Arannews- “Haqsızlığa etiraz etdiyimiz üçün buradayıq. Bizə verilən bütün ittihamlar əsassızdır. Bizə olunan zülmlər bütün Azərbaycan xalqına hörmətsizlikdir”, Nardaran hadisələrindən sonra həbs olunan Ramil Əliyevin öz ifadəsində dilə gətirdiyi sözlərdir.O, fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu ifadəni verib. Ramil Əliyev Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov, hərəkatın İdarə Heyətinin üzvləri Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev də daxil, Nardaran işi üzrə 12 nəfərlik qrupun tərkibində mühakimə olunur. Onların işinə Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Fevralın 17-dəki məhkəmə iclasında öncə təqsirləndirilən Seyfəddin Şirvanov ifadə verib. O, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovla uşaqlıqdan dost olduğunu deyib. 2015-ci il noyabrın 26-da Nardarandakı qanlı əməliyyatdan az sonra - dekabrın 8-də ona zəng edərək, 13-cü bölməyə çağırıblar. Zəng eləyən deyib ki, maşın məsələsinə görə gəlməlidir: “Mən də dedim ki, maşınım yoxdur. Yenə də çağırdı ki, “gəl, aydınlaşdıraq”. Getdim, məndən Taleh Bağırzadəni tanıyıb-tanımağımı soruşdu. Uşaqlıqdan dost olduğumuzu dedim. Məni rəisin otağına apardı”.
Müsəlman Birliyi Hərəkatında təbliğat şöbəsinə rəhbərlik etdiyini söyləyən Seyfəddin Şirvanov milli dəyərləri yaydığını bildirib. Onu 13-cü polis bölməsindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Seyfəddin Şirvanov deyir ki, orada onu həyat yoldaşını həbs etməklə hədələyiblər: “Mənə evimdən guya silah çıxması barədə sənədə qol çəkdirmək istədilər. İmzalamaqdan imtina elədim. Dedilər ki, “həyat yoldaşın imzalayıb, əgər sən imtina eləsən, arvadını tutub, silahı onun adına yazacağıq”. Mən də qorxumdan imzaladım. Bir neçə aydan sonra yoldaşımla danışanda soruşdum, dedi ki, gəlib axtarış aparıblar, amma heç nə tapa bilməyiblər. Onda başa düşdüm ki, məni aldadıblar”.
Seyfəddin Şirvanov deyir ki, müstəntiq sonradan onu görəndə halallıq istəyib.
Digər təqsirləndirilən Ramil Əliyev bildirib ki, Nardaran işi üzrə məhkəmələr bütün xalqa onların günahsız olduğunu göstərdi: “Başıma “Bandotdel”də o qədər vurdular ki, axırda huşumu itirdim. Mənim əsəblərim orada pozulub”.
Ramil Əliyev hakimlər heyətinə üz tutaraq deyib: “Sizin üzərinizə böyük məsuliyyət düşür. Qəlbində Allah xofu olan şəxsin bizim işimizə baxmasını istəmirəm. Əgər ailənizi, özünüzü düşünürsünüzsə, bu işə baxmaqdan imtina edin”.
Həbs olunduğu gündən hüquqlarının pozulduğunu deyən Ramil Əliyev onlara işgəncə verənlərin cəzalandırılmamasına etiraz edib: “Bizə edilən zülmlər bütün Azərbaycan xalqına hörmətsizlikdir. Bir cinayətin sübuta yetirilməsi üçün iki nəfərin şahidliyi kifayət edir. 68 nəfər deyir ki, “Bandotdel”də bizə zülm eləyiblər, heç kim əhəmiyyət vermir. Əməliyyatçılar, müstəntiqlər deyirlər ki, yuxarıdan belə tapşırıq verilib”.
Hakim Mayıl Bayramov təqsirləndirilən şəxslərin işgəncə ilə bağlı şikayətlərinin araşdırılması üçün Baş Prokurorluğa müraciət olunacağını deyib.