Tarix : 2017 Jan 29
Kod 51154

HRW Nardaran məhbuslarının azadlığa buraxılmasını tələb edir

Human Right Watch: "Nardaran məhbuslarının barəsində cinayət işlərinə xitam verilməli, onlar dərhal azadlığa buraxılmalıdır".
Arannews- Human Right Watch (HRW) beynəlxalq insan haqları təşkilatı “Nardaran işi” üzrə Tale Bağırzadə, Fuad Qəhrəmanlı və daha 16 nəfər barəsində çıxarılmış məhkəmə hökmü ilə razılaşmır və onların azadlığa buraxılmasını tələb edir.
Bununla bağlı təşkilatın yaydığı bəyanatda deyilir ki, bu 18 nəfərin barəsində cinayət işlərinə xitam verilməli, onlar dərhal azadlığa buraxılmalıdır.
Bildirilir ki, onlar yanvarın 25-də yanlış ittihamlarla uzunmüddətli həbsxana cəzalarına məhkum ediliblər və onlardan 17-si polisin qəddar rəftarından şikayət edib, zorla başqalarına qarşı ifadə verməyə məcbur edildiklərini deyiblər. Hakimiyyət bu şəxslərin işgəncələrə məruz qalması barədə iddiaları qulaqardına vurub və araşdırmayıb, beləliklə özünün beynəlxalq öhdəliklərini pozub.
Bəyanatda Nardaran məhbuslarına verilən işgəncələr də təsvir olunur. Vəkillərə istinadla bildirilir ki, onlar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) döyülüb, hədələnib və elektroşoka məruz qalıblar. Sənəddə məhkumların ifadələri də xatıladılır ki, onları polis idarəsinə gətirən kimi başlarına torba keçirib, qollarını bağlayıb, cinsiyyət orqanları da daxil bədənlərinin müxtəlif yerlərinə vurmaqla dəyənəklərlə döyüblər, bəzilərini ailə üzvləri ilə təhdid ediblər.
Sənəddə Tale Bağırzadənin ondan Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimliyə qarşı ifadə almaq istədikləri barədə dediklərini də əksini tapıb. Human Right Watch əlavə edir ki, çox güman bunu AXCP-nin Nardaran hadisələri ilə əlaqələndirilməsi üçün edirmişlər.
Bəyatada o da qeyd olunur ki, həbs edilənlərin əksəriyyəti bədən xəsarətləri alıblar. “Vəkillərin dediyinə görə, onlar təcridxananın özündə tibb müayinəsindən keçiblər və həkim xəsarətlərin döyülmə nəticəsində yarandığını sənədləşdirib. Buna baxmayaraq bu fakt hakimiyyət orqanları tərəfindən araşdırılmayıb” – deyə sənəddə qeyd edilir.
Təşkilat bildirir ki, müttəhimlərə 8 ay müddətində vəkil xidmətinə çıxış verilməyib. Döyülmə şikayəti ilə bağlı prokurorluq orqanları təfərindən aparılan araşdırma isə səthi olub və xəsarət yerləri sağalandan sonra keçirilib.
“Azərbaycan BMT-nin işgəncələrə qarşı Konvensiyası və Avropa İnsan Haqları Konvensiyası da daxil bir çox müqavilələri imzalayıb və öhdəliklərinə əməl etməlidir”, – deyə Human Right Watch tələb edir.
Bəyanatda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barədə ayrıca bəhs olunur. Bildirilir ki, 10 il müddətinə azadlıqdan məhrum edilmiş Qəhrəmanlı dərhal azad olunmalı, onun barəsində cinayət işinə xitam verilməlidir. “Fuad Qəhrəmanlı hökuməti tənqid etdiyinə görə cəzalandırılıb və onun ifadə azadlığı pozulub”, – deyə bəyanatda yazılır.
Human Right Watch xatırladır ki, hakimiyyət son illərdə AXCP fəallarını müxtəlif ittihamlarla həbs və məhkum edib. Təkcə 2016-cı ildə ən azı 20 AXCP fəalı saxlanıb.
Sənəddə həmçinin, Tale Bağırzadə və Fuad Qəhrəmanlının əvvəllər də qondarma ittihamlarla məhkum edilidiyi göstərilib.

***
AXCP sədri Əli Kərimli feysbuk səhifəsində Human Right Watch-un bu bəyanatına öz qiymətini verib. O, bəyanatda əksini tapanları yığcam təsvir edib və bildirib ki, bu bəyanat hakimiyyətin Nardaran əməliyyatı ilə dünyanı aldatmaq cəhdini də darmadağın edir.
“Hakimiyyətin Nardaran əməliyyatı tam olaraq iflas etdi. Tale Bağırzadə və həmfikirlərini dünyaya terrorçu, bizləri də terrorun hamisi kimi təqdim etmək istəyirdilər. Ancaq yalanları ifşa olundu, maskaları cırıldı. Tale bəyin də, Fuad bəyin də, “Nardaran işi” üzrə həbs edilən digərlərinin də günahsızlığını, şərə düşdüyünü dünya qəbul edir. Dünya artıq onu da qəbul edir ki, Azərbaycan hakimiyyəti öz siyasi rəqiblərini nəinki şərləyərək həbs edir, həm də onlara işgəncə verdirir. Hesabatın ən mühüm məqamlarından biri də Azərbaycan hakimiyyətinin işgəncə mexanizminin bütün dünya qarşısında ifşa edilməsidir. Bu yerdə deyirlər: quyunu gen qaz, dərin qaz, özün düşərsən!”, – deyə AXCP sədri yazıb.

  • Yazılıb
  • da (də) 2017 Jan 29
  • Göndərən مدير سايت Aran News