Arannews- ABŞ xüsusi xidmət orqanları rusiyalı diplomatı keçmiş hökumət başçısı Yevgeni Primakova dərman alarkən əməkdaşlığa cəlb etməyə çalışıblar.bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
M.Zaxarova bildirib ki, vaxtı ilə Y.Primakovun müalicəsi üçün ABŞ-da satılan bir dərmana ehtiyac olub. Bu məqsədlə ABŞ-dakı Rusiya diplomatlarından birinə dərmanın alınması üçün tapşırıq verilib və keçmiş baş nazirin ailəsinin, dostlarının topladığı 10 min dollar ona göndərilib.
Zaxarova həmçinin bildirib ki, bütün rəsmi prosedurlara əməl olunub, lazımi arayış və reseptlər yazılıb. Diplomat aptekə daxil olduqda ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları yaxınlaşaraq onu mobil rabitənin çalışmadığı zirzəmiyə aparıblar və bir saat ərzində onunla söhbət ediblər.
“Bu söhbət adi söhbətdən çox, diplomatı onlara işləməyə razı salmaq cəhdinə bənzəyib”, - Zaxarova vurğulayıb.
O bildirib ki, diplomatı dərmanların qanunsuz dövriyyəsində ittiham etməklə qorxutmağa çalışıblar. Nəticədə preparat diplomatdan alınıb və pul da ona geri qaytarılmayıb. həmin diplomat bir qədər sonra ABŞ-dan çıxarılıb.