Arannews- Dağlıq Qarabağdakı ermənilərə adlarını, kimliklərini və özlərini dəyişdirməyi əmr ediblər. Ermənistandan verilən göstərişə görə, fevralın 20-dən sonra onlar artıq "qarabağlı ermənilər" yox, "artsaxlılar" olmalıdırlar. Çünki Xankəndidəki separatçı rejim də özünü "Dağlıq Qarabağ"ı yox, "Artsax"ı idarə edən struktur saymalıdır.Fevralın 20-də Dağlıq Qarabağda ermənilər arasında keçiriləcək "Konstitusiya referendumu" adlı şounun məramı budur.
Rəsmən isə ermənilər deyirlər ki, xeyr, məqsədləri Dağlıq Qarabağdakı idarəetmə sistemini dəyişməkdir.
Sən demə, Dağlıq Qarabağdakı ermənilər özlərini indiyədək "yarıprezident" üsul-idarəli məkanda imiş kimi sayırmışlar və bu prinsip qondarma qurumun 2006-cı ildə qəbul edilmiş vərəq yığınında, yəni "Konstitusiya"sında da təsbit olunub.
İndisə qarabağlı ermənilər qarşılarına iki məqsəd qoyublar: "superprezident" sisteminə keçərək Xankəndidəki "prezident" səlahiyyətlərini artırmaq, habelə Dağlıq Qarabağın adını dəyişərək "Artsax" qoymaq.
Əslində isə Ermənistan rəhbərliyi Azərbaycanın işğal altında olan bölgələrində məskunlaşan, daha doğrusu, məskunlaşdırılan ermənilər arasında İrəvana qarşı hər hansı formada volüntarist, müxalifətçi və ya fərqli düşüncənin olmasını istəmir. "Superprezident" üsul-idarəsini hədəfləyən referendumun başlıca məqsədi də Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində tam avtoritar, xuntanın idarə etdiyi sistemin formalaşdırılmasıdır.
"Artsax" adına gəldikdə isə, ermənilərin iddiaları absurddur.
Ermənistanın bu referendum oyununu sırf toponomika və ya arxeologiya ilə əlaqələndirmək yanlışdır. Ermənilərin məqsədi "Dağlıq Qarabağ" ifadəsini siyasi gündəmdən çıxararaq "Artsax"la əvəzləmək və bununla da ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində tərəf kimi təmsil olunmağa cəhd göstərməkdir.
"Referendum"la bağlı hazırlıqların Almaniyanın Münxen şəhərində keçirilən Təhlükəsizlik Konfransı ərəfəsində başlanması da təsadüfi deyil.
Ermənilərin "Artsax" sevdasının prosedur baxımından idiotizmi həm də ondadır ki, Dağlıq Qarabağın özbaşına, birtərəfli olaraq erməni sənədlərində "Artsax" edilməsi İrəvana və onun Xankəndidəki "cib" separatçılarına sənədləşmədə çətinliklərdən savayı heç nə verməyəcək.
Ermənilər özləri də anlayırlar ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və onun adını dəyişmək yerli ermənilər arasında keçiriləcək hansısa səsvermə vasitəsilə mümkün deyil. İstənilən ölkənin ərazi-inzibati bölgüsünə dəyişikliklər həmin dövlətin ali qanunverici strukturu, yəni parlamenti tərəfindən müzakirə olunmalı, ratifikasiya edilmədir. Üstəlik, Dağlıq Qarabağda istənilən səsvermə, plebissit və ya referendum erməni işğalı nəticəsində yurd-yuvalarını tərk edərək məcburi köçkün olmuş azərbaycanlıların iştirakı olmadan fiksiyadır.
Hazırda Dağlıq Qarabağda yaşayan ermənilər seçici hüquqları və ya haqlarından bəhs edirlərsə, eyni hüquqlarla haqlara həmin ərazinin azərbaycanlı sakinləri də malikdirlər.
Dağlıq Qarabağda keçiriləcək, Azərbaycanlıların iştirak etməyəcəkləri istənilən səsvermə Azərbaycanın Konstitusiyası və mövcud qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğundan fevralın 20-si üçün nəzərdə tutulmuş erməni "referendum"unun heç bir hüquqi qüvvəsi, normativ çəkisi yoxdur.
Bu "referendum" Ermənistan rəhbərliyinin Azərbaycana qarşı yeni təxribatı, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daha bir qəsd, aşkar təhdid və güc tətbiqidir.