Tarix : 2017 Jan 02
Kod 51033

Mehman Əliyev: "Xalqa həqiqəti demək lazımdır"

İlham Əliyev məğlubiyyəti qəbul eləmək istəmir, məğlubiyyətlə barışmaq onun təbiətində yoxdur.
Arannews- “Xalqa həqiqəti demək lazımdır”, – “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev prezident İlham Əliyevin xalqa Yeni il müraciətini qiymətləndirərkən bildirib.

Mehman Əliyev bildirib ki: 
–"Ənənəvi olaraq, İlham Əliyev məğlubiyyəti qəbul eləmək istəmir, məğlubiyyətlə barışmaq onun təbiətində yoxdur. O, həmişə ən çətin günlərdə də məsələyə qalibiyyət görkəmi verməyə çalışıb. Etiraf eləmək istəmir ki, ölkə iki ildir, böhran içindədir, bütün statistik göstəricilər, manatın dəyəri, qiymətlərin artması, istehsalın düşməsi, iş yerlərinin bağlanması vəziyyətin kifayət qədər çətin olduğunu göstərir. Valyuta bazarında baş verənlər göz qabağındadır. Qızıl ehtiyatlarının satılması, valyuta ehtiyatlarının azalması, xarici borcun artması, büdcə gəlirlərinin azalması… yəni bütün istiqamətlərdə vəziyyət pisləşib.
Belə bir halda hər hansı uğurdan danışmaq düzgün deyil. Məncə, cəmiyyətə sayqı göstərmək lazımdır və cəmiyyətlə açıq danışmaq lazımdır ki, vəziyyət nədir, hansı çıxış yolları var. Mən xatırlayıram ki, 2015-ci il dekabrın 24-də ikinci devalvasiyadan sonra dekabrın 31-də prezident çıxış elədi ki, dedi ki, hər şey yaxşıdır. Halbuki, adamlar durumla bağlı ondan daha konkret çıxış gözləyirdi. Ötən il yanvarın 10-da Nazirlər Kabinetinin çıxışında da prezident yenə dedi ki, uğurlu il keçdi. Bundan sonra bir neçə rayonda insanlar küçəyə çıxdı və etiraz aksiyaları keçirdilər. İndi də bu tipli bəyanatlar vermək düzgün deyil.
–Amma İlham Əliyev 2016-cı ilin çətin keçdiyini etiraf etdi, sadəcə, vurğuladı ki, bu çətinlik dünyadakı iqtisadi problemlərdən qaynaqlanır.
–Bəs indiyə kimi deyirdilər ki, dünya iqtisadi problemləri Azərbaycana təsir edə bilməz, Azərbaycan ayrıca bir adadır. İndi nə baş verdi ki, dünyadakı iqtisadi problemlər Azərbaycana təsir etməyə başladı? Son 10-15 ildə dünyada böhranlı tendensiya var, iqtisadi artım çox ləng gedir. Ancaq əhalinin yaşayış vəziyyəti o qədər də acınacaqlı deyil, adamlar qəfil yoxsullaşmır, belə deyək, stabil inkişaf gedir, qiymətlər birdən-birə 50 faiz qalxmır. Dünya iqtisadiyyatında belə vəziyyət yoxdur axı. Azərbaycanda isə belə deyil, neftin dünya bazarında qiymətinin düşməsi ilə, bank sektorunun çökməsi ilə ölkə iqtisadiyyatı iflic vəziyyətə düşdü.
Neft bu hakimiyyətin uğuru deyil, Azərbaycan xalqının təbii sərvətidir. Nefti qoysaq bir kənara, nefti əvəz edən bir şey yoxdur. Neftdən başqa nə var? Oğurluq, korrupsiya. Şəhərin mərkəzində bir neçə bina tikib xaricilərə göstərməklə deyil, hər yerin nə gündə olduğunu hər kəs görür. Azərbaycanın inkişafının analoqu olmadığı kimi, böhranının da analoqu yoxdur. Böhran isə dərinləşdikcə dərinləşir, yoxsulluğun səviyyəsi 22 faizdən yuxarı qalxır və bunun məsuliyyəti indiki hakimiyyətin üzərindədir, hər hansı xarici amilin təsiri yoxdur".


  • Yazılıb
  • da (də) 2017 Jan 02
  • Göndərən مدير سايت Aran News