Arannews- Amnesty İnternational Nardaran məhbuslarına azadlıq tələb etdi.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Nardaran hadisələrinə görə həs edilənlərin birinci qrupunun – Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin məhkəməsi ilə bağlı bəyanat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmənin hökmü ilə T.Bağırzadə 20, F.Qəhrəmanlı 10, digərləri isə 10-19 il arası (əksəri 14 il yarım olmaqla) həbs cəzasına məhkum edilib.
Amnesty İnternational məhkəmə hökmünü ədalətsiz sayır və həbs olunanları azad etməyə çağırır. Təşkilat bəyan edir ki, işgəncə altında alınan ifadələr sübut kimi qəbul oluna bilməz və həmin şəxslər azad edilməlidir. Azərbaycan höküməti bu şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasını və işgəncə faktlarını araşdırmalı, onları işgəncəyə məruz qoyanlar məsuliyyətə cəlb olunmalıdır.
Amnesti İnternational həmçinin, həbs zamanı verilən işgəncədən sağlamlıqlarını itirən Cahad Babakişizadə, Şamil Abduləliyev və Bəhruz Əsgərovun təcili müalicə olunmasını tələb edir.
Bəyanatda AXCP sədrinin müavini F.Qəhrəmanlının Nardaran hadisəsinə görə həbs olunmasının absurdluğu ayrıca qeyd olunub. “AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd- şərtsiz azad edilməlidir. Çünki o, fikrin ifadə olunması hüququna görə həbs olunub”, – deyə Amnesty İnternational bəyan edib.
Xatırladaq ki, Amnesty İnternational F.Qəhrəmanlını “Vicdan məhbusu” elan edib və bu, təşkilatın deyilən bəyanatında da vurğulanıb.