Necə ki, peyğəmbərin övladına zülm etmişdilər, bizə də elə zülm etdilər. Mən də qiyamətdə bunları danışacam.
Arannews- "Məni “Bandotdel”ə aparandan sonra orada evdə axtarışa icazə sənədini imzalatdırdılar. Orada dedilər yaz ki, silahı Nardaranda zibillikdə tapmısan. Mən də dedim, biz zibillikdə eşələnən adam deyilik. Yazmaqdan imtina edəndə dedilər “gedirik qardaşını da tutaq”. Mən də məcbur olub yazdım".
Bu sözləri təqsirləndirilən Fərhad Muradov deyir. O, “Nardaran işi”nə görə həbs olunan digərləri ilə birgə mühakimə olunur...
Mən o qədər axmaq oldum, şkafın üstünə qumbara qoydum ki, kimsə toxunsa yerə düşüb partlasın?
Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə saxta və yalnış itihamlarla təqsirləndirilən şəxslərdən Fərhad Muradov və İsa İbrahimov ifadə verib.
Fərhad Muradov həbs olunan gündən danışıb: “Mən 8 ildir “Hepatit C” xəstəliyindən əziyyət çəkirəm. Dekabrın 7-də həkimdən gəlib uzanmışdım. Bir də gördüm məni çağırırlar. Bizim həyətdə qardaşımın da evi var və işıq pulu gələndə hansı evin borcu olduğu bilinir. Gördüm işıq pulun gətiriblər və işıq pulun gətirən adamın yanında bir nəfər də var. Həmin adam işıq pulun gətirən adamı məcbur edib ki, məni çağırıb qəbzi mənə versin. Mən də qəbzi alanda gördüm həmin adam diqqətlə mənə baxır. Sonra evə gəlib yenidən uzandım. Bu zaman gördüm başımın üstündə 20 nəfər dayanıb. Onlar məni yataq otağından çıxardılar. Lakin otaqda bir nəfər qaldı. Dedilər: “Evdə axtarış aparmağa gəlmişik”. Sonra yenidən məni yataq otağına apardılar. Gördüm şkafın üstündə bir qara torba var. Açdılar, içində silah var idi. Mənə dedilər: “Bunlar sənindir”. Mən o qədər axmaq oldum, şkafın üstünə qumbara qoydum ki, kimsə toxunsa yerə düşüb partlasın?Axtarış zamanı hal şahidləri də yox idi”.
Fərhad Muradovun sözlərinə görə, “Bandotdel”ə aparandan sonra orada evdə axtarışa icazə sənədini imzalatdırıblar. Sonra onu müstəntiqin yanına aparıblar:
Şikayətim araşdırılmadı
Həbsdə olduğu zaman Baş Prokurorluğa şikayət məktubu göndərdiyini deyən F. Muradov bildirib ki, onun şikayətini araşdırmayıblar:
“Qırmızı Xaç Komitəsinin əməkdaşları vasitəsilə Baş Prokurorluğa şikayət etdim. İki nəfər gəlib mənimlə söhbət etdi. Dedilər ki, bilirik günahın yoxdur, ancaq bu iş belə olmalıdır. Mən yatsam da yuxuma girməzdi ki, bu cür maddələrlə mənə ittiham verərlər. Məni həbs etməyə gələndə evdə olan balaca uşağım qorxub. Hələ də polis görəndə uşaq qorxur. Beş yaşlı uşaq beş ay məndən ötrü ağlayıb. Axırda gözləri zəiflədi, indi eynək taxır”.
Daha sonra sualları cavablandıran F. Muradov deyib ki, T. Bağırzadə ilə münasibətləri olub və onun təşkil etdiyi yığıncaqlarda iştirak edib. O, T.Bağırzadənin əxlaqdan və dindən danışdığını deyib.
Məhkəməni yuxuda görmüşdüm
İclasda ifadə verən İsa İbrahimov isə deyib ki, Nardaran hadisələri zamanı İraqda ziyarətdə olub:
“25 noyabrda Nəcəf şəhərində yuxumda bu məhkəməni axıra kimi görmüşdüm. Hətta sonda neçə il alacağımı da bilirəm. Bir nəfər var, mən ona “dayı” deyirəm. Yuxumda görmüşdüm ki, həmin şəxs hakimin yanında əyləşib. Məhkəməyə gələndə bildim ki, hakimlərdən birinin adı Samir Əliyevdir. Mənim “dayı” dediyim şəxsin adı da Samir Əliyevdir. Allah şahiddir ki, hər şeyi düz danışıram. Yuxumda görmüşdüm ki, evimə 75 polis girib. Mənim evimdə axtarış aparmaq adı ilə gələn polislərin də sayı 75 idi. Lənkəranın keçmiş Polis İdarəsinin rəisi Möhübbəti də yuxumda görmüşdüm. O da həbs üçün gəlmişdi. Ona qarğış edib dedim ki, Allah səni balandan ayırsın. Bir müddət sonra onu işdən çıxardılar, həmin gün də oğlu qəzaya düşüb öldü. Mən hadisələrdən 20 gün sonra ölkəyə gəlmişəm. Yuxumu görəndən sonra bilirdim ki, zindana gedirəm. Bildim ki, Nardaran hadisələrnə görə məni tutacaqlar. Azərbaycana keçdim. Oradan məni tutub “Bandotdel”ə apardılar. Mənim evim Bakı-Astara yolunun üstündədir. Yazıblar ki, evdə silah var. Elə evin yanından keçəndə silahı da götürərdilər. Niyə “Bandotdel”ə aparıb, sonra yenidən qayıdıb evdə axtarış aparırdılar? “Bandotdel”də rəis Seyfulla Əzimov dedi ki, evində silah olması barədə ərizə yaz”.
Həbsdə olan zaman 400 dəfə prezidentə məktub yazmışam
İ.İbrahimov ifadəsində bildirib ki, hərbi xidmət zamanı çavuş rütbəsi olub:
“Mən Qusarda keçirilən Mollaçıyev əməliyyatında iştirak etmişəm, Baş Prokurorluğun inzibati binasının mühafiəsində iştirak etmişəm. Daxili İşlər Nazirliyinin binasında posta çıxmışam. Ramil Usubov mənim yanımdan gəlib keçirdi. Həmin vaxt üzərimdə silah da var idi. Mən terrorçu olsaydım, o zaman nəsə edərdim. Həbsdə olan zaman 400 dəfə prezidentə məktub yazmışam. Mənə dedilər ki, Bakı İstintaq Təcridxanasından prezidentə məktub getmir, hamısın zibil qabına atırıq. Mən başa düşmürəm, məktubu zibil qabına yazmışdım, yoxsa İlham Əliyevə?”
Müaviyə yadıma düşdü
İ.İbrahimov deyir ki, Lənkəranın icra başçısı Taleh Qaraşovun oğlu Seymur mənimlə dost olub:
“Hər zaman deyirdi ki, atam səndən razıdır. Belə çıxır icra başçısı terrorçudan razı olub? İcra başçısı yazıb ki, mən Taleh Bağırzadə və Zülfüqar Mikayılzadə tutulandan sonra məsciddə onları dəstəkləyən çıxışlar etmişəm. Axı həmin vaxt mən Azərbaycanda deyildim. “Bandotdel”də məni Kərim Əlimərdanovun otağına apardılar. Məni görəndə seyfdən başı qotazlı bir çubuq çıxardı. Onu görəndə Müaviyəni yadıma saldım. Mənə dedi: “Qarşımda diz çök!” Mən də dedim ki, Allahdan başqasının qarşısında diz çökmürəm. Başıma o qədər vurdular ki, başım parçalandı. Onun nəticəsidir ki, 27 yaşım var, indi əsa ilə gəzirəm. “Bandotdel”də gecələr olanları danışsam, məni dəli hesab edərsiniz. Necə ki, peyğəmbərin övladına zülm etmişdilər, bizə də elə zülm etdilər. Mən də qiyamətdə bunları danışacam. Məni o qədər döyürdülər ki, qalxıb çarpayıda yatmağa halım olmurdu. Yerdə gödəkcəmin üstündə yatırdım. Bir gecə yuxuda Əbəlfəzl ağanı gördüm. Bədənindən qan axırdı. Dedim, bu nə qandı axır? Dedi: “Sizə edilən zülmlərdir”. Mənə “Bandotdel”də dedilər ki, ifadəyə qol çək. Mən imtina edəndə əl-qolumu bağlayıb, pəncərini açdılar. Dedilər: “Səni atacağıq”. Hərəsi bir tərəfdən tutub yellədilər, sonra pəncərəyə çırpdılar. 422 gündür həbsdəyəm və hər gün göz yaşı tökürəm. Zülm edənləri bağışlamıram. Müstəntiq mənə dedi ki, sənin imzan asandı, özümüz çəkərik. 2014-cü ildə mənim qayınatamı Lənkəran rayon Polis Şöbəsinə çağırmışdılar. Sonra dedilər ki, özün pəncərdən atıb, intihar edib. Həmin vaxt on mindən çox adam polis idarəsinin həyətinə toplaşmışdı. Nəsə başqa fikrim olsaydı, mən ondan istifadə edib edərdim”.