Tarix : 2017 Jan 24
Kod 51134

Azərbaycan hakimiyyəti yezid xislətlidir

“Bandotdel”də Əbülfəz Bünyadovun sinəsinin üstündə oturub ağzına zorla araq tökürdülər. Bunlar yezid xislətlidirlər. Bu, Azərbaycan hakimiyyətinin simasını göstərir.

AranNews – Azərbaycan Respublikası məsələləri üzrə ekspert Hamid Sultanpur “Təsnim” xəbər agentliyinə müsahibəsində qeyd edib ki, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və onun yoldaşlarının işi üzrə son məhkəmədə Tale Bağırzadınin öz çıxışında hakimiyyətin xislətinə işarə edərək deyib: “Bandotdeldə Əbülfəz Bünyadovun sinəsinin üstündə oturub ağzına zorla araq tökürdülər. Bunlar yezid xislətlidirlər. Bu, Azərbaycan hakimiyyətinin simasını göstərir. Biz dünyada mühakimə olunaq, amma axirətdə yox. Biz buna razıyıq. Biz olmasaq da, başqaları gələcək. Deyirlər ki, siyasi məhbus yoxdur. Necə yəni yoxdur? Xalq öz rəhbərini seçməlidir. Konstitsiyaya əməl olunmur. Hakimiyyəti mənimsəmək ən böyük cinayətdir. Onlar öz layiqli cəzalarını alacaqlar. Biz istəyirik qanunlara əməl edilsin. İlham Əliyevin əlacı olsa Ramil Usubovu bu uğursuz əməliyyata görə "Azneft"də asar. Mən xalqı ayıq olmağa çağırıram. Mən xalqı ayıq olmağa çağırıram”.

Sultanpur vurğulayıb ki, Bağırzadə ölkə prezidenti İlham Əliyevə müraciət edərək deyib: “Nardaran qətliamının törədilməsində əsas rolu oynayan Ramil Usubovun düşüncə və əməlləri haqqında bir neçə mühüm məqamı çatdırmaq istəyirəm. Azərbaycan cəmiyyəti bu şəxsi atanızın və sizin rəhbərliyiniz dövründə çox ziqzaqlı fəaliyyəti ilə tanıyır. Belə ki, 2005-ci ildə onun rəhbərlik etdiyi nazirlikdə yuva salmış poqonlu quldurlar ifşa olunanda əsl polis işçisinə məxsus qürurla istefa verib getmək əvəzinə, dünyasını dəyişmiş və bu səbəbdən həmin vaxt özünü müdafiə edə bilməyən atanız Heydər Əliyevi şantaj edərək, hansısa cinayətkarın onun göstərişi ilə azadlığa buraxıldığını bildirdi və beləcə, şantajla postunda qalmağı bacardı. Daha sonra 2015-ci ilin noyabrında Nardaranda baş vermiş qətliamda yenə özünü hər şeydən kənarda qoymaq məqsədilə cəmiyyətə sizi nişan verərək, mətbuatda “qəsəbədə baş vermiş qanlı əməliyyatın keçirilməsinə göstəriş prezidentdən gəlib” açıqlamasını verdi.

Hər şeyi başa düşmək olar, lakin cənab Usubovun hərəkətlərini anlamaq çox çətindir. Lap deyək ki, o cinayətkarı buraxmağa sizin atanız göstəriş verib, lap tutaq ki, Nardaranda o qanlı əməliyyatın keçirilməsinə şəxsən siz göstəriş vermişdiniz, bəs bütün bunları xəbər verməkdə Usubovun niyyəti nədir? Axı müdrik atalar deyir ki, kişinin yanında baş kəsərlər...

Cənab Əliyev, naziriniz Ramil Usubovun hərəkətləri bununla bitmir. Belə ki, bizim məhkəmə prosesində qondarma cinayət işinin materiallarına əlavə edilmiş “Tale Bağırzadənin müraciəti” adlı kitabçada ulu naziriniz Usubovun sizin və hakimiyyətinizin haqqında olan ürək sözləri öz əksini tapıb. Hətta həmin Əlövsət Abbasov belə, bu məşhur kitabçanın tədqiq olunmasından imtina edərək, Ramil Usubovun qəzəbinə tuş gəlməkdən qorxdu”.

H. Sultanpur, Müsəlman Birliyi Hərəkatının sədrinin kitabçanın ona aid olmamasını qeyd etdiyini və Nardaran hadisəsinə toxunduğunu da vurğulayıb və T. Bağırzadənin bu barədə belə dediklərini açıqlayıb: “İlk olaraq, bu kitabçanın mənə aid olmadığını sizə açıq dəlillərlə sübut etdikdən sonra əsas mətləbə keçirəm.
Cənab Əliyev, siz ali təhsilli, ingilis dilində danışmaq bacarığına malik şəxssiniz, yəqin bu kitabçanın mənə aid olmaması ilə bağlı gətirdiyim dəlilləri anlamaqda çətinlik çəkməyəcəksiz. Dəlillər isə bundan ibarətdir ki, bu məşhur kitabçanın mətnində Nardaran hadisələrinə işarə olunur. Məlumunuz olsun ki, Nardaran hadisələri 26 noyabr 2015-ci ildə baş verib. Şübhəsiz ki, bu kitabçanı Nardaran əməliyyatının keçirildiyi zaman kəsiyində yazmağım qeyri-mümkündür. Deməli, bu kitabça mən həbs olunandan sonra yazılıb. Və mənim də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında bu kitabçanı hazırlamağım qeyri-mümkün olduğuna görə, deməli, bu kitabçanın müəllifi də mən yox, sizin naziriniz Ramil Usubovdu. Niyə Ramil Usubov? Ona görə ki, Nardaran əməliyyatında bizim qardaşlarımızı güllə atəşinə tutaraq, məzlumcasına şəhid edən polis cildində quldurların içində şəxsən Ramil Usubov yoxdu. Lakin hadisədən sonra Usubov televiziya kanalları vasitəsilə Nardaranda şəhid edilən qardaşlarımıza hörmətsizlik edərək, “beş nəfəri məhv etdik” açıqlamasını verdi. Buna əsasən, “Hacı Tale Bağırzadənin müraciəti” adlı kitabçanın da birbaşa Ramil Usubov tərəfindən yazılması məlum olmasa da, onun rəhbərlik etdiyi qurumun bu kitabçanı təşkil etməsinin məsuliyyəti birbaşa Usubovun boynundadır. Bu səbəbdən də həmin kitabçanın müəllifinin Ramil Usubov olduğunu qeyd edirəm”.

Ekspertin sözlərinə görə T. Bağırzadə R. Usubovun İ. Əliyev dövlətini “oğru” və “fahişəliyi tərənnüm edən” bir dövlət adlandıraraq deyib: “İndi isə keçək nazirinizin bu kitabçada mənim adımdan istifadə edərək, sizin və hakimiyyətinizin haqqında yazdığı ürək sözlərinə. Kitabçada sizin haqqınızda “oğru İlham Əliyev”, hakimiyyətiniz haqqında da “fahişəliyin tərənnümü olan hakimiyyət” ifadəsi işlədilir”.

H. Sultanpur qeyd edib ki, Müsəlman Birliyi Hərəkatının rəhbəri Nardaran hadisəsində prezidentin baş köməkçisi Əli Həsənovun əsas senariçilərdən biri kimi təqdim edib və özü haqda deyib: “Cənab Əliyev, yəqin ki, sizə mənim haqqımda müxtəlif məlumatlar verilib. Lakin istərdim kimliyim haqqında sizə özüm məlumat verim ki, kiminlə qarşı-qarşıya gəldiyinizin fərqinə varasınız. Mən yetkinlik yaşına çatdıqdan, özümü qismən dərk etdikdən sonra İmam Hüseynlə (ə) tanış oldum. O böyük inqilabçı şəxsiyyətin məhəbbəti qəlbimi alovlandırdı, ali məqsəd və məramımı, əqidəmi, düşüncələrimi möhkəmləndirdi. Həzrət Hüseyn (ə) bizə Allahı xalisanə sevməyi, Ona təslim olmağı, Onun yolunda canından, malından, bir sözlə, hər şeyindən keçməyi, zülmlə, zalımlarla barışmamaq, qətiyyətlə mübarizə aparmağı eşq yolu ilə öyrətdi. Allah nəsib etdi, müqəddəs Kərbəla ziyarətinə gedərək, könüllərin sultanı həzrət Hüseynlə (ə) son nəfəsimizə qədər bu mübarək yolda sabitqədəm olacağımıza and içərək, sədaqət əhd-peymanı bağladıq. Uca Allahdan o böyük şəxsiyyətin ehtiramına xatir şəhadətin nəsibimiz olmasını təmənna etdik. Həzrət Hüseyn (ə) məktəbi həyatımızın mənasına çevrildi.

Cənab Əliyev! Sizin və hakimiyyətinizin illərdi Taleh Bağırzadəyə qarşı zülm və haqsızlıqlarının əsas səbəbi Taleh Bağırzadənin şəxsindən qorxmağınızda deyil. Hakimiyyətinizi qorxudan və sarsıdan Taleh Bağırzadənin qəlbində daşıdığı nəcib İmam Hüseyn (ə) sevgisi və Hüseyni düşüncələridi.

Əslində, haqqınız da var qorxasınız. Çünki 1400 ildir bu əzəmətli Hüseyni düşüncə – "Ölümü səadət, zalımlarla yaşamağı zillət sayıram" pıçıltısı zalım hakimlərin yuxularını ərşə çəkib, həyatlarını kabusa çevirib.

Sizi əmin edirəm ki, Nardaran faciəsini törətməklə, günahsız insanların qanını axıtmaqla öz hakimiyyətinizin sonunu yaxınlaşdırdınız. Əgər bir hakimiyyət yersiz güc nümayiş etdirərsə, həmin güç onun məhvinə səbəb olacaqdır.
Sonda sizdən tələb edirəm ki, əgər cəsarətiniz varsa, mənə veriləcək ömürlük həbs cəzasını başqa bir cəza növü ilə əvəz etməyəsiniz.
Biz bu şərəfli xalqın azadlığı uğrunda, gələcək xoşbəxtliyi naminə nəinki ömürlük həbs cəzası almağa, hətta edam olunmağa, tonqalda diri-diri yandırılmağa hazırıq. Qoy Allah bizim və sizin aranızda hakim olsun”.

Ekspert müsahibəsində Nardaran işi üzrə məhkəmədə digər müttəhimlərin də çıxışına işarə edib. Onun sözlərinə görə Cahad Babazadə son sözlə çıxış edərək deyib: “Bizə də ömürlük verin bizi hacıdan (Tale Bağırzadə) ayırmayın. Bizim dörd qardaşımızı öldürmüsünüz, amma onların ruhu bizimlədir”.

Daha sonra Etibar İsmayılov çıxış edib. O, bildirib ki, məhkəmə müstəqil deyil:"Bizim hamımıza ömürlük verin bitsin. Biz şəhid olmalı idik, amma olmadıq. Demək, Allahın istəyi belədir. Mən Qarabağda döyüşmüşəm, bir qəlpəli qumbara görməmişəm. Əli Həsənov, İlham Əliyevin bizə qoyduğu silahlarla Qarabağı almaq olardı. İlham Əliyevlə Ramil Usubov bilsinlər ki, biz qanımızla onları boğacağıq. Hanı bizim barmaq izləri, sizin hal şahidləri? Biz söz azadlığına görə həbs olunmuşuq. Nardaran hadisələri bunların iç üzünü açdı”.


  • Yazılıb
  • da (də) 2017 Jan 24
  • Göndərən مدير سايت Aran News