Tarix : 2017 Jan 29
Kod 51157

Elçin Qasımov: "Biz ölərik, amma əqidəmizi satmarıq"

“Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini: "məgər ədalətli cəmiyyət istəmək, zülmə qarşı mübarizə aparmaq cinayətdir? Hansı qanunda yazılıb bu? "
Arannews- "Müsadirə olunduğu deyilən silah-sursatın bir hissəsi həqiqətən bizdə olsaydı, gedib Qarabağı alardıq", - "Nardaran işi"ndə təqsirləndirilən Elçin Qasımovun sözləridir.
Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi davam edib.
İttihama yatıb yuxuda gördüklərini yazıblar
hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Elçin Qasımov ifadə verib. O, heç bir cinayət törətmədiklərini deyib. Onlara verilən ittihamları şər-böhtan adlandırıb:
""Müsəlman Birliyi" Hərəkatı yaradıldıqdan sonra dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət etdik. Harda görünüb ki, mütəşəkkil cinayətkar birlik yaradasan, sonra da onu rəsmi dövlət qeydiyyatından keçirmək üçün müraciət edəsən. İttihama yatıb yuxuda gördüklərini yazıblar".
Siz kimsiz ki, ədalətli cəmiyyətdən danışırsız?
Elçin Qasımov daha sonra necə həbs edildiyindən danışıb:
"2015-ci il noyabrın 5-də axşam 19-20 radələrində məsciddən evə gəlirdim. Evimin qarşısında mülki geyimli üç polis əməkdaşı dayanmışdı. Onlardan birini tanıyırdım. Həmin tanıdığım polis normal şəkildə, heç bir kobudluq eləmədən "rəis səni görmək istəyir", - dedi. Sakitcə maşına oturdum. Məni bölməyə yox, Sabunçu Rayon Polis İdarəsinə apardılar. İdarəyə çatan kimi 12-14 nəfər üstümə tökülüşüb, döyməyə başladılar. Günahımın nə olduğunu soruşdum. Dedilər, "bizə mane olursan, başlamısınız ki, ədalətli cəmiyyət istəyirik, ədalətli cəmiyyət qurmağa çalışırıq, siz kimsiz ki, ədalətli cəmiyyətdən danışırsız?""
Əlimlə üzümü tutdum ki, heç olmasa gözümü çıxartmasınlar
Elçin Qasımov onunla bölmədə düşmən kimi rəftar edildiyini söyləyib:
"Dedim məgər ədalətli cəmiyyət istəmək, zülmə qarşı mübarizə aparmaq cinayətdir? Hansı qanunda yazılıb bu? Ədalətli cəmiyyət arzusu ancaq zülmkarları narahat edə bilər. İnsanın qəlbində iman nuru varsa, əksinə, o, zülmə qarşı dözümsüz olacaq. Təxminən yarım saat ərzində mənə ağlasığmaz işgəncələr verdilər. Əlimlə üzümü tutdum ki, heç olmasa gözümü çıxartmasınlar. Biz ölərik, amma əqidəmizi satmarıq. Həmin gün polislərdən eşitdiyim təhqirləri burada demək istəmirəm. Bir müstəntiq vardı, hətta Mirmövsüm ağanı da təhqir etdi".
Lerikdə istirahətdən yox, həbsimdən və bunun səbəblərindən danışıram
Bu zaman hakim Mayıl Bayramov Elçin Qasımovun çıxışını dayandırıb. Ondan mahiyyəti üzrə ifadə verməsini istəyib. E. Qasımov isə hakimə "Mən Lerikdə istirahətdən yox, həbsimdən və bunun səbəblərindən danışıram" deyib.
Çıxışına davam edən E. Qasımov tutulandan sonra barəsində inzibati protokol tərtib edildiyini deyib:
"Məni o idarəyə niyə aparmışdılar? Ertəsi gün inzibati protokol tərtib etdilər ki, guya mən məsciddən çıxıb söyüş söymüşəm. Emin Babayev və Yusif adlı polis də məni intizama dəvət edib. Tabe olmamışam deyə, tutub gətiriblər bölməyə. Mənim haqqımda 30 sutka inzibati həbs qərarı çıxarılanda, məhkəmədə hakim Emin Babayevdən üç dəfə soruşdu ki, "sənə müqavimət göstərilib?" Dedi ki yox. Apelyasiya Məhkəməsi də bu 30 sutka həbs qərarını qüvvədə saxladı. Mənim həbsimdən sonra telekanallarda bizə qarşı kampaniya başladı. Bizi "terrorçu" kimi qələmə verirdilər. Yazmağa bir şey tapmayıblar. Mən məsciddə 500 nəfərə namaz qıldırıram. Məsciddən çıxıb söyüş söyməyimə kim inanar?"
İstintaq və məhkəmə proseslərində qanunlar ayaq altına atılıb
Elçin Qasımov Nardarandakı hadisələrdən sonra prokurorluğun onun haqqında 30 sutkalıq həbs qərarından protest verdiklərini bildirib:

"Təsəvvür edin, ayın 27-də verilmiş protestdə hələ noyabrın 28-də dindiriləcək polisin ifadəsinə istinad olunub. Prokurorluq yazır ki, guya mən noyabrın 5-də axşam saat 22.00 radələrində Sabunçu Rayon Polis İdarəsinin qarşısında polis əməkdaşlarına silah və ya silah qismində əşya ilə xəsarət yetirmişəm. İnzibati həbs qərarında yazılıb ki, mən 20 radələrində artıq polis idarəsinə gətirilmişəm. O zaman mən saat 22-də idarənin qarşısında necə ola bilərdim? Bu nə ölkədir, qanunlara qarşı bu nə hörmətsizlikdi? Bizim işimiz üzrə istintaq və məhkəmə proseslərində qanunlar ayaq altına atılıb. Gedib hara şikayət edək? Bir qurum göstərin gedək dərdimizi onlara deyək".

Siz qanunun tərəfində olmalısınız, tərəf tutmalı deyilsiniz
Bu zaman hakim M. Bayramov onun çıxışını dayandırıb və yenə mahiyyəti üzrə ifadə verməsini istəyib. E. Qasımov isə hakimə "Siz hansı partiyanın üzvüsünüz? Axı siz qanunun tərəfində olmalısınız, tərəf tutmalı deyilsiniz" deyib: "Azərbaycanda qanun ayaq altına alınıb. Kim bu qanunsuzluğu həll edəcək?". Mayıl Bayramov isə ona hakimlərə sual vermək olmaz deyib.
Daha sonra ifadəsinə davam edən E. Qasımov bildirib ki, prokurorun protesti əsasında inzibati həbs qərarı ləğv olunub və Sabunçu prokurorluğunda onun barəsində cinayət işi başlanıb:
"Barəmdə üç ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Məni məhkəmədən Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına gətirdilər, orada polis mənə dedi ki, "gözün aydın, Hacı Talehi və Hacı Zülfüqarı öldürmüşük. Dedim ki, hamı öləcək, əsas odu, bu həyatı şərəflə, ləyaqətlə başa vurasan". Oradan da məni Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına gətirdilər. Bizi elə təqdim etmişdilər ki, sanki təcridxanaya Ben Ladeni gətirmişdilər. Təcridxanaya yeni gələnlər karantində saxlanılır. Karantinin də gəzinti sahəsi var. Yeri asfaltdı, üstü də açıqdı. Orada yerə oturacaq bərkidilib. Təsəvvür edin, dekabrda əllərimi oturacağa qandalladılar, gecədən səhərə qədər o vəziyyətdə saxladılar. Həmin o işgəncələr, soyuq nəticəsində səhhətimdə xeyli problemlər yaranıb".

Allah sizin düşündüyünüzdən də böyükdür
Daha sonra "Bandotdel"ə aparıldığını deyən Elçin Qasımov dekabrın 14-dən 24-nə kimi orada hər gün işgəncəyə məruz qaldığını bildirib:

"Məndən Talehin silah payladığını deməyimi istəyirdilər. Dedim, bu qədər insafsız olmayın. Bildirdilər ki, "balaca uşaqlarına yazığın gəlsin və dediyimizi yaz". Dedim, Talehin də uşaqları var, edə bilmərəm. İşgəncə altında məndən ifadə alırdılar. Onu da deyim ki, Allah sizin düşündüyünüzdən də böyükdür. Çünki məndən Talehin əleyhinə ifadə ala bilmədilər. Təkcə evimdən silah çıxması barədə dediklərini etdim. Bunlar gedib bizim evdə guya axtarış aparıblar. Atama bir sənəd göstərib deyiblər ki, axtarış aparmaları barədə icazə sənədidir. Atam da orta təhsilli adamdır. Həmin sənədi imzalayıb. Sən demə atama axtarışdan əvvəl evdən silah çıxması haqqında sənədə imza etdiriblər. Mənə dedilər "biz səni bu qədər döyürük, işgəncə veririk, sən bizim əlimizdə öləcəksən. İttihamı da boynuna almırsan. Əgər belədirsə, o zaman biz sənin atanı həbs edərik və deyərik ki, silahlar ondan tapılıb". Bundan sonra məcbur olub silahlarla bağlı ittihamı qəbul etdim. Daha sonra dedilər ki, sizi Əli Kərimli həbs etdirib. Məndən Əli Kərimli, Milli Şura, Talehin əleyhinə ifadə almaq istəyirdilər. Lakin razı olmadım. "Bandotdel"də mənə "altı nəfəri öldürmüşük, səni də öldürərik", - dedilər. Dedim necə öldürəcəksiniz? Orada əməliyyat olub, deyirsiniz atışma idi. Məni necə öldürə bilərsiniz ki? Dedilər öldürərik və deyərik ki, məhkəməyə aparanda qaçmaq istədi biz də güllələdik".

"Bizim hakimiyyət iddiamız olmayıb"

Daha sonra Elçin Qasımov bildirib ki, başlarına bir iş gəlsə hakimiyyətdən bilsinlər:
"Biz istəyirik Azərbaycan inkişaf etsin, qanunlar işləsin. Qanunvericiliyə qarşı nəsə etməmişik. Etmişiksə gətirin qoyun ortaya. Bu polisləri yığmısınız bura. Vallah onlar da xəcalət çəkirlər. Onlara da əziyyət etməyin. Biz olmayan şeyi deməmişik. Biz demişik qanunun dəyəri yoxdur, rüşvətxorluq var. Bizim hakimiyyət iddiamız olmayıb".
"Paltarlarımızı cırıb bizi lüt şəkildə polis idarəsinə apardılar"
Daha sonra ifadə verən təqsirləndirilən şəxs Ağa-Əli Yəhyayev bildirib ki, tutulandan işgəncəyə məruz qalıb və təzyiq altında ifadə verib: "Noyabrın 5-də həbs olundum. Bundan sonra işgəncəyə məruz qaldıq. Paltarlarımızı cırıb bizi lüt şəkildə polis idarəsinə apardılar. Azərbaycanda görünməmiş haqsızlığı bizə etdilər. Sabunçu rayon Polis İdarəsində bütün yeri bizim bədənimizlə sildilər. Ləyaqəti alçaldan, tərbiyəsiz hərəkətlər etdilər. Bədənimdə elə yer yox idi ki, tok verməsinlər. Kişiliyi olmayan insanlar bizim kişiliyimizə toxunmaq istədilər. Bizə deyirdilər sizi axtalayacağıq. Ermənidən betər alçaqlıq etdilər".
"Ömürlük həbs də versələr yolumuzdan dönən deyilik"
Ağa-Əli Yəhyayev polis bölməsində gördüyü işgəncələrdən danışarkən sual edir: Mənim hörmət etdiyim şəxsə işgəncə verəndə mən nə etməliydim? Durub baxmalıydım? Elçini tutmuşdular, biz də ona görə bölməyə getmişdik. Ömürlük həbs də versələr yolumuzdan dönən deyilik:
"Biz şəhidlərimizlə fəxr edirik. Alçaqlar işgəncə verməklə bizdə nifrət hissi yaratmaq istəyirdilər. Lakin biz heç kimə nifrət etmirik, hətta prokurora da. Bilirik ki, prokuror yaxşı iş tutmur. Biz onlara komanda verənlərə nifrət edirik. Bizim iş icraçılarına nifrətimiz ola bilməz. Hakimiyyət xalqla dindarlar arasında uçurum yaratmaq istəyir. Biz əzilməyə adət etmişik, çətinlik görmüşük. Bu alimlər burada oturmamalı idilər. Biz heç bir cinayət törətməmişik. Bizdə silah olmayıb. Odlu olan bizim danışıqlarımızdır. Taleh Bağırzadənin müraciət kitabçası olmayıb. Bunu müstəntiq Pərviz İbayev də bilir. Bu, onların beyinlərinin məhsuludur. Biz heç bir zaman dövlətçiliyə qarşı çıxmamışıq. Bizə "Bandotdel"də ağ kağızlara qol çəkdirdilər. 5 noyabrda Sabunçu Polis İdarəsinin qarşısında polislər insanları dəyənəklə vururdular. Adamlar heç nə etmirdilər. Polislər onlara hücum edirdilər. "

Məhkəmə prosesi fevralın 3-də davam edəcək.


  • Yazılıb
  • da (də) 2017 Jan 29
  • Göndərən مدير سايت Aran News