İslamçı məhbuslardan təzyiq və işgəncə altında ifadə alirlar.
Arannews- Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrindən sonra saxta və yalnış ithamlar əsasında həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov və digər 11 nəfərin məhkəməsi davam edib.hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən ilahiyyatçı Zülfüqar Mikaylovun vəkili Rüstəm Zülfüqarov, ilahiyyatçı Elman Ağayevin vəkili Akif Əliyev və digərləri vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxslər barəsində cinayət təqibinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, prosesdə əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıblar.
Həmin vəsatətlərə münasibət bildirən təqsirləndirilən şəxslər istintaq zamanı işgəncəyə məruz qaldıqlarını deyiblər. Ruzi İsmayılov, Əli Hüseynov və Ramin Seyfullayev bildiriblər ki, təzyiq və işgəncə altında ifadə veriblər. R.İsmayılov deyib ki, onu telefonla əxlaqsız formada çəkib kontaktında olan şəxslərə göndərməklə və ailəsi ilə hədələyiblər. Digər təqsirləndirilən şəxslər də istintaq zamanı işgəncəyə və təzyiqə məruz qaldıqlarını deyiblər.
Məhkəmə vəkillərin vəsatətlərin təmin etməyib. Əlavə şahidlərin çağırılması ilə bağlı qaldırılan vəsatət baxılmamış saxlanılıb. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı fevralın 13-nə təyin edilib.