə qədər orada yarımqaranlıq, soyuq və rütubətli zirzəmidə saxlanılmasına etiraz edib. Bunu onlara işgəncə verilməsi kimi qiymətləndirib.
Elə təqsirləndirilən şəxslər də bu fikirdədi. Bu haqda hakim Əlövsət Abbasova məktublarında da yazıblar. Eyni zamanda, qeyd ediblər ki, heç bir işgəncə onları sındıra bilməz: “Bizim məhkəmədən kənarlaşdırılaraq, soyuq, yarıqaranlıq zirzəmidə saxlanılmağımız sizin tərəfinizdən həyata keçirilən işgəncədi. Bununla da siz BMCMİ-də bizə verilmiş işgəncələri davam etdirirsiz. Dəfələrlə bizim soyuq zirzəmidə saatlarla saxlanılmağımız nəticəsində on nəfər ağır şəkildə xəstələnib. Bu vəziyyətin davam etdirilməsi o deməkdir ki, siz mənəvi baxımdan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə verənlərdən fərqlənmirsiz. Bu əməlinizlə Azərbaycan tarixinə təkcə sifarişli, siyasi hökm verən hakim kimi deyil, həm də işgəncə verən sadist kimi düşəcəksiz. Bununla siz elə bir günaha batırsınız ki, ən azı, Allah tərəfindən haqq etdiyiniz cəzanı alacaqsız. Unutmayın, bizi heç bir əzabla sındırmaq mümkün deyil. Ona görə də haqq uğrunda mübarizə aparan günahsız dindarlara qarşı Yezid kimi davranan hər kəs Allahın qəzəbinə səbəb olan əməl sahibi kimi cəhənnəm oduna özünü daha da yaxınlaşdırmış olur”.
Təqsirləndirilən şəxslərin məktubu hakimə təqdim olunub.
Məhkəmədə vəkillər əlavə şahidlərin dindirilməsi, Nardaran əməliyyatında dünyasını dəyişən polislərin yaxınlarının məhkəmədə dindirilməsi, meyitlərinin eksqumasiyası, təqsirləndirilən şəxslərin üzərindən tapıldığı iddia olunan silah-sursatın məhkəməyə gətirilib baxış keçirilməsi haqda vəsatət qaldırıb.
Hakim məlumat verib ki, dünyasını dəyişən polislərin hüquqi varisi kimi tanınan yaxınları məhkəməyə teleqram göndəriblər. Bildiriblər ki, istintaqdakı ifadələrini təsdiqləyirlər, təqsirləndirilən şəxslərə ağır cəza verilməsini istəyirlər.
Vəkillər buna etiraz ediblər.
“Qanun, Avropa Konvensiyası təqsirləndirilən şəxsə onun əleyhinə ifadə vermiş adamları məhkəmədə dindirmək hüququ verir. Zərərçəkmişlər gəlsinlər, görək, bunlar hardan bilir ki, o polisləri təqsirləndirilən şəxslər vurub? Yaxud Nardaran ağsaqqalı Məşədi Natiq Kərimov. O da istintaqda dindirilib, amma məhkəməyə göndərilən şahid siyahısına adı salınmayıb. Xahiş edirik, bu adamlar çağrılıb dindirilsin”.
Qeyd edək ki, Məşədi Natiq Kərimov Nardaran hadisələrindən bir müddət sonra həbs edilib, ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. Amma sonradan azadlığa buraxılıb.
 “Maddi sübutlar, silahlar məhkəməyə gətirilsin, baxaq, ən azı, bilək ki, o silahlar dar cins şalvarın cibinə yerləşə bilərdi, yoxsa yox” – bunu isə vəkil Gülşən Salmanova deyib.
Vəkillərin çoxsaylı vəsatətlərinin heç biri təmin olunmayıb.
Daha sonra vəkillər yeni vəsətətlərini yazılı şəkildə hazırlamaq üçün məhkəmədən vaxt istəyiblər. Prokuror məhkəmə istintaqının tamamlanmasını təklif edib.
Vəkillər məhkəmə istintaqının tamamlanmasına etiraz edib.
“Məhkəmə nəyi araşdırdı ki, məhkəmə istintaqı da bitsin? Vəsatətlərimizin heç biri təmin olunmadı”, – Yalçın İmanov deyib.
Müdafiəçi Nemət Kərimli isə bunu məhkəmənin səbəbsiz tələskənliyi kimi qiymətləndirib. Qeyd edib ki, bu məhkəmədə sənədlərin tədqiqi mərhələsi faktiki həyata keçirilmədi.
Müdafiəçilər deyiblər ki, bu məsələ ilə əlaqədar mütləq təqsirləndirilən şəxslərin də fikirləri öyrənilməlidi. Hakim vəkillərin onların fikrini öyrənməsi üçün on dəqiqəlik fasilə elan edib.
Fasilədən sonra hakimlər təqsirləndirilən şəxslərin məhkəmədə iştirakının təmin olunmasına qərar verib. Amma təqsirləndirilən şəxslərdən Abbas Hüseynov və Zakir Mustafayev bu şəkildə məhkəmənin keçirilməsinə etiraz olaraq, yenə də iştirakdan imtina ediblər.
Taleh Bağırzadə və digər təqsirləndirilən şəxslər məhkəmə istintaqının tamamlanmasına etiraz ediblər.
Taleh Bağırzadə:
“İş materiallarında “Taleh Bağırzadənin müraciəti” adlı kitabça var, guya adamların cibindən çıxıb. Mən birmənalı şəkildə deyirəm, o kitabça Nardaran hadisəsindən sonra hazırlanıb. O kitabçanı araşdırmamaq Ramil Usubova xidmət, İlham Əliyevi isə təhqir eləməkdi. Çünki o kitabçada İlham Əliyev haqqında ağır sözlər var. Mən birbaşa sözümü deyən adamam. O kitabçanın da, orada adımdan yazılanların da mənə heç bir aidiyyəti yoxdur. Nardaran əməliyyatını keçirən “bandotdel” Ramil Usubovun tabeliyindədi. O kitabçanı da onun rəhbərlik elədiyi qrup hazırlayıb, İlham Əliyev haqda o sözləri də onlar yazıb. Bu kitabça ilə bağlı mənim onsuz da İlham Əliyevə müraciətim olacaq. Amma bir daha deyirəm, məhkəməni bu kitabçanı araşdırmadan bitirmək Ramil Usubova xidmət, İlham Əliyevi isə təhqir etmək kimi qiymətləndiriləcək”.
Fuad Qəhrəmanlı isə deyir ki, ona “facebook” sosial şəbəkəsində paylaşdığı statuslara görə dini, milli ayrı-seçkilik salma, dövlət çevrilişinə çağırış ittihamları verilib. Amma məhkəmədə nə o statusların biri elan olunub, nə rəy vermiş ekspertlər dindirilib: “Yazılarıma baxmadan siz mənim haqqımda necə hökm çıxaracaqsınız? Heç olmasa, formal prosedurlara əməl edin. Bu, Azərbaycanın məhkəmə tarixində ən biabırçı məhkəmədir”.
Təqsirləndirilən Şamil Abduləliyev bildirib ki, onsuz da “yuxarıdan” hansı göstəriş gəlsə, hakim də o hökmü oxuyacaq. Bu baxımdan, hakimlərdən ədalətli hökm gözləntiləri yoxdur. Sadəcə, günahsızlıqlarını sübuta yetirməyə, cəmiyyətə həqiqəti çatdırmağa imkan verilsin, yetər.
Vəkil Yalçın İmanov bildirib ki, təqsirləndirilən şəxslərin iştirak etmədiyi məhkəmə iclaslarında onlarla vəsatətlər qaldırıblar. Müdafiəçi onlar haqda bir-bir təqsirləndirilən şəxslərə məlumat verilməsi və onların fikrinin öyrənilməsilə bağlı vəsatət qaldırıb. Amma məhkəmə bu vəsatəti də təmin etməyib.
Bundan sonra hakimlər məhkəmə istintaqının tamamlanması haqda qərarı açıqlayıb.
Məhkəmə dekabrın 26-da prokurorun çıxışı ilə davam edəcək.


  • Yazılıb
  • da (də) 2016 Dec 25
  • Göndərən مدير سايت Aran News