Tarix : 2017 Feb 18
Kod 51256

Azərbaycan hakimiyyəti uzun illərdi etirazçı səsləri boğmaqla məşğuldu

Azərbaycan Respublikasındaki hüquqsuzluğa, korrupsiyaya, saxtakarlığa etiraz edənlər rejimin “qara siyahı”sına düşüb və belə adamları ovlamaq üçün saysız-hesabsız tələlər qurulur.
Arannews- Azərbaycan hakimiyyəti uzun illərdi etirazçı səsləri boğmaqla məşğuldu. Ölkədəki hüquqsuzluğa, korrupsiyaya, saxtakarlığa etiraz edənlər rejimin “qara siyahı”sına düşüb və belə adamları ovlamaq üçün saysız-hesabsız tələlər qurulur. Amma bir qayda olaraq hökumətin bütün addımları bumeranq effekti verir və maskalar cırılır. Uzun illər müxtəlif manevrlərlə dünya və ölkə ictimaiyyətini aldatmaq cəhdləri artıq bəhrə vermir. İndi Azərbaycandakı repressiya, korrupsiya, seçki saxtakarlığı beynəlxalq hesabatlarda öz əksini tapır. Azərbaycanın adı “qeyri-azad ölkələr” siyahısına salınıb.
Amma mövcud hakimiyyət hələ də ümid edir ki, rüsvayçı ssenarilərlə dünya və ölkə ictimaiyyətini çaşdırmaq olar. Ona görə də növbəti “plan”ı həyata keçirdilər və “Nardaran əməliyyatı”nı hazırladılar. Günün 24 saatı rejim telekanalları, hökumətyönlü media, hökumət sözçüləri Nardaranda baş verənləri dövlətə xəyanət kimi dəyərləndirdilər, həbs olunanlara terrorçu damğası vurdular və Azərbaycanda dini təhlükənin olduğunu sübut etməyə çalışdılar. Üstəlik, ümid etdilər ki, mötədil dindarların “soyqırım”ı prosesinə demokratik qüvvələri də calamaq nəticə verəcək. Ona görə də “Nardaran əməliyyatı”nın tərkibinə AXCP sədrinin müavini Fuad Qəhrəmanlını da qatdılar. Heç bir tutarqa tapmayan hökumət, Fuad Qəhrəmanlının “facebook” statuslarından yapışdı. Amma hökumətin bütün planları bir məhəkmə prosesilə darmadağın oldu. Şahid ifadələri, ittiham olunan şəxslərin ortaya qoyduğu faktlar, vəkillərin daşdan keçən arqumentləri Nardaranda baş verənlərin əvvəlcədən yazılmış ssenari olduğunu təsdiqlədi. Üstəlik, mövcud rejimin nə qədər qəddar olduğunu, ölkədə hüquqsuzluğun nə qədər boy atdığını göstərdi.
Son olaraq isə nüfuzlu “Amnesty İnternational” təşkilatının bəyanatı yayıldı və Nardaran məhbuslarının azad edilməsi tələb olundu. Buna qədər isə – həbsindən az sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlını dünyanın bu mötəbər təşkilatını “Vicdan məhbusu” adlandırmışdı. “Amnesty İnternational” təşkilatının bu yaxınlarda yayılan bəyanatı da göstərdi ki, hökumətin ortaya qoyduğu məhsul qəbul edilmədi. Tale Bağırzadədən terrorçu, Fuad Qəhrəmanlıdan dövlət çevrilişinə çağırış edən şəxs obrazı düzəldə bilmədilər.
Azərbaycan hökumətinin mərifətinə bələd olduqlarına görə,dunya ölkələrinin Azərbaycandaki səfirlikləri, beynəlxalq hüquq müdafiə təşkilatları Nardaran məhkəməsini diqqətlə izləyirdilər. Bir-iki məhkəmə prosesini izləmək kifayət etdi ki, ittihmaların qondarma olduğu təsdiqlənsin. Bəli, hökumətin “qabiliyyət”indən dünya xəbərdar idi. Məsəələn, AXCP sədrinin köməkçisini “Gülənçi”, müavinini “İrançı” ittihamıyla tutmaq yalnız Azərbaycan hökumətinin ağlına gələ bilərdi. Bu ağıl onu da kəsdirə bilmədi ki, 100-dən artıq siyasi məhbusun olduğu ölkədə “Nardaran əməliyyatı”nı asan həzm etdirmək mümkün olmayacaq. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının birbaşa “facebook” statuslarına görə həbs edilməsi isə təkcə bu əməliyyat üzrə özünüifşa deyildi, həm də ölkə başçısının “Azərbaycanda söz azadlığı qorunur, internet azadlığı var” kimi bəyanatlarını götürüb yerə çırpmaq idi.
Beləliklə, hökumət hazırladığı “Nardaran təamı”nı nə ölkə əhalisinə, nə də beynəlxalq aləmə yedizdirə bilmədi. Hamı aydın şəkildə gördü ki, bu “təam”a zəhər qatılıb. Hakimiyyətin tolerantlıq təbliğatının yalan olduğu, məhkəmə sisteminin kəndirlə idarə edildiyi, rejimin demokratiyaya nifrəti bir daha təsdiqini tapdı.
Məhbusların həbsinə səbəb mövcud rejimin yaratdığı eybəcərliklərə etiraz etmələridi. Və demokratik dünya da bütün bunları məhz, belə qəbul edir.
Dünya terrorçu və terroru dəstəkləyənlər kimi tanıtmaq istədikləri adamlar indi ölkənin daxilində də, xaricində də bütün demokratik ictimaiyyət tərəfindən qəhrəman kimi tanıyır.
Müxtəsər, böyük ssenarini “ekranlaşdırmaq” mümkün olmadı və “Nardaran əməliyyatı” iflas etdi.


  • Yazılıb
  • da (də) 2017 Feb 18
  • Göndərən مدير سايت Aran News