Gürcüstanın Birləşmiş Müxalifəti hələ bir neçə gün əvvəldən parlament binasının giriş-çıxışlarını bağlayaraq hakim-partiya deputatlarının içəri daxil olmasına yol verməyəcəyini bəyan etmişdi.
Georgia Servisi/Aran Agentliyi
Müxalifət lideri Levan Qaçeçiladze tərəfdarlarını etiraz aksiyası keçirməyə çağırıb.
Bu gün Gürcüstanın yeni çağırış parlamentinin ilk toplantısı keçiriləcək. Prezident Mixail Saakaşvili bu barədə müvafiq fərmanı ötən gün imzalayıb. Qanunverici orqanın ilk iclasına bütün Gürcüstanın patriarxı 2-ci İliya və diplomatik korpusun nümayəndələri dəvət edilib.
Qeyd edək ki, Gürcüstanda mayın 21-də keçirilmiş parlament seçkisinin nəticəsi olaraq, hakim «Milli Hərəkat» Partiyası, Birləşmiş Müxalifət, «Leyborist» və «Respubilka» Partiyaları, eləcə də «Xristian-Demokrat hərəkatı» ölkənin ali qanunverici orqanında təmsil olunmaq hüququ qazanıb. Hakim partiya parlamentdəki konstitusion çoxluğu, yəni 150 mandatdan 119-nu əldə edib. Birləşmiş Müxalifət 17, leyboristlər və xristian-demokratlar hərəyə 6, respubilkaçılar isə 2 mandatla kifayətlənməli olublar.
Hələ ki, parlamentin işinin boykot edilməsi və ya mandatlardan imtina məsələsində müxalifət sıralarında vahid mövqe yoxdur. Müxalifətin bir hissəsi ali qanunverici orqanda təmsil olunmaq niyyətini açıqlasa da, onlar ilk toplantıya gəlməkdən imtina edir.
Birləşmiş Müxalifətin lideri Levan Qaçeçiladze isə «Müstəqil Kavkaziya» telekanalının efir studiyasına girərək tərəfdarlarına müraciət edib və onları təcili olaraq parlament binasının qarşısında etiraz aksiyasına toplaşmağa çağırıb. Bu zaman ökənin keçmiş prezidenti Eduard Şvernadze elə həmin studiyada müsahibə verirmiş. Levan Qaçeçiladze müxalifətin heç bir qanunsuz əmələ yol verməyəcəyini də bildirib. Artıq gecədən başlayaraq müxalifətin fəal kəsimi parlamentin qarşısında yığışmağa başlayıb. Bununla əlaqədar Tiflis küçələrinə əlavə təhlükəsizlik qüvvələrinin yeridilməsi barədə xəbərlər yayılıb.
Xatırladaq ki, Gürcüstanın Birləşmiş Müxalifəti hələ bir neçə gün əvvəldən parlament binasının giriş-çıxışlarını bağlayaraq hakim-partiya deputatlarının içəri daxil olmasına yol verməyəcəyini bəyan etmişdi. Tiflis meriyası müxalifətin iyunun 8-dən 18-nə kimi parlamentə bitişik meydanda nümayiş keçirməsinə icazə versə də, Birləşmiş Müxalifətin şənbə günü ali qanunverici orqanın qarşısında toplaşmaq icazəsi yoxdur.