Mədət Şıxəmirov: "Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarına vətəndaşlar tərəfindən maraq var".
Arannews- Naxçıvan-Məşhəd dəmir yolu reyslərinin sayı artırıla bilər.Bunun mart ayına qədər tətbiqi mümkündür.Ötən ilin sonunda fəaliyyətə başlayan Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət qrafikinin optimallaşdırılması məsələsi nəzərdən keçirilir.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov bildirib.
Onun sözlərinə görə, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarına vətəndaşlar tərəfindən maraq var: "Hazırda bu qatar həftədə iki dəfə hərəkət edir. Lakin bu ilin mart ayına qədər reyslərin sayının artırılması imkanlarını nəzərdən keçiririk. Bu istiqamətdə İran tərəfi ilə danışıqlar aparılır. Təkliflər sırasında Naxçıvandan qatarın gec saatlarda çıxması təklifi irəli sürülüb. Belə ki, Bakıdan Naxçıvana təyyarə ilə yola düşən sərnişin Naxçıvanda artıq vaxt sərf etmədən və ya gecələmədən birbaşa qatarla Məşhədə səfər edə bilər".
Xatırladaq ki, dekabrın 29-da Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başlayıb. Sürət qatarı həftədə iki dəfə (IV və VII günləri) hərəkət edir.
Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Marşrut üzrə sərnişin biletlərini 24 dekabr tarixdən etibarən Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan (hər iki istiqamətdə) əldə etmək olar. Sürət qatarı Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu üzrə hərəkət edir.